"Qaçaq Nəbi"nin Həcəri, "Fərhad və Şirin"in Şirini... -  Əməkdar artist Ətayə Əliyeva kim olub? + FOTOLAR

img

06-04-2021 [21:55]


Azərbaycan teatr və kino aktrisası, əməkdar artist Ətayə Əliyevanın xatirə günüdür

Xatırladaq ki, Ətayə Qulam qızı Əliyeva 2 may 1920-ci ildə Poltoratskda (hazırkı Aşqabad) sənətkar ailəsində doğulmuş, səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlamışdır.

Bakı Teatr Texnikumunda ixtisas təhsili almışdır.

1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvandakı Azərbaycan teatrına gedir və on il bu teatrda işləyir. İrəvan teatrında gənc aktrisa həm milli,həm də çevrim əsərlərinin tamaşasında onlarla maraqlı səhnə obrazları yaradır.

Afaq (Nizami), Həcər (Qaçaq Nəbi) Şirin (Fərhad və Şirin).İnci (Xoşbəxtlər),Süsən (Namus), Cəvahir (Cinli), Jenya (Bizim şəhərli oğlan) və başqaları Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli, müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir.

1948-1949-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə. Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda o, İradə (Göz həkimi), Səadət (Bahar suları), Bənövşə (Nişanlı qız) kimi yadda qalan obrazlar yaradır. Ətayə xanımın səhnə fəaliyyəti C. Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya,Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olmuşdur.

1956-cı ildə Ətayə xanım yenidən M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır, klassik və müasir Azərbaycan dramaturqlarının,eləcə də tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir. Pəri (Pəri Cadu),Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdəki yaradıcılıq naliyyətləridir.

Ə. Əliyeva radio və televiziya verilişlərində, kinoda həvəslə çıxış edir. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?" (leytenant Qarayeva), "Bizim küçə" (Bəyim xala), "Dağlarda döyüş" (ana), "Telefonçu qız" (Simuzər), "Uşaqlığın son gecəsi" (Mənsurə) və bir çox başqa filmlərin və televiziya tamaşalarının müvəffəqiyyətində Ətayə xanımın əməyi olmuşdur.

Ətayə Əliyeva rejissorlar Ramiz Həsənoğlunun və Rauf Süleymanın anasıdır.

Ətayə Əliyeva 29 iyun 1964-cü ildə Azərbaycan SSR Əməkdar artisti" fəxri adına layiq görülüb.

Nurlanə Əliyeva,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub