Hərbi əməkdaşlığımız təhlükəsizliyimizə təminatdır - Direktor “Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən yazır

img

18-06-2021 [20:50]


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində baş tutan möhtəşəm görüşü Azərbaycan xalqı və bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətli bir görüş oldu. İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə və eləcədə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər.

“Şuşa Bəyannaməsi” iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət edəcəkdir.

Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti olacaqdır.

Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.

Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığı danılmazdır.
İki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər. Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

Azərbaycan və Türkiyə Dövlət başçıları bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.

Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər.

Şuşa bəyannaməsində göstərilən önəmli məsələ hər iki ölkənin Təhlükəsizlik Şurası arasında ortaq toplantılarının keçirilməsidir: "Bu isə o deməkdir ki, iki ölkə müdafiə və təhlükəsizlik siyasətini koordinasiya edəcək. Yəni faktiki olaraq, konfederasiya adlandırılmasa belə, bir növ konfederativ münasibətlərin qurulması istiqamətində qurulmuş addımlardır".

Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. 2010-cu ildə iki ölkə rəhbərliyi arasında imzalanan dövlətlərarası müqavilədə bu müddəa öz əksini tapmışdı.

 Bəyənnamədə hərbi tərəfdaşlığın dərinləşdirilməsi kontekstində yaxın perspektivdə tərəfdaşlıq, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, qardaş ölkələr bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Aytən Ağalarova,

Salyan rayon Arbatan kənd tam orta məktəbin direktoru

MİA.AZ


 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR