MEDİA qəzetlərə maliyyə yardımı ilə bağlı növbəti müsabiqəni elan etdi - Şərtlər

img

25-12-2021 [13:41]


Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək layihəsi elan edib.

Mia.az Agentliyə istinadla bildirir ki, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir:

– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;

– redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.

– Qəzetin müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrəsi müsabiqəyə təqdim edilməlidir.

Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə edə bilərsiniz.

Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin “.pdf” yaxud “.jpeg” versiyasının (skan edilmiş surəti və ya fotoşəkli) “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.

Qiymətləndirmə

Qəzet nömrələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Maliyyə yardımının göstərilməsi:

– Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;

– Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.

Maliyyə yardımından istifadə:

Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Maliyyə yardımına əlavə:

Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur;

Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.

Müraciətlərin qəbulu 07 yanvar 2022-ci il saat 18:00-dək həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR