Tarixi zəfərimiz İlham Əliyevin uğurlu siyasətidir... - Vahid Tağıyev yazır

img

03-03-2021 [11:49]


Dünyanı bürüyən iqtisadi böhranlara baxmayaraq, son illərdə Azərbaycan Respublikasında aparılan uğurlu, uzaqgörən dövlət siyasəti nəticəsində iqtisadiyyatımız sürətlə inkişaf edib. Respublikamız iqtisadi və hərbi qüdrətinə görə regionda və dünyada aparıcı bir dövlətə çevrilib. 

Məhz bu uğurlu siyasətin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz və xalqımızın möhtəşəm birliyi sayəsində 30 il müddətində işğal altında olan torpaqlarımız düşməndən azad edildi. 44 günlük müharibədə qazanılan şanlı qələbəmiz dünya hərb tarixinə yeni, parlaq bir səhifə kimi daxil oldu.

Ölkədə dinamik iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlətin sosial siyasətinin mühüm sahəsi kimi həmişə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğı hər zaman yüksək dəyərləndirilib.

Nəzərdə tutulmuş proqramlara uyğun olaraq, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. 25 fevral 2021-ci il tarixdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzilləri təqdim etdi. Kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə, 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib.

Müharibədən az müddət keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksinin, şəhərciyin inşa olunub təqdim edilməsi hər kəsə şəhid ailələrinə münasibətin necə olmasının nümunəsini göstərdi. Şəhid ailələrinə və qazilərə qayğı göstərmək Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir. Belə ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilibdir. O cümlədən, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

Ölkəmizdə sosial siyasətin əsas gücünü ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə bu prinsiplərə əsaslanan güclü sosial baza yaradılıb. Hər vaxt öz vətəndaşının yanında olmaqla onun problemlərinə həssaslıqla yanaşması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ümumxalq sevgisi qazandıran çoxsaylı amillərdən biridir. 

Respublikamızda aparılan məqsədyönlü siyasətin nəticəsində bütün bölgələrdə olduğu kimi, İmişli rayonunda da şəhid ailələri, veteranlar və qazilərə qayğı ilə yanaşılır. Rayonda onlar üçün 16 mənzilli iki yaşayış binası və 54 mənzilli bir yaşayış binası tikilib istifadəyə verilib. 2020 - ci ildə tikilən 11 fərdi yaşayış binası onların istifadəsindədir. Habelə bu məqsədlə 2021 - ci ildə 22 fərdi yaşayış binasının tikilməsi nəzərdə tutulub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Elçin Rzayev Vətən müharibəsi qazilərini mütəmadi olaraq ziyarət edir, onlarla və şəhid ailələri ilə görüşlər keçirir.

II Qarabağ Vətən Müharibəsində İmişli rayonundan 48 nəfər şəhid olmuşdur. Onlarla gəncimiz qazi adını qazanmışdır. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan general-mayor Kənan Seyidov başda olmaqla rayondan olan çoxsaylı qəhrəmanımız müxtəlif orden və medallarla təltif edilmişdir. 

Cənab Prezidentin qismən səfərbərlik əmrindən sonra bütün İmişlilərin yaddaşında silinməyəcək vətənpərvəlik əhval- ruhiyyəsi yüksəldi, rayonumuzdan könüllü olaraq cəbhəyə getmək istəyən gənclərin sayı hər gün artırdı. Onlar bayramsayağı, böyük inamla cəbhəyə yola salınırdı. Torpaqlarımızı mənfur düşməndən azad etmək uğrunda Vətən müharibəsinə gənclərimizin qələbə ruhu ilə getməsi, şəhid olmaqdan çəkinməməsi xalqımızın böyüklüyünün nümayişi idi. 

Rayondan Vətən müharibəsinə gedənlərdən şəhid olanların dəfn mərasiminin böyük ehtiramla təşkili, çox böyük izdihamla şəhidlərin müşayiət edilməsi, rayon rəhbərliyinin, ziyalıların bu tədbirlərdə ardıcıl olaraq iştirakı, şəhid olanların valideynlərinin öz övladlarının şəhid olmasına  təmkinlə yanaşması, onların qürur hisslərini ifadə edən çıxışları xalqımızın nə qədər vətənsevər, yüksək mənəvi dəyərlərə sahib olmasını göstərməklə bir daha sübut edirdi ki, heç kim heç vaxt bizim torpaqlarımızı işğal edə bilməz. 

Hadisələrin gedişi göstərdi ki, bütün iqtisadi, siyasi və hərbi hazırlıqlarla bərabər Azərbaycanda bu qələbəyə, həm də ideoloji hazırlığın yüksək olması ilə nail olundu. Müharibə göstərdi ki, gənc nəsil fiziki, hərbi hazırlıqla bərabər böyük vətənpərvərlik tərbiyəsi ilə yetişir. Bu həm də Azərbaycan təhsil sistemində vətənpərvərlik tərbiyəsi istiqamətində dövlət siyasətinin uğurudur.

Son illərdə təhsil sahəsi yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Təhsilin məzmununda, kadrların seçilməsində, maddi-texniki bazasının yaxşılaşdırılmasında kifayət qədər nailiyyətlər var. Məsələn, bir rayonun nümunəsində göstərə bilərik ki, son 10 ildə İmişli rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazası yaxşılaşmış, 46-ya qədər məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur.

 Pandemiya şəraitinə baxmayaraq, 2020-ci ildə rayon üzrə ali məktəblərə qəbul olanların sayı artmışdır. Belə ki, 2019-cu tədris ilində rayon üzrə ali məktəblərə qəbul olan məzunların sayı 306 nəfər olduğu halda, 2020-ci ildə  məzun olan 396 nəfər ali məktəblərə qəbul üçün keçid balını toplamış və bu hüququ qazanmışdır.

II Qarabağ Vətən Müharibəsində İmişli rayonu ümumtəhsil məktəblərində çalışan 27 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş və hazırda təhsil müəssisələrində fəaliyyətlərini davam etdirirlər. Onlara çox böyük diqqət və qayğı ilə yanaşılır. Onlar vətənsevərlik tərbiyəsinin canlı simvoludurlar. Pedaqoji kollektivlərdə müharibə iştirakçıları ilə mütəmadi olaraq görüşlər, dəyirmi masalar keçirilir, onların döyüş yollarından danışdığı igidlik xatirələri, xüsusilə təhsilalanların yaddaşlarında vətənpərvərlik nümunəsi baxımından silinməz izlər buraxır. 

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində hazırda vakant olan və bundan sonra vakant yaranacaq bir qrup işlərin siyahısını müəyyən etmiş və mərkəzləşdirilmiş qaydada həmin iş yerlərinə ilk növbədə şəhid və müharibə iştirakçılarının ailə üzvlərinin qəbul olunması nəzərdə tutulmuşdur. 

Bu gün hər bir azərbaycanlı qürur hissi keçirir ki, müzəffər Ali Baş Komandanımızın uzaqgörən, strateji siyasəti nəticəsində haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkənin vətəndaşıdır. Xalqın ən böyük arzusu olan bu qələbənin əldə olunması naminə dövlətimiz ötən illər ərzində bütün gücünü səfərbər edib, beynəlxalq aləmdə, qonşu ölkələrlə münasibətlərdə balanslaşdırılmış xarici siyasət aparıb, iqtisadi sahədə uğurlu regional layihələr reallaşdırılıb, xüsusilə ordu quruculuğu sahəsində müasir dünya standartlarına uyğun istiqamətdə çox əhəmiyyətli işlər həyata keçirilib. 

Zaman göstərdi ki, Minsk qrupu, beynəlxalq təşkilatlar tarixi torpaqlarımızın azad edilməsi kimi bizim üçün milli- taleyüklü bir məsələyə ədalətsiz yanaşır, ermənilərin xeyrinə vaxt qazanılır. Digər tərəfdən dünyada kifayət qədər güclü olan erməni lobbisinin təsiri ilə nəticədə hadisələr sonu görünməyən bir məcraya gətirilib çıxarılır. Xüsusilə dünyanın ən mötəbər təşkilatı olan BMT-nin dörd qətnaməsinin yerinə yetirilməməsi, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfərlərinin həyata keçirməsi, bu səfərlər zamanı absurd fikirlər səsləndirməsi erməni rəhbərliyinin iç üzünü sübut edirdi. Ermənistan ordusunun 30 il ərzində havadarları tərəfindən kütləvi şəkildə silahlandırılması göz önündə idi. 2020-ci ilin iyul ayında ermənilər tərəfindən Tovuz ərazisində daha böyük siyasi hədəflərə istiqamətlənmiş təxribatların törədilməsi, bu hadisələrin gedişində general-mayor Polad Həşimovun şəhid edilməsi münaqişənin sülh yolu ilə həllinə olan bütün ümidlərə son qoydu. Real vəziyyət, torpaqlarımızı öz gücümüzlə azad etmək üçün Vətən müharibəsini qaçılmaz edirdi. Artıq zərurətə çevrilən müharibəyə hazırlaşmaq, qələbəni təmin etmək üçün bütün imkanlardan vaxtında, maksimum istifadə etmək lazım idi. 

Sonrakı mərhələdə hadisələrin gedişini izləyən zaman geniş ictimaiyyətə və bütün dünyaya bir daha aydın oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya siyasətini mükəmməl bilən, beynəlxalq hadisələrin gedişini, aparıcı dövlətlər arasında münasibətləri düzgün dəyərləndirən dünya səviyyəsində ən böyük liderlərdən biridir. Özünün dediyi kimi, nəyi, necə, nə vaxt edəcəyini bilirdi. Onun dəmir yumruğu və uzaqgörən liderlik məharəti 30 illik problemi həll etdi, tarixi Zəfərimizi təmin etdi. 

Bu tarixi qələbə bir daha sübut etdi ki, I Qarabağ müharibəsində torpaqlarımızı itirməyimizin səbəbi Azərbaycan xalqının zəifliyi deyildir. İtirilən ərazilərimiz həmin dövrlərdə dövlətə rəhbərlik edən şəxslərin bacarıqsızlığı və səriştəsizliyinin qurbanı olmuşdur. Azərbaycan xalqı həmişə həmrəy, vətənsevər, güclü lideri ətrafında birləşən qüdrətli, məğlubedilməz xalqdır.

Son günlərdə Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi 4 saat davam edən mətbuat konfransı məzmunu etibarı ilə onun dünya siyasətində aparıcı lider olmasını bir daha təsdiq edən hadisədir. Açıq, cəsarətli, səmimi və yüksək məntiqlə əsaslandırılmış fikirlər hələ zaman - zaman çox təhlil ediləcək, öyrəniləcək və hər vaxt Azərbaycana imic, şöhrət, uğur gətirəcəkdir. Bu konfransda Prezidenti dinlədikcə azərbaycanlı olmağımızla bir daha qürur hissi keçirdik.

Ardıcıl və məqsədyönlü aparılan uğurlu siyasət nəticəsində inanırıq ki, işğaldan azad edilən regionların iqtisadi potensialı və milli resursları istifadəyə cəlb olunmaqla Azərbaycanın inkişafında yeni bir mərhələ başlayacaq. İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə azad edilən regionların coğrafi mövqeyi, Qarabağ ərazisindən Avropaya və Asiyaya çıxış imkanlarının artması respublikamızın beynəlxalq nəqliyyat-kommunikasiya, habelə dəhliz layihələrində  bundan sonra daha da fəal iştirakını gücləndirəcəkdir.

Ermənistanda uzun illər ərzində aparılan yanlış işğalçı siyasət onun beynəlxalq sahədə təcridinə, xaricdən asılılığına, iqtisadi və demoqrafik tənəzzülünə yol açıb. Nəticədə, heç bir regional layihələrdə iştirak etmir və hazırda xaos, ağır bir böhran yaşayır. Düşmən ölkənin önə çıxan liderləri şəxsi maraqlarının əsiri olaraq normal gələcək haqqında heç bir iş görə bilmirlər. 

Bununla da ölkələrimiz arasındakı fərq aydın görünür. Bu da onu deməyə əsas verir ki, Azərbaycan böyük tərəqqi yolunda olan, dünyəvi, məsuliyyətli bir ölkədir. İqtisadiyyatı və hərbi gücü ilə dünyanın qüdrətli dövlətləri sırasında öz yerini möhkəmləndirir. Hər il dövlət büdcəmizdən ordumuzun maddi-texniki bazasının inkişafı üçün ayrılan vəsaitin miqdarı artırılır. Təkcə hərbi xərclərimiz Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir. Daim yeniləşən hərbi texnoloji yeniliklər ordumuzun qüdrətini durmadan artıracaqdır. Müstəqil Azərbaycan dövlətinin torpaqları əbədi toxunulmaz olaraq qalacaqdır.

Vahid Tağıyev,

İmişli rayon Təhsil Şöbəsinin müdir müavini

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR