PREZİDENT BU RAYONLARA İCRA BAŞÇISI TƏYİN ETDİ - Yeni başçılar kimlərdir? + FOTO

img

14-09-2021 [13:35]


Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri olub.

O, 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Sonuncu iş yeri isə yuxarıda qeyd etdiyimiz kimi nazirliyin şöbə müdiri vəzifəsi olub.

***

Prezidentin digər sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R. Cəlilov 1963-cü il 13 yanvar tarixində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

Prezident İlham Əliyevin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.

Daha sonra isə Azərbaycan Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin bu ilin sentyabrın 14-də imzaladığı digər sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Ailəlidir, 3 övladı var.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR