"Sözünü o kəslərə de ki..." - Cəlil Məmmədquluzadənin tarixi həyat yolu

img

11-02-2021 [22:27]


Nurlanə Əliyeva

***

XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, böyük yazıçı, publisist, mütəfəkkir, dramaturq, jurnalist, ictimai xadim

CƏLİL MƏMMƏDQULUZADƏnin doğum günüdür.

Ehtiramla xatırlayaq.

Ruhu şad olsun.

1869-cu ilin 10 fevralında Naxçıvanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadə anadan olub.

O, Qori seminariyasını bitirdikdən sonra (1887) bir müddət İrəvan quberniyasında müəllimlik edib. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında çalışıb.

Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realist ədəbiyyatının parlaq nümunələridir.

Yazıçı öz yaradıcılığında intibah və maarifçilik məsələrinə də geniş yer verib. Cəlil Məmmədquluzadə baş redaktoru olduğu məhşur “Molla Nəsrəddin” jurnalı ilə Yaxın və Orta Şərqdə, xüsusilə, İran və Türkiyədə ədəbi-ictimai fikrin inkişafına mühüm təsir göstərə bilib. (1869-1932)

Məşələ dönmüş ömür

El arasında səmimiyyət əlaməti kimi “Mirzə Cəlil” adı alan ədib, eyni zamanda, məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru, tənqidi-realist üslubun və mollanəsrəddin hərəkatının başçısı olmuşdur.

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər””. - Bu sözlərin müəllifi bütün həyatını, yaradıcılığını Azərbaycan xalqının səadəti və xoş gələcəyi naminə sərf etmiş böyük inqilabçı-demokrat, məşhur mühərrir, ədib və dramaturq Cəlil Məmmədquluzadədir.

Böyük ədibin yaradıcılıq salnaməsi, yazdığı əsərlər, “Molla Nəsrəddin” jurnalının çapı uğrunda göstərdiyi böyük fədakarlıq bizi daim heyrətə salmış və ondan sonra gələn ziyalılar üçün məşələ dönmüş bir ömür, əsl mayak rolunu oynayaraq yolumuza işıq salmışdır.

Cəlil Məmmədquluzadə, həmçinin, Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli qərarla Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Qısa arayış:

Cəlil Məmmədqulu oğlu Məmmədquluzdə 1869-cu ildə Şərqin qədim mədəni mərkəzlərindən olan Naxçıvan şəhərində anadan olmuşdur. Babası Məşədi Hüseynqulu əslən Azərbaycanın Xoy şəhərindən idi, cavanlıqda Naxçıvana köçüb burada bənna-daşyonan işləmişdi; atası isə duz anbarında satıcılıq eləyirdi. Yazıçının uşaqlığı Naxçıvanda dindar bir mühitdə keçmişdir. Sonralar o illəri xatırlayıb yazırdı: “Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahü əkbər”. Balaca Cəlil ilk təhsilini mollaxanada alır, böyüklərlə bərabər oruc tutur, namaz qılır. Quran oxuyurdu. Əsas dərs kitabı Sədinin “Gülüstanı” idi.

1879-1882ci illərdə şəhər məktəbində rusca oxuyan Cəlil ailənin maddi çətinliklərinə baxmayaraq təhsilini davam etdirmək istəyirdi. Ata-anasını buna razı salmaq üçün o, hətta bir neçə gün ağlayıb-sıtqayır. Bunu görən valideyni hər cəfaya qatlaşıb onu o dövrün ən yaxşı maarif ocaqlarından biri sayılan Qori müəllimlər seminariyasına göndərir. Bu seminariyanın pedoqoji kollektivində D. Semyonov, N. Lomouri, A. Çernyayevski,M. Kipiani kimi görkəmli müəllimlərlə çiyin-çiyinə işləyən S. Vəlibəyov və Ə. Axundzadə kimi azərbaycanlı ziyalılar da vardı. Seminariyada ana dili və din tarixi ilə bərabər, pedaqoqogika, coğrafiya, təbiət dərslərinin keçilməsi, ədəbi gecələr, səhnəciklər təşkili, əmək tərbiyəsi də onun bir təhsil ocağı kimi şöhrətini artırmışdı.

Gənc Cəlilin dünya ədəbiyyatı ilə əsaslı tanışlığı seminariyada oxuduğu illərdə ədəbiyyatı ilə əsaslı tanışlığı seminariyada oxuduğu illərdə başlandı. O, Füzuli, Zakir, Seyid əzim, Şekspir, Krılov, Puşkin, Qoqol, Turgenev Tolstoy kimi klassiklərin əsərlərini oxudu, Uşiniski Kamenski, Pestalotsi və başqaları kimi məşhur pedaqoqları öyrəndi.

Seminariyanı qurtarandan sonra Cəlil qarabağlı bir dostu ilə Şuşaya gedib bir neçə gün onlarda qonaq qalır; dostlar Xurşidbanu Natəvanla görüşüb söhbət edirlər. Cəlilin Ə.Haqverdiyevlə ilk tanışlığı da bu vaxt olur. Şuşa ziyalılarından biri “Tərcüman” qəzetinə göndərdiyi məktubunda seminarist gənclərlə görüşünü təsvir edərək “ağıl və hissiyatını, marifin tərəqqisi haqqında fikir və inamlarını” çox bəyan etdiyini yazırdı.

Cəlil müəllim 10 il Naxçıvanın Uluxanlı, Başnoraşen və Nehrəm kəndlərində dərs deyir. Müəllim yoldaşlarından birinin xatiratında deyilir ki, o, “Nehrəmin tam avamlığı və cəhaləti içərisində həqiqətən bir işıq mənbəyi idi”. Başqa müəllimlər kimi, o da uşaqları məktəbə gətirib oxutmaq üçün böyük əmək sərf etməli olur.

Mirzə Cəlil hətta o dövr üçün böyük bir “hünər” də göstərir: Nehrəmdə məktəb müdiri olanda oğlanlarla bərabər 8 nəfər qızı da təhsilə cəlb edir. Uşaqları həvəsləndirmək üçün onların bir çoxunun kitab, dəftər, ayaqqabı və paltarlarını da özü alır.

Yazıçılığa 1887-ci ildə “Çay dəstgahı” adlı mənzum alleqorik pyesi ilə qədəm qoymuşdur. Az sonra o, “Kişmiş oyunu” hekayəsini qələmə alır, 1894-cü ildə isə ilk iri həcmli, sanballı nəsr əsəri “Danabaş kəndinin əhvalatları” povestini yazmağa başlayır. O illərdə Qafqaz müsəlmanlarının sosial-mədəni tərəqqisi üçün hərə bir yol göstərirdi: islam dinində islahat aparmaq; mətbuatı inkişaf etdirmək; ərəb əlifbasını yeni, daha asan əlifba ilə əvəz etmək və s. M.Şahtaxtlı, V.Radlox, İ.Qaspriniski, Ə.Ağaoğlu, S.Mehmandarov kimi alim və publisistlərlə bərabər Mirzə Cəlil də bu işə qoşulub, yeni bir əlifba layihəsi düzəltmişdir. 1895-ci ildə o, bu layihəni aparıb Peterbuqda tanınmış jurnalist, “Novoye vremya” qəzetinin redaktoru A.Suvorinlə məsləhətləşir. Bütün başqa təkliflər kimi onun da təklifi həyata keçirilməmiş qalır.

1898-1901-ci illərdə Naxçıvan və İrəvanda inzibati idarələrdə məmur işləyən Mirzə Cəlil vətənin görkəmli ziyalıları E.Sultanov, M.Sidqi, P.Sultanov və M.Kəngərli ilə tanış olub dostluq edir. O, əvvəlki kimi yenə kəndlərdə, el arasında çox olur, çarizmin yerlərdəki qəddar siyasətinin yaxından şahidi olub xalqın vəziyyətinə bərk acıyır. Həmvətənlərinə qəhmər çıxıb kömək etmək məqsədi ilə onlar üçün ərizələr yazır, məhkəmədə vəkillik edir. Təzəcə evlənmişdi ki, arvadı Həlimə Nağı qızı vəfat edir, 1 yaşlı qızları Münəvvər anasız qalır.

1901-ci ilin yayında İrəvan məhkəməsində vəkil işləyən zaman Mirzə Cəlil dostu Məhəmmədqulu bəylə ikibaşlı qohum alır: bacısı Səkinə xanımı ona verir və özü onun bacısı Nazlı xanımı alır.

Ailə həyatı yenicə səhmana düşmüşdü ki, işləri yenə korlanır: əvvəlcə vəkillik imtahanı verib diplom almaq təşəbbüsü baş tutmur, sonra bacısı vəfat edir. 1903-cü ilin axırında Nazlı xanımı ağır xəstə halında Tiflisə aparmalı olur. Müalicənin xeyri olmur.

Ədib 3 il hər gün onun qəbri üstünə çiçək dəstəsi qoyur.

Tiflisdə Mirzə Cəlil məşhur şərqşünas və publisist, həmyerlisi Məhəmmədağa Şahtaxtlı ilə rastlaşır. 1904-cü ilin yazında onun “Şərqi-rus” qəzetində işləməyə başlayır. Burada işləməyi onun üçün bir neçə cəhətdən xeyirli olur. Yaxşı bir jurnalistika məktəbi keçir, bir az əvvəl yazdığı “Kişmiş oyunu” və “Poçt qutusu” hekayələrini ilk dəfə bu qəzetdə nəşr etdirir və ömrünün axırınadək dostu, əməkdaşı olan Ömər Faiq Neymənzadə ilə burada görüşür. 1904-cü ilin axırı, 1905-ci ilin əvvəli ədibin ömrünün ən ağır dövrlərindən biri olur: ata-anasını və dostu M.Sidqini itirir, dostu M.Kəngərli erməni-daşnak canilər tərəfindən qətlə yetirilir. M.Şaxtaxtlı “Şərqi-Rus” qəzetini bağlamalı olur. Nəhayət, çarizm ermənilərin əli ilə bütün Qafqazda qanlı hadisələr törədir.

Belə bir vaxtda Cəlil Məmmədquluzadə və Ömər Faiq tacir Məşədi Ələsgər Bağırzadənin pulu və iştirakı ilə M.Şaxtaxtlının mətbəəsini alıb onu “Qeyrət mətbəə nəşriyyatı” adlandırırlar. Burada türkçə, farsca, ərəbcə kitablar, Firdovsi, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Namiq Kamal və başqa müəlliflərin kitabları, teleqraf xəbərləri çap olunur. Işlər yoluna düşəndə Mirzə Cəlil “Novruz” adlı qəzet çıxarmağa icazə alır, amma elə o günlərdə o, Ömər Faiqlə “Molla Nəsrəddin” adlı satirik jurnal nəşr etmək kimi çox cəsarətli plan tuturlar.

1905-ci ilin axırlarında Tiflisin Qarpız meydanında azərbaycanlıların keçirdikləri böyük mitinqin təşkilatçılarından biri Mirzə Cəlil idi. Mitinqdə xalqa aid məsələləri müzakirə və həll etmək üçün seçilən komitənin üzvlərindən biri də o olur. Ədib xatiratında yazır: “O zaman ki, azadi-tələb firqələr müharibədən (rus-yapon müharibəsindən – red.) zəif düşmüş Nikolay hökumətinin üstünə hücum başladılar, o vaxt biz də vaxtdan istifadə edib, özümüz üçün bir zəminə axtardıq ki, orada biz də öz dərdi-dilimizi deyə bilək”. Onlar üçün ən yaxşı vasitə “Molla Nəsrəddin” jurnalı oldu. Birinci nömrəsi 1906-cı il aprelin 7-də çapdan çıxan “Molla Nəsrəddin”in naşiri və məsul redaktoru Mirzə Cəlil idi. Mətnlərin hamısını onunla Ömər Faiq yazmış, rəsmlərini milliyyətcə alman olan məşhur rəssam O.Şmerlinq çəkmişdi. Jurnal ilk nömrəsindən böyük şöhrət qazandı.

Həmin il Mirzə Cəlilin həyatında başqa bir əlamətdar hadisə də baş verir. O, Tiflisdə tarixçi Əhməd bəy Cavanşirin qızı, Qarabağın maarifpərvər və xeyriyyəçi qadınlarından Həmidə xanımla tanış olur. Onlar evlənirlər. Bundan sonra ədib tez-tez Həmidə xanımın yaşadığı Kəhrizli kəndinə gedib ailənin təsərrüfat işlərinə və burada açdıqları məktəbin fəaliyyətinə yaxından kömək edir. Bədii yaradıcılıq üçün əlverişli şərait düzəldəndən sonra, 1909-cu ildə Mirzə Cəlil “Ölülər” pyesini yazır. Amma onu böyük çətinliklə ancaq yeddi il sonra, 1916-cı ildə Bakıda tamaşaya qoymaq mümkün olur. N.Vəzirov, N.Nərimanov, Ü.Hacıbəyov və b. mətbuatda bu münasibətlə öz heyranlıqlarını ifadə edirlər. Nərimanov təbrikində “Ölülər”i “ideyası inqilabi əsər” adlandırmışdı. Tamaşanın təşkilində böyük xidməti olan Ü.Hacıbəyov isə “Açıq söz” qəzetində yazmışdı ki, “Ölülər” “Molla Nəsrəddin” kimi baltanı dibindən vuran bir pyesdir. Çox çəkmədən Mirzə Cəlilin əsəri Orta Asiya, Tatarıstan, İran və s. ölkələrdə də tamaşaya qoyulur.

Ədəbi jurnalistlik fəaliyyəti

Ədəbi jurnalistlik fəaliyyəti onun şöhrətini Qərb və Şərqdə yayır. “Molla Nəsrəddin” jurnalının redaksiyası yaradıcı ziyalıların – yazıçı, jurnalist, artist və rejissorların görüş, müsahibə, iş yerinə çevrilir. C.Məmmədquluzadə xüsusilə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, İsmayıl bəy Qasprinski, Nəriman Nərimanov, Məmmədəmin Rəsulzadə, Seyid Cəfər Pişəvəri, Eynəli Sultanov, Hüseyn Minasazov kimi şəxsiyyətlərlə, habelə “Şərqi-Rus”da işlədiyi vaxtdan tanıdığı şərqşünas-senzor Mirzə Şərif Mirzəyevlə işgüzar əlaqələr saxlayır. O, kütləvi təbliğatda da iştirak edir. Tiflis, Şuşa və Həştərxanda aktual mövzularda mühazirələr oxuyur. Belə mühazirələrdən biri respublika üsul idarəsi və ümumiyyətlə tarixdə dövlət məsələsi barədə idi.

Ədib 1917-ci ilin fevral və oktyabr hadisələrinin, habelə Müsavat hakimiyyətinin mahiyyətini bir qədər gec başa düşmüşdü. Bunun səbəbi o illərdə siyasətdən, ictimai həyatdan uzaq düşüb Kəhrizlidə yaşaması, ailə qayğıları, yerli inqilabçılardan bəzilərinin Həmidə xanımı təqib etmələri, qardaşı Ələkbərin İranda həbs olunması idi. 1920-ci ilin iyun ayında Məmmədquluzadələr ailəliklə Təbrizə köçməli olurlar. Təbrizlilər onları hörmətlə qarşılayırlar. Mirzə Cəlil Demokrat Partiyasının başçısı, dərin ehtiram bəslədiyi Şeyx Məhəmməd Xiyabaninin görüşünə gedir.1921-ci ildə köhnə mollanəsrəddinçi dostlarının köməyilə ədib jurnalın nəşrini davam etdirir. Təbrizdə “Molla Nəsrəddin”in

8 nömrəsi çıxır. Yerli ziyalılar onun “Ölülər”pyesini tamaşaya qoyurlar. 1921-ci ilin iyun ayında Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun dəvət teleqramına əsasən ailə Bakıya köçür. 1922-ci ildən “Molla Nəsrəddin” burada nəşr edilir. Mirzə Cəlil Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizəd seçilir, “Yeni yol” adlı yeni qəzetin məsul redaktoru təyin olunur, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin rəhbərlərilə Orta Asiya, Kazan, Ufa və Krımın şəhərlərinə ezamiyyətə gedir. Doğma xalqının fəal, yorulmaz xadimi respublikada mədəni inqilabın qələbəsi, kütlələrin savadlanması, təhsil alması, ədəbiyyat və mətbuatın tərəqqisi yolunda böyük işlər görür.

Bu zaman Mirzə Cəlil öz övladlarından və qohum-əqrabanın uşaqlarından ibarət böyük bir ailəyə başçılıq edirdi. Həmidə xanım Bakıya köçüb gəlmişdi. Oğlanları Midhət iqtisadçı, Ənvər tələbə idi. Müzəffər Münəvvərlə ailə qurmuşdu.

İyirminci illərin axırlarında “proletar ədəbi hərəkatı” adı ilə qüvvətlənən solçu cərəyan digər böyük yazıçılar kimi, Mirzə Cəlili də “burjua yazıçısı” kimi qələmə verib gözdən salmağa çalışır, onun jurnalını gözümçıxdıya salırlar.

1930-cu ildə “Molla Nəsrəddin” adının “Allahsız” adı ilə əvəz olunması da yorğun və xəstə olan qocaman ədibin halını büsbütün pisləşdirir.

Cəlil Məmmədquluzadə 1932-ci il yanvarın 4-də Bakıda vəfat etmişdir. Qəbri Fəxri xiyabandadır.

Mirzə Cəlil haqqıda xatirələr:

* “Əl verməmək və uzun danışıqlarla işdən ayırmamaq xahiş olunur”.

- Bu sözlər Mirzə Cəlil redaksiyanın girəcəyində divara yazıb vurmuşdu. Yazıçı redaksiyaya gəlib çox zaman lüzumsuz söhbətlərlə onun vaxtını alanlardan bezmişdi. Bundan başqa, tanımadığı adamlarla əl tutub görüşdükdən sonra mütləq gedib əllərini yuyurdu.

* Tək işləməyi sevərdi, ən xırda səs belə onun fikrini dağıdıb, işini yarımçıq qoya bilərdi.

* Adətən, gecə saat 4-ə kimi işləyər, səhərlər yuxudan gec qalxardı. Gecələr pis yatanda səhərlər əsəbi, yaxşı yatdıqda isə gülərüz, zarafatcıl olardı.

* Qənaətcil idi, hər qəpiyinin qədrini bilirdi. Eyni zamanda, çox xeyirxah, axırıncı tikəsini başqasına verməyə hazır adamıdı. Həmişə fikirli olurdu.Çox kəskin eşitmə və iybilmə qabiliyyəti vardı. Pinti adamları iylə tanıya, qonşu otaqdakı pıçıltını belə eşidə bilirdi. Hər adama asanlıqla inanmaz, çox tez də inciyərdi.

Cəlil Məmmədquluzadə bir dəfə Tiflisdə yolla gedərkən gənc bir oğlan onun cibinə girərək əlyazmalarını çıxarır.

Demə, bu hadisəni polis uzaqdan görürmüş. Tez gəncin arxasıyca qaçaraq onu yaxalayır. Cəlilin gəncə yazığı gəlir, elə polisin yanında ona yaxınlaşıb ərklə deyir:

– Sənə neçə dəfə demişəm ki, tələsmə, niyə tələsirsən, bir neçə gündən sonra jurnalda çıxar oxuyarsan.

Sonra ərklə də kağızı cavan oğlandan alır. Polis onların bir birini tanıdığını zənn edib oradan uzaqlaşır.

* Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi 1907-ci ildə kiçik kitabça halında çıxır. Bir qrup gənc ziyalı Qurbanəli bəy tipində bir bəylə zarafatlaşmaq üçün onun yanına gəlirlər. Deyirlər ki, bəy, Molla Nəsrəddin sənin barəndə hekayə yazıb, amma adını dəyişib. Hekayəni bəyə oxuyurlar. Bəy razılıq əlaməti olaraq başını yırğalayıb möhkəmcə gülür. Hekayənin axırına çatanda isə yaman dilxor olur. Deyir ki, yalandı. Mən bir qonaqlığa görə axurda gizlənənlərdən deyiləm. Ondansa arvad ləçəyi bağlamaq daha yaxşı olardı.

Cavanlar zarafatın alındığını görüb bəyin üstünə gedirlər:

– Bəy, eybi yox, Tiflisə yolun düşəndə gedib cavabını verərsən.

– Ay kişilər, mən qonaqlara qonaqlıq da vermişəm, o pristav köpəyoğluna at da bağışlamışam. Amma bu gör nə yazıb?! Məni bir qonaqlığa görə axura salıb. Elə günü sabah gedib cavabını verəcəyəm.

Deyilənə görə, səhəri gün həmin adam Tiflisə gedib Mirzə Cəlili tapır və əhvalatı ona nəql edir:

– Molla, vallah-billah, nəyə inanırsan inan, mən axura girməmişəm, sizə yalan deyiblər. Kişi də bir atdan ötəri axura girər?! Onda gərək biz adımızı gədə qoyardıq.

Mirzə Cəlil başa düşür ki, bəyi aldadıblar. Odur ki, deyir:

– Eybi yoxdur, bəydadaş, gələn dəfə yazanda axura girmək əhvalatını pozaram. Onda məndən inciməzsən ki?

– Yox, vallah. Bir yaxşı at da sənə bəxşeyiş edərəm, – deyə cavab verir.

Jurnalist Hidayət Elvüsal: "Böyük KİŞİ. SÖZ USTASI. Bu millətin elə bu gün də hökm sürən nöqsanlarını cəsarətlə anladan MÜƏLLİM!

İllər boyu yazdım. Amma MİRZƏNİN bircə cümləsinə bərabər olan nə hekayəm oldu, nə də hekayətim.

İstənilən yazısını dərc edin-sanki indicə, bu gün qələmə alıb..."

Allah rəhmət eləsin.

Məkanı cənnət olsun!

Həmişə bizimləsiz böyük yazarımız, Müəllimimiz!

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq