“Yeddi oğul istərəm”in "Kələntər dayı"sı, "Danabaş kəndinin əhvalatları"nın "Novruzəli"siyaxud... - İsmayıl Osmanlı haqda nələr bilirik? (FOTOLAR)

img

11-04-2021 [17:58]


Bu gün Xalq artisti İsmayıl Osmanlının doğum günüdür.

Onu Azərbaycan səhnəsinin "Bəhlul Danəndə"si də adlandırırdılar...

Tamaşaçılar İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə yaxşı tanıyır.

Xalq artisti İSMAYIL OSMANLInın adı gələndə, mütləq  müxtəlif obrazlar silsiləsi yada düşür.
Aktyorun ömür və sənət yollarına çıxmaqla onun keşməkeşli illər yola saldığını bir daha görə bilərik. 

İsmayıl Osman oğlu Osmanlı 1902-ci il aprel ayının 11-də qədim Nuxada (indiki Şəki) kasıb bir ailədə dünyaya göz açıb. On bir yaşında olarkən atası Osmanı itirib və yetimliyin acısını dadıb. Məhz buna görə, mükəmməl təhsil ala bilməyən İsmayıl Şəki İpək Fabrikində, dabbaqxanada... min bir əziyyətli işlərdə çalışıb. Təbiətən çox şux görünən və məşhur Şəki lətifələri söyləməyi xoşlayan İsmayıl özünü daim səhnədə, tamaşaçılar qarşısında təsəvvür edir və bununla o, keçirdiyi əzablı, məşəqqətli günlərin ağrı-acılarını sadəcə yüngülləşdirirdi.

Arzuları çox olsa da, can atdığı və çatmaq istədiyi yalnız səhnəyə çıxmaq idi. Odur ki, 1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli klubunda fəaliyyət göstərən, həvəskar aktyorları bir məram ətrafına toplayan dram dərnəyinə üzv yazılıb. İki ildən sonra Gəncəyə köçüblər və o, altı il buradakı həvəskarlar teatrında çalışıb. Təbii ki, o, burada aktyorluq sənətinin incəliklərinə müəyyən qədər bələd olub və tanınmağa başlayıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alması da məhz tanınması ilə əlaqədar olub. Həvəskar aktyorun Tiflis həyatı çox çəkməyib. Bakıda fəaliyyət göstərən Milli Dram Teatrının truppasına qəbul olan İsmayıl Osmanlı ömrünün və fəaliyyətinin sonuna kimi bu qocaman və akademik sənət ocağında yorulmadan çalışıb.

Aktyorluq sənətinə məhəbbəti və sədaqətli xidməti onu qısa müddət ərzində tamaşaçılara sevdirib. Bir çox sənət fədailərindən fərqli olaraq, İsmayıl Osmanlının obrazlar qalereyası rəngarəngliyi ilə seçilir. O, faciə janrında xarakterik obrazları necə yaradıbsa, dramatik, yaxud komik və yumorlu surətləri də məhz o cür oynayıb: məhəbbət və "nifrət" ünvanına çevrilib.

Yaratdığı obrazlar xarakterlərinə görə bir-birinə bənzəməsə də, onların zahiri görünüşlərində bir eynilik var: ipək yumşaqlığı, həlim, zəif, utancaq, imkansız, əlacsız, kimsəsiz - əli yerdən-göydən üzülən və s. Bu "yetimlər" sanki İsmayıl Osmanlının boyuna və xarakterinə biçilmişdir. Sonralar ustadın rolları təhlil olunarkən teatrşünaslar göstərdilər ki, onun yaratdığı obrazlar və belə deyək, tiplər geyimlərində müxtəlif olsalar da, xaraktercə bir eynilik daşıyırlar. Aktyorun sənətkarlığı bir anın içərisində onların "yazıqlıq" pərdəsinı açıb iç üzünü göstərir.

İsmayıl Osmanlı hərdən səhnənin BƏHLUL DANƏNDƏsi olur, Şəkidə öz baməzəliyi ilə ad çıxarmış məşhur "Hacı dayı"ya da çevrilır. O, obrazdan-obraza başqalaşmağı bacarır və buna görə də müxtəlif xarakterlər yaradırdı. İsmayıl Osmanlının müqtədir sənətkar kimi yaddaşlarda əbədi yaşayacağına əminlik gətirən əsaslar az deyil. Müdrik obrazlar silsiləsi yaradan İsmayıl Osmanlının obrazlar qalereyası o qədər zəngin idi ki, əslində, onun soyadı diqqət cəlb etmirdi. Belə demək mümkünsə, İsmayıl Osmanlı daha çox Kələntər dayı, yaxud Novruzəlisi ilə yadda qalırdı. 

Aktyorun nəinki təkcə istehzası, zarafatı, məzəsi və yaxud rəhmi, onun "zəhmi" belə xəfif, incə, yumşaq təbəssümündə açıq-aşkar hiss olunurdu. Yaratdığı "Danabaş kəndinin əhvalatları"nın Novruzəlisi ilə "Yeddi oğul istərəm"in Kələntər dayısının baxışlarındakı üzüntülər eyni olsa da, onların daxili aləminin kəskin təzadları İsmayıl Osmanlının sənətkarlıq manerası ilə açılır.

Bu ölməz aktyorun mimikaları onun sənətkarlıq maskası idi. Bu maska arxasında təbəssüm də var idi, uf demədən gənc Cəlala tuşlanan güllənin tətiyini çəkən barmaq da.

Tənqidçilər və teatrşünaslar çox haqlı olaraq onun yaradıcılığının iki qütb arasında bölündüyünü qeyd edirlər: birində Kələntər dayı, Novruzəli, Şahbazov, Məşədi Oruc, digərində isə Fəzlullah Nəimi, Əbdül əmi, Kərim Rəhimli... kimi obrazlar dayanır. Yaddaşlı tamaşaçılar unutmayıblar ki, İsmayıl Osmanlı Keçəl Aslan, Fon Hols, Saliko, Şeyx Hadi, Əmrah, Munis, Əliş, Məşədi Cəfər, Mirzə Qərənfil, Xəlil, Qasım, Xaspolad, Mirzə Cavad, Koxa Məmməd, Kələntər dayı, Cəbi kimi obrazları yaratmaq üçün S.Vurğunun "Xanlar", "İnsan", "Vaqif", Ə.Haqverdiyevin "Pəri cadu", H.Cavidin "Şeyx Sənan", "Səyavuş", "Knyaz", C.Məmmədquluzadənin "Ölülər" və digər əsərlərinə müraciət edib. Təbii ki, ölməz sənətkarın oynadığı rollar, yaxud müraciət etdiyi əsərlər yalnız adlarını çəkdiyimiz deyil.

Xüsusən ekran əsərlərində özünü daha çox sınayan xalq artisti İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsalı olan "Bir məhəlləli iki oğlan", "Kəndlilər", "O olmasın, bu olsun", "Yenilməz batalyon", "Ulduzlar sönmür", "Tütək səsi", "26-lar", "Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı yaddaqalan obrazlar müəllifi kimi də tanınır.

Xatirələrdən:

İsmayıl Osmanlını sadə, istiqanlı, xüsusilə, gənclərə böyük hörmət bəsləyən duzlu yumoru olan insan olub. Gənclər də ona çox böyük hörmət edirmişlər. Və onu hər zaman İsmayıl dayı deyə çağırırmışlar.

“Yeddi oğul istərəm” filmində Cəlal obrazını yaradan aktyor Ənvər Həsənov nəql edir ki, “Yeddi oğul istərəm” filmində epizodların birində Kələntər dayı obrazını ifa edən İsmayıl Osmanlıya şillə vurmalı imiş. Lakin həyəcandan və ağsaqqal aktyora qarşı olan hörmətdən bunu edə bilmirmş. Bir neçə dubldan sonra İsmayıl müəllim Ənvəri bir kənara çəkib ona deyir. “Ay Ənvər, bilirəm, məni çox istəyirsən, mənə məhəbbətin var, yaşlı adamam. Ancaq belə olmaz. Sən mənə o şilləni gərək elə çəkəsən ki, mən onu hiss edim. Biz burda kinoya çəilirik. Sən məni zəif vursan, mən də rolumu zəif ifa edəcəm”.

Yalnız bundan sonra Ənvər ona möhkəm şillə vura bilir. Lakin sonradan Ənvərin və digər gənc aktyorların istəyi ilə rejissor Tofiq Tağızadə həmin kadrı filmdən çıxarır. İsmayıl Osmanlı bunu eşidəndə, narazılığını bildirir. O kadrın çıxmarılması ilə Cəlalın ölüm səhnəsinin təsir gücünün azaldacağını deyir.

Xalq artisti Rafiq Əzimovun sözlərinə görə, bir dəfə teatrda olan zaman o, İsmayıl dayının öz qrim otağında bərk əsəbləşdiyini, öz-özünə deyindiyini eşidir. Bunun səbəbini xəbər alanda, İsmayı Osmanlı deyir ki, "mənim başıma gör nə oyun açıblar. Kələntər dayı obrazına görə tamaşaçılar, camaat mənə təhqir dolu məktublar yazırlar".

Aktyor Ənvər Həsənov isə həmin məqamı belə xatırlayır: “İsmayıl dayı məni gördü. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqlayıb dedi: Ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim ki, o obrazı yaratdım. Mən tamaşaçıların əlindən küçəyə çıxa bilmirəm”.

Lakin sonralar hər şey unudulur. Amma sənət aləmi və aktyorun özü də Kələntər obrazının kino tarixində özünəməxsus yeri olmasını anlayır.

İsmayıl Osmanlının işıqlı ömür yolu sonrakı aktyorlar nəsli üçün örnəyə çevrildi. 

İsmayıl Osmanlının teatrda son işi Nodar Dumbadzenin “Darıxma, ana” pyesindəki "İsidor Cakeli" obrazı olub. 

O, təkcə sevimli tamaşaçılarının məhəbbətini qazanmadı. Teatr və kino sahəsində göstərdiyi xidmətə görə dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkarlardan biri kimi tanındı. 

İsmayıl Osmanlı 1940-cı ildə Respublikanın Əməkdar artisti, 1949-cu ildə Xalq artisti fəxri adıarına ayiq görülüb. 

1974-cü ildən isə keçmiş SSRİ-nin Xalq artisti fəxri adını daşıyan İsmayıl Osmanlı 22 iyun 1978-ci il tarixdə vəfat edib.

Məzarı Fəxri xiyabandadır.

Allah rəhmət eləsin!

Nurlanə Əliyeva,

Mia.az

img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR