Türk Şurası ölkələrinin energetika nazirlərinin ilk iclası keçirilib

img

24-02-2021 [16:08]


Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ - Türk Şurası) energetika nazirlərinin 1-ci görüşü keçirilib.

Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın energetika naziri Pərviz Şahbazov və TDƏŞ-in Baş katibi Bağdad Amreyevin açılış nitqləri ilə başlayıb. İclasa sədrlik edən nazir bildirib ki, türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nüfuzlu, çoxtərəfli əməkdaşlıq formatı kimi uğurla inkişaf edir və Azərbaycan bu əməkdaşlığın humanitar müstəvidən çoxşaxəli iqtisadi müstəviyə doğru genişlənərək inkişafına öz töhfəsini verir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq 4,4 milyard ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faiz təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3 mlrd. ABŞ dolları sərmayə yatırıb.”

P. Şahbazov bütün sahələrdə olduğu kimi enerji sahəsində də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin Türk Şurası formatında enerji əməkdaşlığı modeli üçün də əsas rol oynadığını bildirib: “Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 431 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr qaz nəql olunub. Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.”

Azərbaycanın təşkilata sədrliyinin mürəkkəb bir dövrə təsadüf etməsinə baxmayaraq, nümunəvi səviyyədə olan həmrəylik və səmərəli qarşılıqlı fəaliyyətlə yadda qaldığı vurğulanıb. Azərbaycana 44 günlük Vətən müharibəsi dövründə ən çox dəstək verən təşkilatın məhz Türk Şurası olduğu qeyd edilib. Azad edilmiş ərazilərin bərpasında, həmçinin Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin iştirakı əməkdaşlığı dərinləşdirəcək imkanlar kimi diqqətə çatdırılıb.

Təşkilatın Baş katibi Bağdad Amreyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində olan nümunəvi əməkdaşlıqdan bəhs edərək, Cənub Qaz Dəhlizinin gələcək uğurlu əməkdaşlıqlara imkanlar açdığını qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR