QURUDA RUSİYA, HAVADA NATO ÜSTÜNDÜR – “NATO aviasiyası bir neçə günə Rusiya ordusunun böyük hissəsini dağıda bilər”

img

01-04-2021 [11:45]


Rusiya Baltik dənizi rayonundakı quru ərazisində öz hərbi üstünlüyünü əvvəlkitək saxlayır. Amma bəzi məsələlərdə Qərb ölkələri irəlidədir, həm də qüvvələr nisbəti baxımından Rusiyanın üstünlüyü ildən-ilə azalır.

2016-cı ildə “RAND Corporation” (RAND- Research and Development) strateji araşdırma mərkəzinin hazırladığı məruzə siyasi və hərbi ekspertlərin diqqətini cəlb etmişdi. Bu məruzədə qeyd olunan modelləşdirilmiş müharibənin gedişinə əsasən, Rusiya qoşunları hücum edərək, Baltik ölkələrinin silahlı birləşmələrini bir neçə gün ərzində darmadağın edirdi. Qərbin orada yerləşdirilmiş azsaylı gücləri isə bunun qarşılığında heç nə edə bilmirdi.

Hazırda sözügedən müharibənin yeni ssenarisi irəli sürülür. İsveçin “Müdafiə Təhqiqatları İnstitutu”nun (FOI-Forskningsinstitut) tərtib etdiyi məruzədə məhz həmin yeni modelləşdirmədən bəhs edilir. Oradakı simulyasiya göstərir ki, sözügedən ərazidə qarşıdurma baş verəcəyi halda Rusiya və NATO-nun qüvvələr nisbəti demək olar ki, bərabər olacaq.

Təhqiqatın müəlliflərindən biri olan Krister Pallin deyib: “Əgər Pribaltikadakı əməliyyata baxsaq, onda rusların öncə quruda daha üstün olacağını görərək. Onlar bu üstünlükdən “RAND”-ın nəzərdə tutduğu modeldəki kimi kifayət qədər sürətlə istifadə etməyi bacarsalar, əlbəttə ki, nəticə “RAND” analitiklərinin dediyi kimi olacaq. Amma Baltik dənizi rayonundakı silahlı güclərin möhkəmləndiriməsinə diqqətlə yanaşılsa, lazımi silah-sursatın əvvəldən hazırlanması və dəstək əməliyyatı üzərində hərtərəfli çalışılsa, alyanısın şansı əhəmiyyətli dərəcədə yüksələcək”.

Yüksək döyüş hazırlığı

Ümumiyyətlə, NATO-nun bütövlükdə hərbi resursu Rusiyanın hərbi imkanlarını radikal şəkildə üstələyir. Təkcə ABŞ müdafiəyə Rusiyadan yeddi dəfə, NATO-nun qalan üzvləri (Amerikasız) isə üç dəfə artıq pul xərcləyirlər. Amma Şərqi Avropanı götürüb ümumi alyansdan təcrid etsək, sözsüz ki, bu zaman Rusiya üstünlük qazanmış olacaq.

“Müdafiə Təhqiqatları İnstitutu”nun hesablamalarına görə, Rusiya bir həftə ərzində Şimali Avropaya 51-dən 68-ə kimi mexanikləşdirilmiş batalyon yollaya biləcəyi halda, NATO cəmi 29-dan 43-ə qədər bu cür batalyonlar cəlb edə bilər. Rusiyanın aşağıdakı digər üstünlükləri də var:

- Ağır və yüksək atəş qabiliyyətinə malik silahlarla təchiz olunmuş böyük quru qüvvələri.

- Çoxsaylı artilleriya, Hava Hücumundan Müdafiə sistemləri və radioelektron mübarizə vasitələri.

- Rusların qüvvələri sərhədlərinə yaxın yerləşdiyindən onların arxadan dəstək almaları asandır.

Dəyərləndirmələrə görə, Rusiya ilə müqayisədə alyansın yüksək intensivli münaqişə üçün yaxşı hazırlıq görmüş və tam təchiz olunmuş hərbi birləşmələrinin sayı azdır. Eyni zamanda, onların işi pis koordinasiya edilib, çünki bu qüvvələr müxtəlif ölkələrdə yerləşirlər və ayrı-ayrı komandanlıqlara tabedirlər.

Amma NATO-nun əlində güclü kart var. Alyans dənizdə və havada üstünlüyə malikdir. Yerüstü qüvvələrdən fərqli olaraq, təyyarələr bir neçə ölkədən eyni anda sürətlə havaya qalxa bilərlər. Qərbin ümumi atəş gücünün 80%-ə qədəri Hərbi Hava Qüvvələrinin payına düşür. “Müdafiə Təhqiqatları İnstitutu” qeyd edir ki, NATO-nun hücum aviasiyası bir neçə gün ərzində Ural dağlarının qərbinə qədər olan Rusiya ordusunun böyük hissəsini dağıda bilər.

Amma unutmayaq ki, Rusiyanın arsenalında xeyli sayda Hava Hücumundan Müdafiə kompleksləri var. Ona görə də NATO-nun havada tam üstünlük əldə etməsi üçün öncə bu sistemlər məhv edilməldir.

Həddindən artıq şişirtməyə dəyməz...

“Müdafiə Təhqiqatları İnstitutu”nun məruzəsində deyilir: “Əlbəttə ki, Rusiya tərəfdən gələ biləcək hərbi təhlükə ciddidir, lakin onu həddindən artıq şişirtməyə dəyməz. Ən böyük problem Rusiyanın alyans üzvlərinin bəzilərinə yaxın məsafədə yerləşməsidir. Rusiya silahlı qüvvələrinin döyüş hazırlığı yüksəkdir və bu ölkə təcavüzə meyllidir. Ancaq onun üzunmüddətli müharibə aparmaq imkanı məhddudur”.

Bəlkə də ən təhlükəli dövr indi və yaxın iki-üç ildir. Sonra Qərb tərəfindən planlaşdırılan yenidən silahlanma effekti özünü büruzə verəcək.

Krister Pallin bildirib: “Əlbəttə, NATO əvvəlkitək ABŞ-dan asılıdır. Avropanın Polşa, Böyük Britaniya və Almaniya kimi iri dövlətlərinin kifayət qədər böyük silahlı gücləri var, amma onlar pis vəziyyətdədirlər. Vəziyyətin düzəldilməsilə bağlı indiki planların əksəriyyəti yalnız on ildən sonra reallaşacaq. 2033-cü ildə yekunlaşması nəzərdə tutlan planın isə həmin vaxt artıq əhəmiyyəti qalmayacaq”.

“Aftonbladet” – İsveç

Tərcümə: “AzPolitika.info”


Digər xəbərlər
SON XƏBƏRLƏR