Azərbaycan və Türkiyə inkubasiya və innovasiya mərkəzlərinin yaradılmasına dair razılığa gəlib

img

18-06-2021 [14:16]


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyində Türkiyə Respublikasının Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə biznes inkubatorlarının birgə fəaliyyət planı müzakirə olunub.

İnnovasiyalar Agentliyindən Mia.az-a verilən məlumata görə, görüşdə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli qurumun fəaliyyəti, yerli və beynəlxalq tərəfdaşlarla mövcud əməkdaşlıq platformaları haqqında təqdimatla çıxış edib.

Həmçinin İnnovasiyalar Agentliyinin "Pirallahı" Yüksək Texnologiyalar Parkının rezidenti olan yerli və türk şirkətlərinin təqdimatı keçirilib. Türk sahibkarlar Azərbaycanda iş mühiti üçün yaradılan əlverişli şərait, xüsusi ilə də İnnovasiyalar Agentliyinin texno-parklarında rezidentlik statusu əldə etməklə 10 il müddətinə əldə etdikləri vergi və gömrük güzəştlərindən məmnunluğu ifadə ediblər.

Daha sonra Agentliyin nəzdində fəaliyyət göstərən "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatoru Camal Ağayev startaplara dəstək inkişaf proqramları haqqında danışaraq yerli və xarici mentorlardan ibarət peşəkar komandanın uğurlu layihələrindən söhbət açıb. "Barama" mərkəzinin 2020-2021-ci illər məzunu olmuş ən uğurlu 6 startap "Ağıllı şəhər"’, maliyyə, ətraf mühit, müdafiə sənayesi, təhsil və sosial sahibkarlıq texnologiyalarına dair layihələrin təqdimatını keçiriblər. Azərbaycanlı startapların təqdimatları türkiyəli mütəxəssislərdə böyük maraq yaradıb və təqdimatlar geniş müzakirələrlə müşayiət olunub.

Türkiyə nümayəndə heyəti İnnovasiyalar Agentliyinin "Pirallahı" Yüksək Texnologiyalar Parkının rezidenti olan şirkətlərin istehsalat sahələrinə baş çəkib və hazır məhsullarla əyani tanış olub.

Görüşün sonunda tərəflər startapların regional bazarlara çıxış imkanlarının dəstəklənməsi istiqamətində birgə "keçid" proqramlarının, mentorluq fəaliyyətinin, inkubasiya və innovasiya mərkəzlərinin yaradılması haqqında razılığa gəliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR