Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb

img

24-06-2021 [16:22]


Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış Şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur.

İyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında saziş imzalanıb və Şuranın ilk iclası keçirilib. İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.

İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası ölkələrimizin işgüzar dairələri arasında səmərəli dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da inkişafı məqsədilə yaradılıb:

“İnanırıq ki, Şurada təmsil olunan iştirakçıların sayı daha da artacaq və bu, Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrinə öz müsbət təsirini göstərəcək. KOBİA dəstək və xidmətləri çərçivəsində yeni əməkdaşlıq platformasının inkişafına, burada təmsil olunan iş adamlarına zəruri dəstəyi göstərəcəkdir”.

Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası kimi əməkdaşlıq platformaları iş adamları arasında səmərəli müzakirələrin aparılması, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi baxımından əlverişlidir. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini, İşgüzar Şuranın yaradılmasının yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, ticarət, investsiya və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR