"Planet Parni iz Baku"nun bir Elçin Həmidovu vardı... - FOTOLAR

img

04-03-2021 [23:57]


Tanınmış Azərbaycan aktyoru, müğənni Elçin Həmidovun anım günüdür.

Xatırladaq ki, Həmidov Elçin Qəzənfər oğlu 29 iyun 1958-ci ildə Bakıda anadan olmuşdur.Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür.

Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir.

1974 –cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əvvəllər kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə, xor artisti vəzifəsində çalışıb.

1977-ci ildə İncəsənət İnstitutunun «Dram-kino aktyoru» fakültəsinə daxil olub 1981-ci ildə bitirib.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərib.

İstedadı və bacarığı sayəsində Elçin Həmidov az vaxt ərzində kollektivdə böyük hörmət qazanıb. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin Həmidov klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olmuşdur.

"Olmadı elə, oldu belə"də ( Süleyman Ələsgərov, Şıxəli Qurbanov) Gülüstan, «Boşanaq, evlənərik»də (Vasif Adıgözəlov, Əliağa Kürçaylı) İkram, «Qarğa məndə qoz var»da (H.Qurbanov, Cahangir Aslnoğlu) Zərzibonskaya, "Qızıl gül"də (Soltan Hacıbəyov) Azay, "Beş manatlıq gəlin"də (Səid Rüstəmov, Məmməd Səid Ordubadi) Nadir, «Özümüz bilərik»də (Süleyman Ələsgərov, Şıxəli Qurbanov) Miriş, «Subaylarınızdan görəsiniz»də (Süleyman Ələsgərov, İsi Məlikzadə) Mayıl, "Hərənin öz ulduzu"nda (Süleyman Ələsgərov, İsi Məlikzadə) Nəzir, "Nəğməli Könül^də (Emin Sabitoğlu, Xalidə Hasilova) Mustafa, "Səhnədə məhəbbət"də (Sərdar Fərəcov, Əli Əmirli) ofisiant, ”Əlin cibində olsun”-da (Oktay Rəcəbov, Aqşin Babayev) Şəkərli, "Aldın payını çağır dayını” (Vasif Adıgözəlov, Anar) Əli Əyrizadə, ”Mən dəyərəm min cavana” (Faiq Sücəddinov, Tamara Vəliyev) Dilənçi, ”İdialı qaraçı” (İmre Kalman) Estraqon, «O olmasın, bu olsun»da (Üzeyir Hacıbəyli) Rza bəy, "Talelər qovuşanda"da (Rauf Hacıyev) Totuş, "Ər və arvad" da (Üzeyir Hacıbəyli) Kəblə Qubad... rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır.

Elçin Həmidovun, həm də məlahətli səsi var idi və hər cür janrda ifa etməyi bacarırdı.Əsl bariton və soprano səsə malik idi.Tamaşalardakı çox musiqiləri ifa edir və tamaşalara xüsusi ahəngdarlıq və gözəllik qatırdı.

O, hər bir rolu ilə tamaşaçıya gülüş, sevinc bəxş etməyə çalışırdı. Bunun üçün Elçin Həmidova epizodik olsa belə, səhnədə, televiziya ekranında görünmək kifayət edirdi.

Tanınmış sənətçiləri parodiya etməsi isə daha maraqla qarşılanırdı.

Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.

İstedadlı aktyor həmçinin "Planet Parni iz Baku" KVN teatrının əsas simalarından biri idi.O, bu teatrda gözəl obrazlar yaratmışdır. O cümlədən Məhəllə 1 və Məhəllə 2 filmlərində canlandırdığı "Məzi" obrazı komik olmaqla bərabər, həm də düşündürücüdür.

Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq etmişdir. Onun "Tez bazar", eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.

Musiqili Teatrda bir çox aktyorlarla yanaşı Hacıbaba Bağırovla da yaxın dost olub. H. Bağırov ondakı istedada arxayın olaraq, öz rollarını belə ifa etmək üçün Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir.

Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq onun azyaşlı qızına telefonla nağıllar danışarmış.

Aktrisa Dilarə Əliyeva ilə də çox yaxın dost olublar. Bir gün Elçin onunla birlikdə aktrisanın rəfiqəsinə üzük almaq üçün mağazaya gedir. Mağazada aktrisanın iki üzükdən xoşu gəlir. Birini rəfiqəsinə hədiyyə alır, o biri üzüyü isə ala bilmir. Bir neçə gündən sonra Elçin həmin üzüyü aktrisaya ad günü hədiyyəsi kimi alıb gətirir. Aktrisa isə dostuna qızıl qol düymələri alır. Lakin Elçinin vaxtsız ölümü bu hədiyyənin ona bağışlanmasına imkan vermir.

Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq.

Aktyorun səhnədəki son rolu Qoqolun "Evlənmə" tamaşasında olub. Elçin tez-tez şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub üzr istəyirmiş. Tamaşanın premyerasından sonra dostlarından xahiş edib ki, mən öz tamaşama son dəfə baxmaq istəyirəm. İki saata yaxın dinib danışmadan evlənmə tamaşasını diskdən izləyib.

Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam.

Ölümündən iki gün əvvəl dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir. Martın beşində isə tamaşaya gəlmir. Təşviş keçirən adamlar onun evinə yollanırlar. Aktyor qapı və telefon zənglərinə cavab vermir. Qapını sındırmağa məcbur olurlar...

Elçin Həmidov 2011-ci il martın 4-də 52 yaşında ürək xəstəliyindən dünyasını dəyişir. Onu Xırdalan qəbiristanlığında dəfn edirlər.

Allah rəhmət eləsin!

Nurlanə Əliyeva,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub