Məşhur iş adamının bacısı oğlunun restoranında toy yarımçıq saxlanıldı, inzibatçı həbs olundu - Təfərrüat + VİDEO

img

05-04-2021 [16:25]


Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitar-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 85 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Toy sahibləri (qudalar), mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsində araşdırmalar aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış materiallar isə Nizami Rayon Məhkəməsinə göndəriləcəkdir.

İlkin araşdırma zamanı müəyyən olunub ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədov aktiv koronavirus infeksiyasının daşıyıcısıdır.

Mia.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, toy mərasimi "Neolit" restoranında olub.

Xatırladaq ki, adıçəkilən restoran hazırda həbsdə oan sabiq səfir Eldar Həsənovun qudası, iş adamı Rabil Hüseynovun bacısı oğlu Yaşar Məlikova məxsusdur.

Bəzi iddialara görə, həmin restorana sonradan sabiq icra başçılarından biri şərik olub.

Onu da qeyd edək ki, bu restoranın adı zaman-zaman qalmaqalı məsələlərdə hallanıb. Hətta illər əvvəl "Neolit"də Yaşar Məlikovun dayıs oğlu silahdan atəş açdığı üçün saxlanılmışdı...

***

Bir neçə gün öncə "Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami RPİ-25-ci Polis Şöbəsinin tərtib etdiyi protokola aprelin 3-də rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb.

İnzibatçı Qarayev Fuad Hafiz oğlu "Neolit” şadlıq sarayında toy mərasiminin keçirilməsinə şərait yaradaraq xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib.

O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə ittiham edilib.

Məhkəmə iclasında sahə inspektoru, polis kapitanı P.Cavadov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən F.Qarayev barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. Fuad Qarayev "Neolit” şadlıq sarayında inzibatçı vəzifəsində işlədiyini təsdiqləyib.

F.Qarayev bildirib ki, həmin toy mərasiminin təşkil olunması barədə danışıqları o aparmayıb: "O toyu bizim restoranda işləyən başqa inzibatçı danışmışdı. Mərasim keçirilən zaman polis əməkdaşları gəldilər. Həmin gün də restoranda rəhbərlikdən heç kim yox idi. Məni bölməyə aparıb protokol yazdılar”.

Hakimin qərarı ilə inzibatçı Fuad Qarayev 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bundan başqa, "Neolit”in rəsmi rəhbərliyində təmsil edilən 2 nəfər də hərəsi 4 min manat cərimə edilib.

Mia.Az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR