Həsən Əblucun rejissor qızı: "Mən heç vaxt onun ucaldığı zirvəyə çata bilmərəm" - FOTOLAR

img

22-04-2021 [17:36]


Azərbaycanın tanınmış aktyoru və rejissoru, qeyri-adi səsi ilə yaddaşlarda qalan bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun anadan olmasının 79-cu ildönümü tamam olur.

O, sözün əsl mənasında, sənətinin Məcnunu idi. İstər aktyor, istər bədii-qiraət ustası, istər rejissor, istərsə də müəllim kimi...

Tanrı ona elə bir böyük məharət, gözəl bir səs bəxş etmişdi ki, bu təkrarolunmaz səs və deyim tərzi, 
yalnız və yalnız ona məxsus idi. 

Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. 

Həsən Əbluc üslubu daim öz kamilliyi, ustalığı, qeyri-adi səslənişi ilə ürəklərə qəribə bir rahatlıq gətirirdi. Ona görə ki, onun səsləndirdiyi istər poeziya, istərsə də nəsr nümunələrini başqaları nədənsə dinləyicinin daxilinə, varlığına o cür hakim edə bilmirdi. Bu ləngərli, tutarlı, sanballı üslub Həsən Əblucu zaman baxımından çoxlarından fərqləndirirdi. Sağlığında da, ölümündən sonra da...

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olmuşdur. Cənubi Azərbaycanda demokratik hərəkat süquta uğrayandan sonra ailəsi Bakıya köçmüşdür.

Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərmişdir. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olmuşdur. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə vermişdir. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş vermişdir.

Həsən Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləmiş və həm də onun kursunda təhsilini davam etdirmişdir. 
3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunmuşdur. Ona səhnə danışığından Müxlis Cənizadə dərs demişdir. O, Həsən Əblucun gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürmüşdü. 

Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrətmişdir.

Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.

O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi Həsən Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.

Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda biri-birindən maraqlı hekayələr, dram əsərləri yazmışdır.

O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynayıb. 40-a yaxın filmdə çəkilib.
Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi Həsən Əbluca həvalə ediblər. Çünki o, dublyajda da öz möhürünü vurub.

Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.

Azərbaycanın Əməkdar artisti Həsən Əblucun rejissor kimi sonuncu işi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri idi. Rejissor tamaşanı Novruz bayramına kimi təhvil vermək istəyirdi və buna görə gecə-gündüz çalışırdı. Lakin 1994-cü ilin martın 13-də tamaşanın məşqi zamanı ürəktutması nəticəsində halı pisləşib və hüşünü itirən Həsən Əbluc xəstəxanada dünyasını dəyişib. Tamaşa üzərində işi isə qardaşı, kinorejissor Ənvər Əbluc yekunlaşdırmışdır.

Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.

O, cəmi 52 il ömür yaşadı.  Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı bir vaxtda ayrılan Həsən Əbluc yaddaşlarda da öz kamil və ləngərli səsi ilə elə bu yaşda qaldı...

Sənətkarın qardaşı kinorejissor Ənvər Əbluc оnun haqqında “Həsən Əbluc” filmini lentə alıb. Bu Həsən Əbluca bir qardaş sevgisi ilə yanaşı, həm də bir tamaşaçı aşiqliyindən irəli gəlib.

Qızı Elnaz Əblucun xatirələrindən: "Mən həmişə demişəm ki, o, təkcə gözəl ata deyildi, həm də böyük dost idi. 

Atam gülləri çox sevərdi. Və bayramlarda təkcə mənim üçün deyil, məktəbimizn müəllimləri üçün də gül alardı. Bir də, əlbəttə ki, mənim hər ad günümün səhəri gözəl gül dəstəsi ilə başlayardı. Hər yay o, anamla birlikdə məni Moskvaya sanatoriyaya göndərər, daha sonra özü də gələrdi. Məktəbə gedəndə mənim üçün elə dadlı buterbrodlar hazırlayardı ki.... 

Hamı fikirləşərdi ki, onları anam hazırlayır, amma biləndə ki, atam hazırlayıb, təəccüblənərdilər. O, çox diqqətli, həssas, gözəl qardaş, qayğıkeş ailə başçısı və sevən ər, dostların yolunda hər şeyə hazır olan dost idi. Peşəsində isə çox məsuliyyətli idi, səhhətindəki hər hansı problem onu sevimli işindən ayıra bilməzdi.

Atam mənim rejissor olmağımı çox istəyirdi, lakin sağlığında mən bunu istəmirdim. Yalnız onun qəfil ölümündən sonra məndə atamın arzusunu yerinə yetirmək istəyi yarandı. Mən rejissor oldum və qəlbimin dərinliklərinədək bu peşəni sevdim. 

Mən heç vaxt onun ucaldığı zirvəyə çata bilmərəm, lakin məni görəndə və soyadımı eşidəndə insanların atamı böyük hörmətlə yad etmələri xoşdur. Çox heyf ki, o, özünün aktyor və rejissor potensialından sonadək istifadə edə bilmədi...".

Uzaqlarda, bizimçünsə lap bu yaxınlarda bir doğma səs - Möcüzə yaşayır. Bu Həsən Əbluc səsidir. Onun səsinin yaşı ilə ömrünün yaşı bəlkə də üst-üstə düşür. Azı ona görə ki, belə qiraət ustasının səsi heç vaxt qocala, titrəyə, öz təravətini itirə bilməzdi...

ALLAH RƏHMƏT ELƏSİN!

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR