Eldar Həsənov  yenidən DTX-nin Hospitalına köçürüldü - Vəkildən açıqlama

img

15-10-2021 [16:33]


Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, Eldar Həsənovun səhhətinin pisləşməsinə görə, o, yenidən Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalına stasionara köçürülüb: "Son 20 gündə səhhəti kəskin pisləşmiş, mövcud olan vertiqo, hipertoniya digər xroniki xəstəlikləri irəliləmişdir.

Məhkəmədə dəfələrlə huşunun itirilməsinə görə dəfələrlə fasilə yaranmışdır. Buna görə son dövrdə məhkəmə iclaslarında təcili tibbi yardım maşını və həkim personalı müşaiyyət edirdi. Halı pisləşəndən sonra tibbi yardım göstərilib, yenidən məhkəmə davam etdirilirdi. Məhkəmələr onun bu ağır durumuna baxmayaraq həftədə iki dəfə keçirilirdi və bu da onun səhhətinin kəskin pisləşməsində öz rolunu oynamışdır. Müdafiə tərəfinin bununla bağlı iradları və xahişləri nəzərə alınmamışdır.

Eldar Həsənov ixtisaslaşdırılmış nevrocərrahiyyə xəstəxanasında müalicə almalıdır, bununla bağlı həkim rəyi vardır.

Bununla bağlı onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməlidir".

Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Onun cinayət işi üzər məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR