Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi - FOTOLAR

img

21-01-2021 [09:11]


20 Yanvar faciəsinin ildönümü hər il ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edilib. Bu il isə faciənin 31-ci ildönümü Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun tarixi torpaqlarımızı erməni işğalından azad edilməsi ilə əldə olunan Zəfərin yaratdığı yüksək əhval-ruhiyyədə qeyd edilir. Qələbə nəticəsində azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçən 20 Yanvar, I Qarabağ müharibəsi şəhidlərinin qanları yerdə qalmadı, ruhları şad oldu.

Mia.az xəbər verir ki, bu il ilk dəfə şəhidlərimizi qalib, bütöv ölkənin vətəndaşları olaraq yad edirik. Faciənin ildönümü dünyanı bürüyən koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində keçirilir.

20 Yanvar faciəinin 31-ci ildönümünün qeyd edilməsinə Şirvan şəhərinin Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq, yenidənqurma işləri ilə başlanıldı. Bu gün isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri xüsusi karantin rejiminin qaydaları gözlənilməklə öncə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət etdilər. Abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.

Sonra isə Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Şirvan şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı ziyarət olundu. İcra başçısı öncə şəhidlərin xatirəsinə ucaldılan Əbədi məşəl abidəsi önünə gül dəstəsi qoydu. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhid məzarlarını və itkinlərin xatirəsinə ucaldılan abidəni də ziyarət edərək önünə tər qərənfillər düzdülər.

Şəhid ailələri Xiyabanda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.

İcra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri Şirvan şəhərindən I Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edərək xatirələrini yad etdilər, önlərinə tər güllər qoydular.

Şəhərin el qəbiristanlığında uyuyan şəhidlərin məzarları da ziyarət edildi, ruhlarına dualar oxundu.

Daha sonra həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarüstü abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyuldu.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillərdən səs siqnalları verildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR