"Dərmanlar niyə göndərilmədi?" - Koronavirusa yoluxan jurnalistdən TƏBİB-ə ittihamlar

img

19-11-2021 [14:35]


Xəqani SƏFƏROĞLU

***

COVİD-ə yoluxmuşdum. 20 gündən çoxdur ki, ailəvi müalicə olunurduq. Dostlar nə üçün sosial şəbəkədə olmadığımı soruşur, nigarançılıqlarını bildirirdilər.

Şükür Allaha, sağala bildim.

Çox axmaq, alçaq və məkrli virusdur. Səni hardan “vuracağını” bilə bilmirsən.

Sizə deyim ki, dövlətin dərman yardımı ilə bağlı TƏBİB-in bəh-bəhlə dediklərini görmədim. Yoluxmanın 2 günü sahə həkiminin, TƏBİB-in bununla bağlı addımlarını gözlədim. Heç birindən səs çıxmadı. Nə dərman göndərdilər, nə halımı soruşan oldu.

2-cü günü qızdırmadan məni qara basanda başa düşdüm ki, bir az da belə getsə vəziyyət fəna ola bilər. TƏBİB-dən dərdə dərman olmaz.

Dostumun sayəsində həkim tapdım. Resept üzrə müalicəyə başladıq. Deyim sizə ki, xeyli də pul xərcləməli, dost-qardaşdan borc almalı oldum.

İndi mən sual edirəm: Dövlətin koronavirusla bağlı ayırdığı pulun içində mənim müalicə xərcim niyə tapılmadı? Dərmanlar niyə göndərilmədi? Nə üçün mən cibimdən 2 min manatdan çox pul xərcləməli və borca düşməli idim?

Korona dünyaya və həyata baxışları da dəyişə bilir. Əvvələr o qədər də mühüm saymadığın nəsnələr yeni əhəmiyyət kəsb edib. Fani dünyada ömrün günlərinin qənimət olduğunu başa düşürsən.

Canlı ünsiyyətin heç nəyi əvəz etmədiyinə əmin oldum. Çay stolunda qohum-qardaşla, dost-tanışla canlı söhbəti heç bir virtual şəbəkə əvəz edə bilməz.

Bu çətin günlərdə mənə dəstək olan dostlara təşəkkür edirəm.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR