Azərbaycan tarixən  birgə yaşayiş modelinin universal nümunəsi olub” - Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

img

05-03-2021 [11:51]


"Ulu öndər Heydər Əliyev deyirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Buna görə də Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmır, dövlətin hüquqlu vətəndaşları olaraq sülh şəraitində yaşayırlar", 

“Azərbaycan əsrlər boyu etnik, milli, dini baxımdan müxtəlif xalqların bir yerdə qarşılıqlı anlaşma şəraitində yaşadığı, xalqların bir-birinin dəyərlərinə, adət-ənənələrinə, mənəvi-psixoloji fərqliliklərinə hörmətlə yanaşdığı bir yer olmuşdur. Məhz bu harmoniyanın nəticəsidir ki, bu gün etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətən uğrunda gedən müharibədə birlik, həmrəylik nümayiş etdirdi. Eləcə onu demək kifayətdir ki,   44 günlük Vətən müharibəsi zamanı gənclərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlar bu gerçəkliyi növbəti dəfə təsdiqlədi. Şanlı qələbəmizlə başa çatan Vətən müharibəsi göstərdi ki, Azərbaycanda xalqa, dövlətə, torpağa bağlı olan gənclər formalaşıb. Onlar üçrəngli bayrağımızı başları üzərinə qaldıraraq döyüşlərə doğma Vətənimiz naminə atılırdılar. 
Azərbaycan xalqı öz qəhrəman  oğullarını heç zaman unutmayacaq. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir, ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır" sözləri hər zaman olduğu kimi bu gün də aktualdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın tanınmış telekanalarına və mətbuat qurumlarına verdiyi müsahibələrdə beynəlxalq ictimaiyyətə Qarabağın və münaqişənin tarixi, münaqişənin həllinin beynəlxalq hüquqi bazası və Azərbaycanın apardığı azadetmə əməliyyatlarının gedişi haqqında həqiqətləri çatdırmaqla bərabər, həm də Azərbaycanın tolerant, multikultural ənənələrə əsaslanan ölkə olduğunu və milli-dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin Azərbaycanda dinc yanaşı yaşadığını faktlarla dünyaya çatdırdı.
Cənab Prezidentin bu sözləri bu fikirləri bir daha təsdiq edir: “Ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda da birlikdə yaşaya bilərlər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaq”.

Xəyalə Veyisova – YAP Zərdab rayon təşkilatının qadınlar şurasının sədri

Bir dövlət olaraq sülh bizim istəyimizdir

Biz bu gün  cəmiyyətimiz üçün, xalqımız üçün müsbət dəyişikliklərə şahid olmaq istəyiriksə, bu yolda töhfə verən hər bir layihənin dəstəkləməli və çalışmalıyıq. Sülh bəşəriyyət üçün, cəmiyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlıqdır, dinc yaşayışa çağırışdır. Bu gün Azərbaycan dünyaya bu miqyasdan baxır. Gedən proseslər, keçirilən görüşlər bunu bir daha sübut edir. Ermənistan cəmiyyəti hal-hazırda birgəyaşayış prinsipinə çox fərqli yanaşır. Çünki onlar hələ məğlubiyyət şokundan çıxa bilməmişlər. Bir dövlət olaraq sülh bizim istəyimizdir. Bu gün atılan addımlar öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlının həmin torpaqlara qayıtmaq arzusudur. Sabitlik olmadan, sülh olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ölkələrin beynəlxalq aləmdə rolunun, mədəniyyətlərin qarşılıqlı möhkəmlənməsinə gətirib çıxarır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Davamlı sülh regionun inkişafını təmin edən əsas amildir.

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev demişdir “Davamlı sülhə nail olmaq qarşımızda duran prioritet  vəzifədir”. Biz münaqişənin hərb yolla həll etmək istəsəydik 30 il gözləməzdik. Bu illər ərzində çox danışıqlar aparıldı ki, regionda sülh bərqərar edilsin, lakin Ermənistan rəhbərliyi hər danışıqlarda sülhdən boyun qaçırır və davamlı olaraq Azərbaycan sərhədində təxribat törədirdi. Azərbaycan ordusu hər zaman Ermənistanın təxribatına adekvat cavab vermişdir. Cənab İlham Əliyev bildirib ki, yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə sülhə nail olmaq olar. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır. İmzalanmış bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq. Azərbaycan-Türkiyə qardaşlığı da 44 günlük Vətən müharibəsində özünü bir daha sübuta yetirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir.
Dünya tarixi həqiqətləri bilməlidir .Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Azərbaycan bu müharibədə tarixi qələbə qazanıb, işğalçıları torpaqlarımızdan qovub. Dövlət başçımızın siyasəti nəticəsində  regionun ən nüfuzlu və sülhü bərqərar edən ölkəsinə çevrilmişik.

Aqil Məmmədov – gənc müəllim

Davamlı sülh regionun inkişafını təmin edən əsas amildir

Davamlı sülhə nail olunması üçün düşmənçilik aradan götürülməli, inteqrasiyaya başlanmalıdır. Üçtərəfli qaydada 10 noyabr 2020-ci ildə imzalanmış bəyanat davamlı sülh üçün zəmin yaradır. Bir şərtlə ki, bəyanatı imzalamış hər üç tərəf bəyanata sadiqlik nümayiş etdirməlidir ki, regionda sülh təmin olunsun. Azərbaycan daim öz sözünə sadiqliyini nümayiş etdirmiş və bundan sonra da nümayiş etdiriləcəkdir. Azərbaycan daim regionda sülhün təminatçısı olacaqdır. Bu reallıqların formalaşması əlbəttə ki, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi məqsədyönlü xarici siyasətinin nəticəsində və möhtərəm dövlət başçımızın yenilməz siyasi iradəsinin sayəsində mümkün oldu. Eyni zamanda da Azərbaycan – Türkiyə tərəfdaşlığı və sarsılmaz dostluğu bu yeni reallıqların bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı. Bu gün isə bu tərəfdaşlıq regionda artıq sadəcə sülhün və təhlükəsizliyin deyil, eyni zamanda da region ölkələri və qonşu dövlətlərin iştirakı ilə gələcəkdə həyata keçiriləcək yeni birgə layihələrin təhlükəsizlik təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir.

Rafiq Məmmədov – Ziyalı, ağsaqqal

Birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün ölkəmiz iqtisadi ,siyasi, mədəni sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da genişləndi və ən əsası İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan dövləti öz zəfər himnini çaldı. Qarabağ zəfərinin ardınca imzalanan üçtərəfli  bəyannaməyə əsasən birgəyaşayış üçün həm də üçtərəfli əməkdaşlıq etməliyik. Ermənistan tərəfi bunun xeyrini digər tərəflərdən daha çox anlamalıdır. Çünki yalnız sülh və razılıq onları düşdüyü vəziyyətdən   xilas edə bilər. İlham Əliyevin fikrincə Zəngəzur dəhlizinin yaradılması, nəqliyyatın bərpası, kommunikasiyaların bərpası bütün maneələrin aradan qaldırılmasına gətirib çıxaracaq. Prezidentimizin tarixi torpaqlarımızda yenidən bərpa işlərinin aparılması üçün həyata keçirdiyi bütün tədbirlər onun əzminin, qətiyyətinin, siyasi iradəsinin sübutu oldu. Prezidentimizin dayanıqlı sülh üçün apardığı işləri bəyənir və hər birimiz bu siyasəti dəstəkləyirik. Xalqı dəmir yumruq kimi birləşdirən Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük“ şuarı xalqımızın qalib ruhunun güzgüsüdür.

Elvin Xəlilov –Vətən müharibəsi iştirakçısı


Birgəyaşayış prinsipi dayanıqlı inkişaf üçün əsas yaradır

Ölkədəki vəziyyəti sabit saxlamaq, davamlı inkişafı nəzarət altında tutmaq,  dayanıqlı inkişafı təmin etmək üçün müxtəlif   prinsiplər əsas tutulur. Azərbaycan  44 günlük müharibədə  təkcə Ermənistana deyil, bütün  dünyaya  həm ölkədə dövlətçilik prinsiplərinin, həm də sülhün tərəfdarı olan bir ölkə olduğunu göstərdi. Müharibənin başladığı ilk gündən Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə müraciət edərək bildirdi ki, ordularını geri çəksələr, ərazidə birgəyaşayış  təmin olunacaq. Hazırda isə İlham Əliyev ilk günkü fikrinin üstündə duraraq əsas prinsip kimi birgəyaşayış prinsipini rəhbər tutur. Hazırda əsas tutulan prinsip birgəyaşayış prinsipidir. Prinsipin baçlıca məqsədi isə sülh şəraitində yaşamanı tam şəkildə təmin etməkdir. Müharibənin bitməsinin qısa bir zaman kəsiyini əhatə etməsinə baxmayaraq, ilk gündən  davamlı sülhün təmin edilməsi yolunda gedən danışıqlar hələ davam etməkdədir.   Sülhün bağlanması müharibə riskinin sıfıra enməsi deməkdir. Hal-hazırda hər iki dövlətin rəsmi  şəxsləri  sülhlə bağlı danışıqlara davam edir. Müharibənin son günündən davam edən bu danışıqlar artıq öz təsirini  göstərməyə başlamışdır. Və bütün danışıqlar birgəyaşayışı əsas tutmaqda dayanıqlı inkişafı təmin etmək məqsədi daşıyır.

Xətai Novruzov – Vətən müharibəsi iştirakçısı


Azərbaycan tarixən birgə yaşayış 
modelinin universal nümunəsi olmuşdur

Azərbaycan xalqı heç zaman heç bir xalqı özünə düşmən bilməyib. Təsadüfi deyil ki, bu gün respublikamızda neçə-neçə millətin təmsilçiləri sülh və əmin-amanlıq şəraitində, qardaş kimi mehriban yaşayırlar. Elə bu gün minlərlə erməni də Azərbaycanda yaşayır və heç bir dini, siyasi, etnik, mədəni və s. problemlərlə rastlaşmırlar.
Dövlətimizin başçısı cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi var. Axı, cəmi 35-40 il qabaq hətta Ermənistanda da azərbaycanlılar və ermənilər sülh içində, söz-söhbətsiz, münaqişəsiz, dedi-qodusuz yaşayır, dostluq edirdilər. Gürcüstanın bəzi kəndlərində bu gün də azərbaycanlılar və ermənilər qonşu olaraq sülh və əmin-amanlıq içində yaşayırlar. Tolerant xalq kimi biz hər zaman bütün dinlərə, dillərə, adət-ənənələrə hörmətlə yanaşmışıq, Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb.
Bu gün Azərbaycan dövlətinin başlıca prioriteti regionda davamlı sülhə nail olmaqla onun sürətli, dinamik inkişafını təmin etməkdir. Məhz 10 noyabr bəyanatı bunun üçün yaxşı zəmin yaradıb. Bu bəyanata əməl edilməsi ilə regionda sülh tam təmin olunacaq. Üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırması isə sözün əsl mənasında ağır siyasi və iqtisadi duruma düşən Ermənistana da mənfəət gətirəcək, erməni xalqı da sülhün nə qədər faydalı olduğunu görəcək.
Prezident cənab İlham Əliyevin siyasətinin başlıca məqsədlərindən biri də, əlbəttə, regionda uzun müddətli sülhün təmin edilməsi və müharibə riskinin tamamilə aradan qaldırılmasıdır.

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru

Milli azlıqların hüquqlarının qorunması istiqamətində
 yürüdülən ardıcıl və şəffaf siyasət

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasında milli azlıqların hüquqlarının qorunması istiqamətində yürütdüyü ardıcıl və şəffaf siyasətini bu gün cənab İlham Əliyev  inamla və uğurla  davam etdirir.  Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqa malikdir. Azərbaycanda yaşayan,  dilindən və dinindən asılı olmayaraq  insanların  hər cür hüquq və imtiyazları qorunur.
Azərbaycan dövləti ardıcıl milli siyasət xətti yeritmiş, milli azlıqların hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Ölkəmizdə  rus dilində 30-dan çox qəzet və 15 jurnal çap edilir, gündəlik radio və televiziya verilişləri yayımlanır. Milli azlıqların sıx yaşadıqları rayonların orta məktəblərində (ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi təşkil olunmuş, milli dillərdə dərsliklər və proqramlar tərtib edilmişdir. Dövlət vəsaiti hesabına müxtəlif dillərdə əlifbalar, tədris proqramları və digər dərsliklər, məktəbli lüğətləri çap olunur və bu iş mütəmadi olaraq davam etdirilir.
Cənab İlham Əliyev 44 günlük vətən müharibəsində tarixi Azərbaycan torpaqları olan Qarabağımızı geri qaytardı. Həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında yaşayan millətindən asılı olmayaraq hər bir vətəndaşın hüquqları qorunur. Bütün bunların hamısı onu göstərir ki, Azərbaycan ərazilərində yaşayan bütün millətlər eyni hüquqlara malikdir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Hər iki xalqın birgə yaşamasının mümkünlüyü təsəvvür olunandır

Cənab Prezident İlham Əliyev tərəfindən 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox media oqanının 50-ə yaxın sualı cavablandırıldı. Cənab Prezident tərəfindən dəqiqliklə, məntiqlə bu sualların hamısı ardıcıllıqla cavablandırıldı. Bunu Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsi kimi qiymətləndirmək olar. Dövlət başçısı çıxışında bir çox suallarla yanaşı Azərbaycan torpaqlarında azərbaycanlılarla yanaşı ermənilərin yaşamalarının mümkünlüyü barəsindəki sualını da ətraflı cavablandırmışdır. Cənab Prezident bildirmişdir ki, hər iki xalqın birgə yaşamasının mümkünlüyü təsəvvür olunandır. Prezident cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamışlar, onların arasında dini, milli zəmində heç bir qarşıdurma olmamışdır. 44 günlük müharibədə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşmişdir. Cənab Prezident İlham Əliyev bildirmişdir ki,  müharibənin yaraları sağalmayıb. Xocalı faciəsinin ağrısı heç vaxt sağalmayacaq. Lakin birinci Qarabağ müharibəsindən sonra digər xalqlarla yanaşı ermənilər də Azərbaycanda yaşamışlar. Zaman keçdikcə əlbəttə ki, bizim vətəndaşlarımız öz torpaqlarına qayıdacaqlar. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də istəyərlərsə bizim torpaqlarımızda vətəndaşlarımızla bir yerdə yaşayarlar.

Cəvahir İsmayılova – “Əməkdar müəllim”


Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqa malikdirlər

Ali Baş Komandan cənab Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətləri, regionda yaranmış yeni reallıqlar və bölgənin gələcəyinə yeni baxış nöqteyi-nəzərindən kifayət qədər uğurlu idi. Dövlətimizin başçısı bütün suallara tutarlı, dəqiq və faktlarla cavab verərək, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi. Prezident İlham Əliyev bu mətbuat konfransı ilə informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.
Möhtərəm Prezidentimiz çıxışında qeyd etdi ki, biz öz ata-baba torpaqlarımızı düşməndən xilas etdik. Azərbaycan heç vaxt müharibə istəməyib. Bizim ən böyük arzumuz regionda sülhü qorumaqdır. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkməyib özlərini daha da rəzil duruma saldılar. İndi Azərbaycanda 30 mindən artıq erməni yaşayır. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.Onlara qarşı heç bir zorakılıq edilməmişdir.Bizim erməni xalqı ilə heç bir ədavətimiz yoxdur. Azərbaycanda fərqli dildə danışan insanlar bütün imtiyazlara malikdir. Azərbaycanda yaşayan digər bütün millətlər kimi ermənilərin də dili Azərbaycan dövləti tərəfindən qorunacaqdır. Azərbaycanda yaşayan hansı millətin nümayəndəsi olur-olsun mütləq Azərbaycan vətəndaşlığını qəbul etməlidir.
Cənab Prezident bu çıxışı ilə bir daha vurğuladı ki, Azərbaycan xalqı bu torpaqda yaşayan Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxsə dəyər verir, onların hüquq bərabərliyini qoruyur. Bir daha Prezidentimiz sübut etdi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir və onların hər birinin yanındadır. 

Zümrüd Əliyeva – “Tərəqqi” medallı müəllim

Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdir

Cənab Prezident İlham Əliyev yerli və xarici media nümayəndələrinin iştirakı ilə keçirdiyi mətbuat konfransında işğaldan azad olunmuş torpaqlarımızda birgə yaşayış məsələləri ilə bağlı sualları cavablandırarkən demişdir ki, “Bizim xalqlar sülh şəraitində   yaşamalıdır”.
Azərbaycanımız özünün coğrafi mövqeyi, iqlim şəraiti və təbii ehtiyatları ilə hər zaman müxtəlif tayfaların və etnik qrupların, xüsusən də qonşu dövlətlərin diqqət mərkəzində olub.  Bunun nəticəsidir ki, qədim dövrlərdən Azərbaycan ərazində müxtəlif etnik qrupların məskunlaşması baş verib. Sonrakı dövrlərdə ərazidə mövcud olan dövlətlərin köçürmə tədbirləri yerli əhalinin etnik tərkibinin dəyişməsinə səbəb olmuşdur. Beləliklə Azərbaycanı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb-qarışıblar, biri-birilərinin adət və ənənələrini qəbul edərək, eyni bir məkanda qardaş kimi yaşamağı üstün tutublar. Artıq müasir dövrdə dünyada çoxmillətli ölkə kimi qəbul edilirik. Belə ki, hazırda ölkəmizin ərazisində yaşayan azsaylı xalqlarla və etnik qruplarla yanaşı bir çox digər xalqların da nümayəndələri heç bir ayrı-seçkiliklə üzləşmədən yaşayırlar. Ulu Öndərimizin Azərbaycançılıq ideologiyasının və siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə tolerantlığa, multikultural dəyərlərə göstərdiyi münasibəti dünyanın aparıcı dövlətlərinə nümunədir .

Sevinc İmanova,

Zərdab GEM-in direktoru

Qanunla.az


Digər xəbərlər
SON XƏBƏRLƏR