Partiya sədri: "Yeni seçkilərə hazırlaşmaq və..." - "Azərbaycan da məcbur olacaq ki, öz tərəfini seçsin" (MÜSAHİBƏ)

img

16-05-2021 [12:53]


Regionda təhlükəli proseslər müşahidə olunur. Azərbaycan tərəfi Ermənistanla dövlət sərhədlərini nəzarətə almaq məqsədilə addımlar atır. Lakin sərhədlərin müəyyənləşdirilməsinə rəsmən razılıq verən İrəvan səs-küy salaraq, guya Azərbaycanın onun ərazilərinə daxil olması görüntüsü yaradır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir. Rusiya, ABŞ və Avropa diplomatları məsələ ilə bağlı müzakirələr aparır.

Diqqət çəkən məqam həm də odur ki, bu hadisələr Rusiya Xarici İşlər naziri Sergey Lavrovun regiona səfərindən sonraya təsadüf edir.

Mia.az xəbər verir ki, AzPolitika.info bu mövzular ətrafında Azad Demokratlar Partiyasının sədri, beynəlxalq məsələlər üzrə mütəxəssis Sülhəddin Əkbərlə söhbətləşib. 

– Sülhəddin bəy, Lavrovun Bakı səfəri daha çox nə ilə əlaqəli idi və mətbuat üçün açıqlanmayan hansı mövzuların müzakirə olunduğunu ehtimal edirsiniz?

– Hesab edirəm ki, bu səfər həm beynəlxalq, həm regional, həm də lokal aktual məsələlərlə bağlı idi. Təbii ki, burada xüsusi əhəmiyyət təşkil edən bir sıra məsələlər var.

Birincisi, aprelin 26-da Putinlə Makron arasında telefon danışığı olub və belə razılığa gəlinib ki, Dağlıq Qarabağ “münaqişəsinin” tənzimlənməsinə dair birgə təşəbbüslə çıxış etsinlər. Sözsüz ki, Lavrovun həm İrəvan, həm də Bakı səfərində gündəlikdəki mövzulardan biri bu olub. Düşünürəm ki, müəyyən təkliflər irəli sürülüb və tərəflərin mövqeləri öyrənilib.

İkincisi, iyunun 11-13-də “Böyük yeddiliyin” sammiti keçiriləcək. İyunun 14-də isə NATO-nun zirvə görüşü gözlənilir. Həmçinin, Prezident Co Baydenin Avropa Birliyi (AB) rəhbərliyi ilə görüşü olacaq. Nəzərə almaq lazımdır ki, NATO sammiti zamanı Bayden-Ərdoğan görüşü də gözlənilir. ABŞ tərəfi çalışır k, Bayden Avropada olduğu müddətdə Rusiya Prezidenti Putinlə də görüşsün. Bu baxımdan tərəflər öz müttəfiqlərinin mövqelərini aydınlaşdırmaq üçün yoxlama görüşləri aparırlar. Lavrovun səfəri bu mənada beynəlxalq və regional kontekstdə də maraqlı idi. Diqqət etdinizsə, rəsmi açıqlamada göstərildi ki, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin göstərilməsi məsələsi də diqqətə alınıb.

Daha konkret məsələ 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın icrası ilə əlaqədardır. Bununla bağlı Azərbaycan tərəfinin çoxsaylı ciddi irad və tələbləri var. Xüsusilə, “İskəndər-M” raketi ilə bağlı Azərbaycanın ortaya qoyduğu faktlardan sonra bu məsələ xüsusi aktuallıq qazanıb. Başqa sözlə, Azərbaycanın əli güclənib və üçtərəfli bəyanatda yerinə yetirilməyən maddələrin icrası üçün Rusiyanı sıxışdırmağa başlayıb. Diqqət edəndə görürük ki, Lavrov da bu məsələlərə toxundu və Azərbaycanı razı salacaq bəyanatlar verdi.

Şübhəsiz ki, burada həm də 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüşün nəticələri və işin gedişi müzakirə olunub. Söhbət iqtisadi-ticarət əlaqələrindən, kommunikasiya, nəqliyyat yollarının açılmasından gedir. Lavrov bu barədə də Azərbaycanı məmnun edəcək bəyanatlar səsləndirdi. Təbii ki, burada açıqlanmayan məsələlər “İskəndər-M” raketi ilə bağlıdır. Ehtimalım budur ki, Lavrov Azərbaycanın digər tələblərini yerinə yetirməklə çalışıb ki, Bakı bu məsələyə bir daha rəsmi şəkildə qayıtmasın. Ehtimal edirəm ki, Makron və Putinin irəli sürdüyü təşəbbüs və ideyalarla da bağlı müzakirələr olub. Onu da qeyd edim ki, Azərbaycanın dövlət başçısı Lavrovun Bakıya səfər etdiyi gün Naxçıvana gedərək, oradan məlum bəyanatları verdi.

– Sizcə, niyə Prezident Əliyev Naxçıvanda çox sərt bəyanatlarla çıxış etdi?

– Məncə bu, preventiv addım idi. Başqa sözlə, qabaqlayıcı diplomatik-siyasi gediş idi. Mən Əliyevin bu gedişini düzgün hesab edirəm. Lavrovun Bakı səfəri başlamazdan öncə İlham Əliyev çox qəti, aydın və Azərbaycanın milli maraqlarına uyğun mövqe nümayiş etdirdi.

– Bundan sonra da Vladimir Putinlə Prezident Əliyevin arasında telefon danışığı baş tutdu…

– Təsədüfi deyil ki, bu bəyanatdan sonra Rusiya və Azərbaycan Prezidentləri arasında telefon danışığı oldu.

– Siz demək istəyirsiniz ki, Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi bəyanatlar Putinin Bakıya zəng etməsi ilə nəticələndi?

– Ən azı həm də bununla bağlı idi. Ola bilsin onlar narahat olublar ki, İlham Əliyev Sergey Lavrovu qəbul etməyə və ya görüş çox soyuq atmosferdə keçə bilər. Əslində, mənə elə gəlir ki, bu görüş elə soyuq atmosferdə də keçdi. Baxmayaraq ki, diplomatik nəzakət qaydalarına tam əməl olundu.

Mən “Böyük yeddiliyin”, NATO və Baydenin AB liderləri ilə görüşünün vaxtlarını təsadüfən sadalamadım. İyun ayının birinci yarısına qədər Rusiya Azərbaycandan nə qopara bilərsə, qoparmağa, həm də qopardıqlarını sənədlər halına salmağa çalışacaq. Fikrimcə, rəsmi Bakı və Prezident Əliyev bunun fərqindədir. Və çalışılmalıdır ki, iyunun 15-nə qədər Azərbaycan hüquqi öhdəlik yaradan heç bir sənədə imza atmasın.

– Sizcə, söhbət hansı sənədlərdən gedə bilər?

– Ehtimal edirəm ki, Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmağımızla bağlı təzyiqlər var. Eyni zamanda, Azərbaycan ərazisində olan Rusiya sülhməramlılarına hüquqi status verilməsi ilə bağlı istəklər mövcuddur. Sözsüz ki, Azərbaycanın Türkiyə ilə yaxınlaşmasından ciddi narahatlıq var. Nəzərə alın ki, Azərbaycan və Türkiyə arasında azad ticarət sazişinin imzalanması gündəmdədir, həmçinin hərbi ittifaqın yaradılması, Şuşada konsulluğun açılması, türk hərbi qarnizonunun yaradılması məsələləri var. Yəni bunlar Rusiyanı narahat edən çoxsaylı məsələlərdir.

Həmçinin regional və qlobal qarşıdurmalarla bağlı tərəflərdən konkret mövqelər tələb olunur. Bu baxımdan Rusiya çalışır ki, Azərbaycanı da öz təsirində saxlasın. Amma məncə, Azərbaycan da bu prosesləri yaxından izləyir və iyunun sonuna qədər keçiriləcək görüşlərin nəticəsinə əsasən öz mövqeyini müəyyən edəcək. Ən azından buna məcbur qalacağıq. Çünki iyunun sonuna doğru kollektiv qərbin Rusiya və Çinlə bağlı mövqeyi konkretləşəcək. Bu zaman Türkiyə də öz mövqeyini açıq bildirməli olacaq. Ona görə Azərbaycan da məcbur olacaq ki, öz tərəfini seçsin. Burada neytral qalmaq çətin və riskli olacaq.

– Lavrovun İrəvan səfəri zamanı Prezident Putinlə Prezident Ərdoğan arasında telefon danışığı baş tutdu və tərəflər həm də Qarabağ məsələsini müzakirə etdilər. Bu telefon diplomatiyası Lavrovun İrəvanda aparacağı müzakirələrlə nə dərəcədə əlaqəli ola bilərdi?

– Sözsüz ki, bu əlaqələrin Lavrovun İrəvanda apardığı müzakirələrlə bağlılığı vardı. Bir daha qeyd edim ki, Putin və Makron arasında razılaşma var. Ən azından tərəflər formal da olsa birgə təşəbbüslə çıxış edəcəklər. Burada yenidən münaqişə məsələsinin, status iddialarının gündəmə gətirilməsi rəsmi Bakını sərt bəyanatlar verməyə məcbur edib. Çünki Fransa və ABŞ münaqişəni həll edilməmiş sayır və Dağlıq Qarabağa ərazi statusunun verilməsinin tərəfdarıdır.

– Sülhəddin bəy, Rusiya münaqişədə açar rolunu oynayır, sülməramlıları da ərazidədir. Belə olan halda Moskva öz rolunu və təsirini niyə ABŞ və Fransa ilə bölüşməyə razı olaraq özünə rəqiblər yaratmalıdır?

– Əslində, ruslar münaqişənin həllini öz nəzarətində saxlamaqla paralel olaraq, digər həmsədr ölkələrlə işləməkdə maraqlıdır. Həm də nəzərə alın ki, Moskva Minsk Qrupunun canlandırılmasına formal olaraq etiraz edə bilmir. Özünün üzvü olduğu qrupun əleyhinə necə çıxış etsin?

Eyni zamanda ABŞ və kollektiv qərbdən onsuz da ciddi təzyiqlər gəlir. Rusiya bu təzyiqlərin daha da artırılması üçün əlavə səbəb və bəhanə vermək istəmir. Ona görə də münaqişə, status və Minsk Qrupu məsələləri danışıqlarda əsas predmetlərdən biridir. Sözsüz ki, bunu İlham Əliyev də bilir. Putinlə özü müzakirə aparıb, yəqin ki Ərdoğan-Putin müzakirəsindən də məlumatlıdır.

– Sizin fikirlərinizdən belə anlaşılır ki, biz arzu etməsək belə məcburi formada status, inzibati bölgü kimi məsələlər gündəmə daşınır. Bizim belə təzyiqlərə müqavimət göstərmək potensialımız nə qədərdir və hansı addımları atmalıyıq?

– Təzyiqlər var və olacaq. Fikrimcə, bunun qarşısında durmaq üçün ilk növbədə Azərbaycan öz daxili gücünü artırmalıdır. Ümumiyyətlə, strategiyanın iki başlıca ünsürü var. Birincisi, istənilən dövlət öz daxili gücünü artırmalıdır, ikincisi, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmalıdır. Azərbaycan bu iki istiqamətdə əlindən gələni və ilk növbədə özündən asılı olanı etməlidir. Daxildə siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, elmi və digər istiqamətlərdə öz gücünü artırmalıdır. Milli birliyi qoruyub saxlamalı və daha da gücləndirməlidir. Mən zamanında bununla bağlı təkliflərimizi səsləndirmişəm. Demokratiyaya yumşaq keçid edilməli və geniş islahatlar aparılmalıdır. O cümlədən demokratik islahatlar. Ölkədə yeni seçkilərə hazırlaşmaq, milli kadr sistemini gücləndirmək, “beşinci kolon”u təmizləmək lazımdır. Biz ilk olaraq daxildə bu addımları atmalıyıq.

Xaricdə isə Azərbaycan Türkiyə ilə birlikdə hərəkət etməli, Türkiyənin üzvü olduğu kollektiv qərblə birlikdə addımlamalıdır. Onsuz da buna məcbur olacağıq. Məncə, bunun nə vaxt bəyan olunacağını Prezident İlham Əliyev bilir. Çünki bizdən fərqli olaraq, onun əlində kəşfiyyat məlumatları var. O cümlədən dost və tərəfdaş ölkələrdən də məlumatlar əldə edir. Rus ünsürünü balanslaşdırmaq üçün türk ünsürü başda olmaqla müharibədə bizi müdafiə edən güclərlə əlaqələrimizi daha da inkişaf etdirməli, üstəlik, ABŞ, AB və NATO ilə əlaqələri üst səviyyəyə qaldırmalıyıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR