Elmar Vəliyevin işi üzrə məhkəmə araşdırması davam edir

img

15-07-2021 [23:18]


Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə araşdırması davam edir.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir.

Sonuncu prosesin nəticəsinə görə, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığını, onun özünü ifadə etmək bacarığını müəyyənləşdirmək üçün o, tibbi ekspertizadan keçiriləcəkdi. Məhkəmənin qəbul etdiyi bu qərar olduqca gözlənilməz qərar olmuşdu və hər kəs işin gedişatının ciddi şəkildə dəyişəcəyini gözləyirdi. Amma dəyişən heç nə olmadı.

Bu gün baş tutan prosesdə ekspertizanın rəyi açıqlanıb. Rəydə yazılıb ki, sabiq icra başçısı hadisələri tam qavraya bilmir, məhkəmədə iştirak etməsi onun vəziyyətinin ağırlaşmasına səbəb ola bilər və s.

Hakim bununla kifayətlənib məhkəmə araşdırmalarını yekunlaşdıranda təqsirləndirilən şəxslər də, vəkillər də etiraz ediblər. Onların sözlərinə görə, məhkəmə istintaqı təzələnəndə ümidləri yaranıb, düşünüblər ki, məhkəmə nəhayət, bu işlə bağlı ətraflı, obyektiv araşdırma aparmaq qərarına gəlib.

“İndi isə başa düşürük ki, hökmdə Elmar Vəliyevin məhkəməyə gəlməməsini əsaslandıra bilmək üçün məhkəmə istintaqını təzələyib, ekspertiza rəyini aldınız, ona görə işi bitirirsiz. Yəni məqsədiniz heç də araşdırma aparmaq deyildi”, - vəkil Vamiq Şükürov belə deyib.

Sabiq icra başçısını öldürmək cəhdində suçlanan Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev deyir ki, Vəliyevin hadisələri qavraya bilməməsi ortaya başqa suallar çıxarır. Məhkəmənin də borcudur ki, o suallara aydınlıq gətirsin: “Məsələn, məhkəmədə zərərçəkmiş qismində Vəliyevi təmsil edən nümayəndə var. Hərəkətlərini qavraya bilməyən Vəliyev ona iş materiallarında olan etibarnaməni necə, hansı şəraitdə verib?”

Hakimlər məhkəmə istintaqının yekunlaşmasına qərar verib. Ardınca çıxış edən prokuror öncəki mövqeyində qaldığını açıqlayıb. Bu isə o deməkdir ki, Yunis Səfərovun ömürlük, digər 9 təqsirləndirilən şəxsin isə 18-20 il azadlıqdan məhrum edilməsini istəyir.

Vəkillərin bir qismi çıxış edərək, məhkəmə araşdırmalarından narazılıqlarını dilə gətiriblər, müvəkkillərinin günahsızlığını vurğulayıblar. Bir neçə vəkil çıxışa hazırlaşmaqdan ötrü vaxt istəyib.

Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib. Digər şəxslər isə özünü təqsirli bilmir.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR