Maşınların sənədləri, cərimələr, pərdə, jalüz və plyonka ilə bağlı yeni qaydalar olacaq - Dəyişikliklər

img

22-01-2021 [11:14]


Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Mia.az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bundan başqa, layihədə aşağıdakı təkliflər nəzərdə tutulub:

- Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

- Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir. Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

Digər dəyişikliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, İXM-ni 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər cərimə olunacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Başqa bir dəyişikliyə əsasən isə, şəxs İXM-in 346-cı maddəsində (dayanma və ya durma qaydalarının pozulması) nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Layihi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR