Azərbaycanla Türkmənistan Anlaşma Memorandumu imzalandı: "Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki..."  + FOTOLAR

img

21-01-2021 [14:50]


21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Mia.az xəbər verir ki, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Prezident İlham Əliyev deyib ki, bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır: "Bu da ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Əminəm ki, ölkələrimiz arasında hər səviyyədə, ilk növbədə, prezidentlər səviyyəsində yaxından siyasi əməkdaşlıq olmasa, bugünkü sənəd imzalana bilməzdi”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair Anlaşma Memorandumunun imzalanması uzun illərdir davam edən böyük işlərin bəhrəsidir: “Çox mühüm, gələcək vəd edən layihəyə başlayırıq. “Dostluq” yatağında Türkmənistan ilə Azərbaycanın birgə fəaliyyəti, şübhəsiz ki, uğurlu və səmərəli olacaq. Bu tarixi sənədə verdiyiniz dəstəyə, xalqlarımız və dövlətlərimiz arasındakı dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinin daha da inkişafına şəxsi töhfələrinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Bu sənəd enerji sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşmamızın güclənməsinə, iki böyük enerji dövlətinin potensialının üzə çıxmasına, Xəzər regionunda dayanıqlı energetikanın, geniş və qarşılıqlı faydalı beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli zəminin yaradılmasına yönəlib”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR