Emin Əmrullayevdən təhsil haqlarının ləğvi barədə suala cavab: "Əksər tələbələrin nəzəri olaraq təhsil haqqını ödəmə problemi olmamalıdır”

img

22-01-2021 [12:32]


“Şagirdlər 4 milyondan artıq elektron dərsliklərə müraciət ediblər. Belə hallarda ən böyük təsirlər imkanı daha aşağı olan təbəqələrə dəyir. Şərait müəllimlər və şagirdlər üçün də bir o qədər asan deyildi”.

Bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu dövr ərzində şagirdlərin müstəqil öyrənmə bacarıqlarında müsbət dinamikanı müşahidə etmək olar: "Ümid edirik ki, bu müsbət dinamika baş verib”

Nazir daha sonra ali məktəblərdəki vəziyyətə toxunub.

Bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur: "Prezidentin müvafiq sərəncamı ilə həmçinin 11 500 tələbəyə sosial yardım göstərilib: “Bu gün ali təhsil alan tələbələrin 100-dən 56-sı dövlət hesabına oxuyur. Son illərdə dövlət sifarişli yerlərlə bağlı da müsbət dinamkianı müşahidə edirik. Hazırda I kursda oxuyan tələbələrin 60 faizdən çoxunun təhsil haqqını dövlət ödəyir. Yerdə qalan hər bir tələbənin də belə bir probleminin olmasını güman etmək olmaz. Əksər tələbələrin nəzəri olaraq təhsil haqqını ödəmə problemi olmamalıdır".

Nazir deyib ki, təhsil haqqının ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir: "Əgər elə olsa, biz rəqabət prinsipindən uzaqlaşmış olarıq”.

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır: “Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər. Təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırırıq. Bununla bağlı dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR