Moldovadakı Səfirliyinin önündəki bağçada Nizami Gəncəvinin barelyefinin rəsmi açılışı olub - FOTO

img

21-12-2021 [15:04]


Moldova mətbuatı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bir sıra mədəni tədbirləri geniş işıqlandırıb.

Mia.az xəbər verir ki, ölkəmizin Moldovadakı Səfirliyinin önündəki bağçada Nizami Gəncəvinin barelyefinin rəsmi açılışı olub. Tədbirdə mədəniyyət naziri Sergey Prodan, Moldova Yazıçılar Birliyinin sədri, müxtəlif ölkələrin səfirləri, müxtəlif icmaların üzvləri, ziyalılar, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak ediblər.

"O, bu gün bütün bəşəriyyətə məxsusdur. Hələ XII əsrdə qələmə aldığı əsərlərində, kitablarında hamımıza, müasir cəmiyyətə, indiki nəslə həyatın müdrikliyini çatdırmağa çalışıb ki, biz sülh və harmoniya şəraitində yaşayaq, bir-birimizi düzgün anlayaq, təbiətə anlayışla nəcib davranaq. Onun şeirlərində hələ də öyrənə bilərsiniz ki, sevgi sərvətdən, ədəb gücdən dəyərlidir”, - deyə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Diplomat həmçinin vurğulayıb ki, Kişineuda Nizami Gəncəvinin barelyefinin açılışı Azərbaycan və Moldova münasibətləri üçün çox əlamətdar hadisədir.

Daha sonra, Səfirlik və Moldova Milli Kitabxanası iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə “Nizami Gəncəvi irsi mədəniyyətlərarası dialoq kontekstində” adlı mədəni tədbir təşkil ediblər.

Tədbirdə mədəniyyət naziri Sergey Prodan, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Moldova Yazıçılar Birliyinin sədri Teo Kiriak, Nizaminin aforizmlər kitabını tərcümə edən şair İon Hadirko, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Sergey Prodan çıxışında bildirib ki, Nizami Gəncəvi böyük mədəniyyət xadimidir, onun yaradıcılığı dünya ədəbiyyatına təsir göstərir və o, bu gün Azərbaycan Səfirliyinin binasında şairin barelyefinin açılışında böyük məmnuniyyətlə iştirak edib.

Öz növbəsində Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Nizami yaradıcılığının əsrlər boyu nadir mədəni dəyərlər xəzinəsində layiqli yer tutduğunu vurğulayıb. Səfir Azərbaycanın mədəniyyət nazirinin kitabların Moldova Milli Kitabxanasına hədiyyə edilməsinə dair məktubunu tədbir iştirakçılarına oxuyub. Diplomat qeyd edib ki, son illər Moldova-Azərbaycan mədəni əlaqələri geniş şəkildə inkişaf edib. Qüdsi Osmanov onu da bildirib ki, bu il Bakıda, YUNESKO-nun mənzil-qərargahında, Vaşinqtonda, Los-Ancelesdə və s. yubiley tədbirləri, Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş beynəlxalq konqreslər keçirilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR