Lənkəran klubu Region Liqasında iştirak üçün AFFA-ya müraciət edib

img

20-09-2021 [15:55]


"Xan Lənkəran" komandası Region Liqasında iştirak üçün AFFA-ya müraciət edib.

Bu barədə "Report"a yarışın İşçi Qrupunun üzvü Yusif Vəliyev məlumat verib.

O bildirib ki, baxılma mərhələsində olduğu üçün hələlik müraciətin mətni barədə açıqlama verə bilməyəcək: "Komanda qəbul ediləndən sonra tam açıqlamamız olacaq. Hazırda göndərilən müraciətlər dəyərləndirilir və araşdırılır. "Xan Lənkəran" klubu ilə görüş təşkil olunacaq. Ondan sonra ətraflı məlumat verə bilərik. Müəyyən şərtlər var ki, onları yerinə yetirdikdən sonra qəbul ediləcək".

İşçi Qrupunun üzvü Region Liqasında müraciət üçün müddətin artırıldığını da diqqətə çatdırıb: "Müraciət bu gün - sentyabrın 20-də başa çatmalı idi. Hazırda müraciət kifayət qədər olduğu üçün qeydiyyat prosesi davam etdirilir. Yeni qoşulmaq istəyən bütün klublarla görüşlər, danışıqlar davam edir. Onların adlarını açıqlaya bilməyəcəyəm. Qeydiyyat prosesi daha 10 gün davam edəcək".

Vəliyev klubların bəzi öhdəlikləri yerinə yetirməli olduğunu sözlərinə əlavə edib: "Bizim üçün önəmli olan klubların işə peşəkar yanaşmasıdır. Vaxtında qeydiyyat prosesini tamamlamalı və stadion təminatı verməlidirlər ki, hansı arenada oynayacaqlar. Stadion da təmin verməlidir ki, komanda görüşlərini burada keçirəcək. Bundan əlavə, bildiyiniz kimi, hər bir klub səfərlərə çıxacaq. Onların nəqliyyatını təmin edən şirkət və ya qurum olmalıdır. Ev oyunlarının təşkilndə təhlükəsizlik və tibb işləri də mütləq stadionda yer almalıdır".

"Xəzər Lənkəran" Mərkəzi Stadionunun direktoru Höccət Hacıyev "Xan Lənkəran" komandasının ev oyunlarını keçirmək üçün stadionu icarəyə götürdüyünü təsdiqləyib. O bildirib ki, Lənkəran komandası bugünlərdə paytaxt təmsilçisi "Gənclik"lə yoldaşlıq görüşü keçirib. Hacıyev qarşılaşmanı 3 000-dək tamaşaçının izlədiyini vurğulayıb.

Qeyd edək ki, "Xan Lənkəran"ın rəhbərinin Lənkəran Dövlət Dram Teatrının direktor müavini Emin Fərzullayev, sponsorunun isə Rusiyanın paytaxtı Moskvada yaşayan və əslən Lənkəranın Mamusta kəndindən iş adamının olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR