UEFA Konfrans Liqası: "Qarabağ" "Omoniya" ilə sülh bağladı

img

25-11-2021 [23:40]


"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib. 

Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. "Köhlən atlar" ilk 15 dəqiqədə rəqibini təzyiq altında saxlayıb. Buna baxmayaraq, futbolçular çərçivəyə düşməkdə çətinlik çəkib. Əksərən sol cinahdan hücumlar quran "Qarabağ" rəqibə onların özlərinə aid hissədə pressinq tətbiq edib. 29-cu dəqiqədə Abdullah Zubirin zərbəsi toru yandan silkələyib. 34-cü dəqiqədə Filip Ozobiçin cəhdindən sonra qapıçı Fransis Uzoho topu tutub. 

Qonaqların qapıya doğru ilk zərbəsi 36-cı dəqiqəyə təsadüf edib. Nikolas Panayotu topu qapının üstündən vurub. İki dəqiqə sonra Ozobiçin fərqlənməsinə növbəti dəfə Uzoho icazə verməyib. 40-cı dəqiqədə isə İbrahima Vadji çərçivəyə düşə bilməyib. Əvəzində 43-cü dəqiqədə "Omoniya" hesabı açıb. Toral Bayramov əllə oynadığı üçün danimarkalı baş hakim Morten Krox penalti təyin edib. Mixal Dyuriş Şahruddin Məhəmmədəliyevlə dueldən qalib ayrılıb. İlk hissə bu hesabla başa çatıb. 

İkinci yarı da Azərbaycan klubunun hücumları ilə start götürüb. 48-ci dəqiqədə Ozobiçin fərqlənməsinə növbəti dəfə qolkiper mane olub. Bir dəqiqə sonra komanda istəyinə çatıb və Paris Psaltisin avtoqolundan sonra qarşılaşmada tarazlıq bərpa olunub. 58-ci dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapının yanından keçib. 65-ci dəqiqədə Filip Ozobiç topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb. Ardınca "Omoniya" azlıqda qalıb. Kiko ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə Kevin Medina başla fərqlənməyə yaxın olsa da, topu qapının yanından vurub. 83-cü dəqiqədə Ozobiç çətin vəziyyətdə olmasına rəğmən qapıya zərbə endirib, lakin top qapının üstündən keçib.

88-ci dəqiqədə Patrik Andrade "Qarabağ"ı hesabda önə keçirsə də, 90-cı dəqiqədə Jordi Qomes uzaq məsafədən komandasının ikinci qolunu vurub və qarşılaşma 2:2 hesabı ilə bitib. 

Bu nəticədən sonra xallarınınn sayını 11-ə çatdıran Ağdam təmsilçisi İsveçrə "Bazel"i ilə birlikdə 1-2-ci yerləri bölüşdürür. "Omoniya" isə 3 xalla 3-cü sıradadır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR