SƏDDAM HÜSEYNİN ESTETİK ƏMƏLİYYATLARDAN ZÖVQ ALAN QIZI: o, bir müsahibə ilə ölkəni necə çalxaladı?

img

25-02-2021 [19:03]


Arəş Əzizi

“Independent Farsi”, 24.02.2021

****

Ərəb dünyasının televiziyaları uzun illərdir ki, bölgənin siyasi mübahisələrinə və gərginliyinə səhnə olub. Bu televiziyaların siyasi verilişləri çox populyardır, lakin bölgə ölkələri arasında siyasi və diplomatik mübahisələrə səbəb olan bir müsahibəyə bir neçə gün ərzində nə az, nə çox, düz 100 milyon dəfə baxılması nadir haldır.

Bu, keçən həftə “əl-Ərəbiyyə” kanalında 6 ayrı-ayrı hissə ilə yayımlanan müsahibədir. “Əl-Ərəbiyyə” aparıcısı Səhib Şərair Raqad Səddam Hüseynlə İordaniyanın paytaxtı Amman şəhərindəki studiyada söhbətləşib.

Devrilmiş İraq prezidentinin böyük qızı indi 52 yaşındadır və İordaniyadan, yaşadığı yerdən Ərəb dünyasının siyasi meydanında özünə yer axtarır.

Bu uzun söhbətdə Raqad həm günümüzün İraqından, həm də uşaqlıq xatirələrindən söz açıb. Üstəlik, prezidentin qızı kimi böyüməsindən, atasının və böyük qardaşının əmri ilə ərinin edam edilməsindən.

Ancaq cümlələrindən biri çoxlu mübahisə doğurub: İraqda siyasətinə qayıtmağın mümkünlüyünü düşünüb-düşünməməsi soruşulduqda, o: “Hər şey mümkündür”, – deyib.

Səddamın İraq siyasətinə qayıtma ehtimalı İraq parlamentinin bir çox üzvünün kəskin etirazına səbəb olub. Bəzi parlament üzvlərinin təzyiqi altında Raqadın müsahibəsi ilə bağlı İraq səlahiyyətliləri Səudiyyə Ərəbistanı və İordaniya səfirlərini xəbərdarlıq üçün Xarici İşlər Nazirliyinə çağırıb.

Atanın müdafiəsi

Raqa 1968-ci ildə doğulub və doğumundan 1 il əvvəl İraq, digər ərəb ölkələri ilə birlikdə, tarixi 6 günlük müharibədə İsrailə məğlub olub; “ən-Nəksə” adı verilən faciə ilə ərəb millətçi hərəkatının böyük xəyalları alt-üst edilib. Ancaq daha məşhur misirli vəzifədaşı Camal Əbdül Nasir ilə tarixi məğlubiyyəti bölüşən İraqın o zamankı prezidenti Əbdürrəhman Arif BƏƏS-çilərin 17 İyul inqilabı ilə devrildiyi zaman Raqad hələ anasının bətnindəydi.

Prezidentlik Həsən əl-Bəkrə keçib, lakin sabiq vitse-prezident də İraqın ən iddialı BƏƏS-çilərindən birinin əli ilə devrilib: 2 il əvvəl BƏƏS partiyasında böyük bir parçalanma təşkil edən və iraqlı BƏƏS-çiləri Suriyadakı hakim partiyadan qovan 31 yaşlı Səddam Hüseyn.

Şamdakı BƏƏS partiyası indi marksistlərin əlində idi və Bağdaddakı BƏƏS partiyası daha çox Səddamın əsas rol oynadığı təhlükəsizlik təşkilatına çevrilirdi.

Çevriliş zamanı Səddamın gənc arvadı, dayısı qızı Sacidə Təflah hamilə idi. Bundan əvvəl o, 4 və 2 yaşında olan Uday və Qusay adlı iki oğlan dünyaya gətirmişdi. Növbəti uşaq Səddamın ilk qızı oldu.

BƏƏS özünü “sosialist” partiyası adlandırırdı və ən müasir dəyərləri təmsil etməli idi. Ancaq Səddamın ailəsi çox mühafizəkar idi. Səddamın dayısı qızı ilə evliliyi ailənin böyükləri tərəfindən təşkil edilib və Raqad böyük Tikrit qəbiləsinin mühüm rol oynadığı bir mühitdə böyüyüb.

Raqad son müsahibəsində, özündən 14 yaş böyük olan, atasına yaxın ordu xadimi Hüseyn Kamil əl-Məcidlə 15 yaşında necə evləndiyini nəql edib. Orta məktəbi bitirdikdən sonra ərinin etirazına məhəl qoymayaraq universitetə girməyi bacarıb.

Səddamın ailəsində Raqad 2 kiçik bacısı Rəna və Hala ilə birlikdə nüfuzlu şəxsə çevrilib.

Müsahibənin ən şokedici hissələrindən biri də Raqadın atası ilə əri arasındakı mübahisədən danışdığı yerdir. Məhz bu mübahisənin nəticəsi olaraq cənab əl-Məcid 1995-ci ildə Raqadla (eyni zamanda, Rəna ilə evləndiyi üçün bacanağı sayılan qardaşı ilə birlikdə) İordaniyaya qaçıb. Əl-Məcid qardaşları ölkəyə qayıtmağa və İran-İraq müharibəsi zamanı Səddamı dəstəkləyən İordaniya Haşimilər Krallığından Səddam Hüseyni devirməyə çalışıblar.

Nəhayət, təxminən 1 il sonra onlar İraqa dönüb və etibarsızlıq doğurduqlarından ailədaxili münaqişədə öldürülüblər.

Yeri gəlmişkən, Raqadın ərini İraqa dönməyə inandırdığına və atasının onu cəzalandırmayacağına söz verdiyinə dair illərdir şayiələr dolaşır.

Raqad Səddamın böyük oğlu Udayın ərinin ölümündə əsas rol oynadığını və atasının bütün hərəkətinin “xain” adlandırılan 2 kişiyə qarşı olduğunu bildirib.

Bir çox tamaşaçını təəccübləndirən şey Raqadın danışarkən, göz yaşı tökməməsi və ya çox duyğulanmaması idi. Əlbəttə, ərinin öldürülməsinə təəssüfünü dilə gətirib, ancaq atasına olan sevgisinin başqa duyğularla müqayisə oluna bilməyəcəyini vurğulayıb. O, atasının hakimiyyətini və xidmətlərini tərifləyib.

Bu, şübhəsiz ki, Səddam dövründə geniş yayılmış insan haqları pozuntularını xatırlayan minlərlə iraqlının xoşuna gəlməyəcəkdir.

İşğaldan illər sonra

Çağdaş ərəb dilində “işğal” mənasını verən “ihtilal” sözü, xüsusən də, İsrailin ərəb torpaqlarını işğal etməsinə işarə etdiyi üçün xüsusi emosional məna daşıyır. Müsahibəsində Raqad dəfələrlə eyni sözü ABŞ-ın 2003-cü ildə İraqa hücumuna işarə edərək istifadə edib, ailəsi ilə birlikdə ölkədən qaçaraq əvvəl Suriyaya, daha sonra Haşimilər sülaləsinin İordaniyasına pənah gətirdiyi çətin günlərin təsvirini verib.

Krallığa Səddam ailəsinin digər üzvləri və minlərlə keçmiş BƏƏS-çi sığınıb. Raqad hələ də təhlükəsizlikdə yaşayır, ən azı 120 min qürbətçi iraqlı və minlərlə fələstinlinin məskunlaşdığı şəhərdə. Ammanda, bəlkə də dünyanın hər yerindən daha çox, bazar-dükanlarda və maşınların arxa şüşələrində Səddam Hüseynin şəklinə rast gəlmək olar.

Bir çoxları Səddamı Fələstin davasının müdafiəçisi adlandırır, xüsusən, 1991-ci ilin Körfəz müharibəsi əsnasında Səddamın müdafiəçisi olduğu şübhəsi ilə Küveytdən qovulan 200.000 fələstinli yeni sığınacaq tapıb.

Ailənin 2 böyük oğlu olan Uday və Qusay ABŞ-ın İraqı işğal etməsi zamanı öldürülüb və Raqad o vaxtdan bəri ailənin böyüyüdür. Məhkəmədə atasının müdafiəsini təşkil etməkdə o, əsas rol oynayıb. Son müsahibəsində Raqad atasının 2006-cı ilin dekabrında edamını həyatının ən acı və ən çətin anı olduğunu söyləyib.

2003-cü ildə iraqlılar ölkələrini səfil vəziyyətə salan Səddam Hüseynə nifrət edirdilər. Ancaq ABŞ işğalından sonra bu ölkədəki vəziyyət çox qaranlıq günlər görüb: şiə-sünni məzhəb müharibələri minlərlə insanın ölümünə səbəb olub; İslam Respublikası bu ölkəni öz arxa bağçasına çevirib; İŞİD-in yüksəlişi və soyqırımına lal şahidlik edib.

Bu illər ərzində Raqad nə edib?

Özünü Səddama sadiq hesab edən bir çox keçmiş BƏƏS-çi zabit İŞİD-in qurulmasında əsas rol oynayıb. ABŞ işğalından sonra “BƏƏS-dən nicat” qərarı minlərlə BƏƏS-çini işsiz qoyub və İŞİD kimi bir qrup ortaya çıxıb.

Raqadın əleyhdarları onu yeni İraq rejiminə qarşı hərəkətə keçən istənilən qrupu dəstəklədiyini iddia edirlər. Hətta İŞİD-i.

2014-cü ilin avqust ayında, İŞİD-in zirvəyə çatdığı dövrdə, Almaniyanın həftəlik “Şpigel” nəşri “Terrorizmin xaç anası” adlı bir hesabat yayaraq xanım Səddamın İŞİD-ə intiqam olaraq milyonlarla dollar sərvət verdiyini iddia edib. Hesabatın müəllifi Raniya Salom Raqadın lüks həyatı – “cangüdənlərindən tutmuş şəhərin burun, sinə və göz qapağı əməliyyatı üzrə ən məşhur estetik cərrahının qəbuluna tez-tez getməsi”nə qədər, eləcə də “iqtidara qayıtmaq niyyətində olduğu” haqqında yazıb.

Son müsahibəsində Raqad özünün fərqli obrazını yaratmağa çalışıb. O, “Twitter”-də görünərək siyasi səhnəyə dönmə yönündə fəallıq edir. Eyni zamanda, İslam Respublikası qüvvələrinin İraqdakı boşluqdan möhkəmlənmək üçün necə istifadə etdiyinə şifahi hücum edərək bir çox iraqlının sarı siminə toxunub. Xüsusilə də “iranlılar gerçək güc olmadığından İraqı işğal etdilər” deməklə.

Raqadın “hər şey gəlmədir” ifadəsinə Bağdadda sürətli bir təpki verilib. Sədr hərəkatının lideri Müqtəda əs-Sədr Səddam ailəsinin İraqa qayıtmasının qeyri-mümkünlüyünü vurğulayıb. “Səddamın qətliamlarını və kütləvi məzarları, qulaq, əl kəsmələri xatırlayırıq”.

Müqtəda İraq parlamentini və hökumətini “BƏƏS-çı komissiya”nı aktivləşdirməyə və Raqad kimilərinin geri dönməsinin qarşısını almağa çağırıb.

Sədr bu açıqlamaları builki seçkilər ərəfəsində verib. İraq indi tarixi bir nöqtədədir: Mustafa əl-Kazimi (müvəqqəti olaraq vəzifədə olan) Əyyad Əllavidən sonra Səddamdan sonrakı İraqın ilk qeyri-islamçı baş nazirdir. Həm də İslam Respublikasının təsirinə müqavimət göstərməyə və İraqla bölgədəki bütün ölkələr arasında normal əlaqələr qurmağa çalışan ilk baş nazir.

Kazimi, Müqtəda əs-Sədr və digər rəqiblər İraqın macəra dolu keçmişinin kölgəsi tündləşməyə davam etdiyi üçün bu ilin oktyabrında keçiriləcək seçkiyə hazırlaşırlar.

Tərcümə: Strateq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR