Hindistanla Çin əsgərləri arasında silahlı toqquşmalar olub

img

25-01-2021 [12:14]


Himalay dağlarında Hindistanın Sikkim ştatı ilə Çinin Tibet Muxtar Vilayəti arasında yerləşən sərhəddəki Natu La aşırımında Hindistan və Çin sərhəd qüvvələrinin əsgərləri arasında silahlı toqquşmalar yaşanıb.

TASS xəbər verir ki, bu barədə “Latestly” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Çin Xalq Azadlıq Ordusunun hərbçiləri Hindistan ərazisinə soxulmağa cəhd edib, Hindistan hərbçiləri onların qarşısını alıb. Toqquşmalarda 20 çinli və hindistanlı əsgər yaralanıb.

Nəşrin yazdığına görə, ərazidəki vəziyyət artıq nəzarət altındadır. Hadisə ilə bağlı başqa təfərrüatlar verilmir.

Bu məlumat Hindistan və Çinin Quru Qoşunları Komandanlığı nümayəndələrinin sərhəd bölgələrindəki vəziyyəti və qoşunların geri çəkilməsi məsələlərini müzakirə etməsindən bir müddət sonra yayılıb. Bu görüş 15 saat davam edib və bazar ertəsinə keçən gecə saat 02:30 radələrində başa çatıb.

Xatırladaq ki, sərhəd bölgəsində vəziyyət keçən ilin may ayının əvvəlində Ladaxda təxminən 250 Çin və Hindistan əsgəri arasında toqquşma baş verdikdən sonra kəskinləşib. Hər iki tərəfdən 100-dən çox insan yaralanıb. İyunun 15-dən 16-na keçən gecə Ladax ittifaq ərazisindəki Qalvan çayı ərazisində Hindistan və Çin hərbçiləri arasında yeni toqquşmalar yaşanıb. Hindistan ordusundakı mənbələr odlu silahdan istifadə etmədiklərini bildirib. Azı 20 Hindistan əsgəri ölüb, 76 nəfər yaralanıb. Hindistan tərəfi həmçinin qarşıdurmalarda 45-dək Çin əsgərinin öldüyünü və ya yaralandığını iddia edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR