BİR DƏNİZ HÜNƏRİ...- Azərbaycan mülki dənizçilərinin 4 günlük qəhrəmanlıq salnaməsi

img

20-01-2021 [15:38]


22 yanvar 1990-cı il. Azərbaycan xalqını tarixinin ən məşum gecə-gündüzündən hər biri il kimi ağır keçən saatlar ayırır. Sözdə təsisçilərindən biri olduğu Sovet İttifaqının hərbi-siyasi rəhbərliyi ona qarşı cəza əməliyyatı başlayıb.

Onun daha ləyaqətli həyat uğrunda mübarizəsinə güllə ilə qarşılıq verilir. Qan tökülüb, xeyli şəhid və yaralı var, fəal etirazçılar tutulur, onlara işgəncə verilir, amma Azərbaycan xalqının gözünü qorxutmaq mümkün olmayıb. Onun əzmini qıra bilməyiblər.

Bakının küçə və meydanlarında Moskvanın yarıtmaz siyasətinə etirazlar səngimir. İndi o siyasəti təpədən-dırnağa silahlanmış əliqanlı ordu, onun top-tüfəngi, tankı, beteeri, beempesi təmsil edir. Əks tərəfdə isə əliyalın xalqın düyünlənmiş yumruqları, qəzəbli baxışları, alovlu ürəyi və... dərdi durub. Bu gün o öz şəhidlərini dəfn edir. Bu gün o, bəlkə də, iki gün qabaqkı hünərindən daha böyük hünər göstərir. Bu gün o, tək-tək yox, ellikcə şəhid olmağa hazırdır. Şəhər sayı on minlərlə ölçülən hərbi qüvvənin əlindədir, fövqəladə vəziyyət elan olunub, amma buna rəğmən milyon yarımdan artıq insan baş verə biləcəkləri göz önünə almadan Azadlıq meydanına, oradan da Dağüstü parka axışır. Şəhidlərə son borcunu vermək – onları hünərlərinə yaraşan şəkildə torpağa tapşırmaq üçün. Dərdin və milli ləyaqətin yumruq kimi birləşdirdiyi izdihamı, qara bağlanmış bayraqları, qərənfil yağışını... – bütün bu faciəvi, amma möhtəşəm mənzərəni Xəzərdə dövrə vurmuş gəmilər və onlardan ucalan fit səsi tamamlayır. Dənizçilərin bu aksiyası həm etiraz ifadə edir, həm də sahildəkilərə sanki toxtaqlıq verir:

“Biz burdayıq”, – deyir, – “arxanızdayıq, sizi qoruyuruq”, – deyir. Və hələ çox adam xəbərsizdir ki, həmin o dənizçilər, onların son iki gündəki vətəndaşlıq hünəri olmasaydı, bugünkü ümumxalq dəfni baş tutmaya bilər, faciənin miqyası bir az da böyüyərdi...

“Xəzər Dəniz Neft Donanması”nın kollektivi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, azadlıq və demokratiya uğrunda xalq hərəkatının öncül dəstələrindən idi. 1988-ci ilin Meydan hadisələrindən başlayaraq dənizçilər xalqın mərkəzi və yerli rəhbərlik qarşısında qaldırdığı haqlı tələbləri müdafiə edir, ümumrespublika tətil və nümayişlərində fəallıq göstərirdilər. Onların hər cür radikallıqdan uzaq, düşünülmüş addımları Azərbaycan xalqının qanuni maraqlarına tam cavab verirdi.

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Biz istəyirdik ki, dürüst, peşəkar və vətənpərvər insanlarımız cəmiyyətdə aparıcı qüvvəyə çevrilsinlər və beləcə xalqımızı narahat edən həm köhnə, həm təzə problemlər öz həllini tapsın...”

1980-ci illərin sonunda yenidənqurma və “dünya erməniliyinin” torpaq iddialarıyla mübarizə dalğasında Azərbaycan xalqı öz tarixinin növbəti yüksəlişini yaşayır. O təşkilatlanır və dövlət idarəçiliyində ard-arda yanlış və ədalətsiz qərarlar qəbul edən sovet rəhbərliyinə; onun yerli canişinlərinə; erməni separatçılarına və onların havadarlarına layiqli müqavimət göstərir. 1989-cu il sentyabrın 23-də Sovet İttifaqında ilk olaraq Azərbaycanda respublikanın suverenliyi haqqında konstitusiya qanunu qəbul edilir və bununla dövlət müstəqilliyimizin bərpası istiqamətində mühüm addım atılır. Nüfuzlu beynəlxalq nəşr olan həftəlik “Nyusvik” jurnalı 1989-cu il 25 dekabr tarixli nömrəsinin üz qabığına Azadlıq meydanının şəklini qoyur və üstünə də “Tarixin gedişi dəyişir”, “Azadlıq mücadiləsi” və iri hərflərlə “İlin xalqı” ifadəsini yazır.

Belə davam etsə, Azərbaycan xalq hərəkatı qarşıdakı parlament seçkilərini udacaq, milli hökumət formalaşdıracaq, azərbaycanlılar öz tarixi inkişaflarını təkamül yoluyla təmin edəcəklər. Baş verənlər Moskvanı bərk təəccübləndirir və qıcıqlandırır. Orada olduqca məkrli bir plan hazırlanır və sürətlə həyata keçirilməyə başlanır. 1989-cu ilin son günlərindən etibarən yerli dövlət orqanları iflic vəziyyətinə salınır, paytaxtda və bütün ölkə boyu ictimai asayiş pozulur, İranla sərhəd dirəkləri bir neçə yerdə sökülür, yanvarın 13-dən 15-dək Bakıda erməni talanları törədilir, qeyri-azərbaycanlı əhaliyə qarşı təxribatlar həyata keçirilir, bəzi rayonlarda dövlət hakimiyyəti devrilir. Bütün bunlar Azərbaycanda yerləşən 12 minlik sovet ordu və daxili qoşun hissələrinin gözü qarşısında baş verir. Mərkəzin faciənin qarşısını almağa tələsməməsindən belə anlaşılır ki, Azərbaycan xalqının düşmənlərinə hadisələrin məhz bu cür cərəyan etməsi lazımdır. Onda Azərbaycanın vətənpərvər övladları məsuliyyəti öz üzərinə götürür, ermənilərin və rusdilli əhalinin təhlükəsizliyinin qorunması üçün tədbirlər görürlər. Onlar anlayırlar ki, sovet rəhbərliyi onun öz göstərişi ilə baş vermiş bu təxribatları Azərbaycan xalqının ayağına yazacaq, xalq hərəkatının üstünə atacaq və bundan cəza əməliyyatları həyata keçirmək üçün bəhanə kimi istifadə edəcək. O günlərdə “Xəzər Dəniz Neft Donanması”nın şüurlu hərəkatçıları da şəhərdə ictimai asayişin bərpa olunmasında iştirak edir, gözlənilən cəza əməliyyatlarını qabaqlamaq və əngəlləmək üçün şəhərdəki hərbi hissələrin mühasirəyə alınmasına, Bakıya giriş yollarının bağlanmasına qoşulurlar.

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Biz iş yerimiz olan Liman-bazaya və Zığ şosesinə yaxın yerlərə nəzarət edirdik...”

Bundan başqa, “Xəzər Dəniz Neft Donanması”nın bir neçə gəmisi ermənilərin və rusdilli əhalinin Bakıdan köçürülməsinə cəlb olunur.

Yanvarın 19-unda axşam saat 8-ə 27 dəqiqə işləmiş Azərbaycan televiziyasının enerji bloku partladılır, yayım kəsilir. Moskvada SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Bakıda fövqəladə vəziyyət elan olması haqqında” fərman verir, Bakıda isə kimsənin bundan xəbəri olmur. SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin birgə hazırladığı kod adı “Udar” - “Zərbə” olan əməliyyat fərmanda nəzərdə tutulan vaxtda – 20 yanvar saat 00-da başlayır, onun ilk 20 dəqiqəsində qurbanların sayı 9-u ötür. Bütün giriş yollarından şəhərə soxulduqdan, dinc insanları qətlə yetirdikdən, rastlarına çıxan bütün nəqliyyat vasitələrini əzib keçdikdən, evləri, təcili yardım maşınlarını belə gülləyə tutduqdan sonra – artıq Bakıda hökm sürən fövqəladə vəziyyətin 7-ci saatında hərbi hakimiyyət fövqəladə vəziyyətin elan olunması haqqında fərmanı radio ilə səsləndirir. Həmin ana qədər hərbçilər 82 Bakı sakinini öldürüb, 20 nəfəri ölümcül yaralayıblar...

Faiq Səfərov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin mexaniki: “...19-u axşam bizim gəmi Neft Daşları tərəfdə idi; birdən radio ilə Bakıya qırğın başladığını dedilər... Mən bunu hava telefonu ilə ətraf gəmilərə çatdırdım...”

Hamı kimi “Xəzər Dəniz Neft Donanması”nın əksər işçiləri də həmin gecə Bakıda baş verən hadisələrin əsl miqyasını bilmirlər. Kimi işdə, növbədədir, kimi evdə, istirahətdə, kimi də... hansısa qanlı küçədə və ya xəstəxana qapısında. Səhər açılanda ötən gecənin müdhiş sirlərinin üstü də açılmağa başlayır. Hələ çox şey mübhəmdir, amma bir şey artıq gün kimi aydındır: Azərbaycan uzun illərdən sonra ilk dəfə azadlıq uğrunda şəhid verib və daha onun bu yoldan dönməyə haqqı yoxdur. Həyat və... mübarizə davam edir...

Respublikada maraqlı vəziyyət yaranıb: dövlət hakimiyyəti yoxdur – işğalçı hərbi rejim var, xalq hərəkatı yoxdur – xalq var. Azərbaycan xalqı özünün ən yaxşı övladlarının şəxsində həm dövləti, həm cəmiyyəti, həm xalq hərəkatını təcəssüm etdirir. Onun kollektiv iradəsi və özünütəşkili yeni bir müqavimətin əsasını qoyur.

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Liman-bazadan şəhər boyu keçib Prezident sarayının qarşısına gəldik...”

Sahilə yaxın gəmilərin gecə şəhərdən gələn atəş səslərini eşidən, işıqsaçan güllə yağışını görən heyətləri Bakı vağzalı tərəfə istiqamət götürürlər. Səhərə yaxın onlarla gəmi buxta boyu öz yerini tutur;axşama doğru gəmilərin sayı 100-ü keçir.

Rövşən Dəmirov, 20 yanvar 1990-cı ildə XDND “Neftqaz-64” gəmisinin kapitanı: “...20-si səhər, hələ bu barədə gəmi kapitanları birgə qərar qəbul edənə qədər “Xəzər Dəniz Neft Donanması”nın xeyli gəmisi artıq Bakı buxtasını, demək olar ki, qapamışdı...”

Bakı limanında lövbər salmış “Sabit Orucov” gəmisi “Xəzər Dəniz Neft Donanması”nın təşkil etdiyi müqavimətin mərkəzi olur. Yanvarın 20-i səhər əksər gəmi kapitanları və fəal dənizçilər bura toplaşırlar. Onların etirazını istiqamətləndirmək, habelə mülki gəmilərin təchizatını nizamlamaq və onların dəniz növbəsində olan neftçiləri sahildən götürüb buruqlara çatdırmasını təmin etmək üçün 7 nəfərdən ibarət qərargah – bir növ, kapitanlar şurası yaradılır. Bura Mövlud Əliyev, Ağalar İbrahimov, Murad Əliyev, Müzəffər Əliyev, İbrahim Salayev, Kişi Mütəllimov, Kərəm Məmmədov daxil olurlar. Qərargaha “Vodoley-4” teploxodunun təcrübəli və müdrik kapitanı Murad Əliyev başçı seçilir. Tez bir zamanda bir neçə mühüm qərar qəbul olunur:

“Xəzər Dəniz Neft Donanması”nın dənizçiləri Bakı Buxtasını qapayacaq, farvaterləri – hərəkət xətlərini bağlayacaq, Xəzər Hərbi Dəniz Donanmasının bazasındakı gəmiləri buxtanı tərk eləməyə, qıraqdakı hərbi gəmiləri isə buxtaya daxil olmağa qoymayacaqlar. Gəmilər gündüzlər hər yarım saatdan, gecələr isə hər saatdan bir fit verəcək. Xəzərdə və dünyanın bütün başqa su hövzələrində olan Azərbaycan gəmilərinin dor ağacından qara bayraq asılacaq və onlar 20 Yanvar şəhidlərinin qırxına qədər endirilməyəcək. SSRİ rəhbərliyinə tələbnamə hazırlanacaq və orada dinc əhaliyə qarşı qanlı cəza əməliyyatını dərhal dayandırmaq, qoşunları Bakıdan çıxarmaq tələb olunacaq. Bu şərtlərə əməl olunmayacağı təqdirdə dənizçilər gəmi yandırmaqdan bütün buxtanı odlamağa qədər ən sərt tədbirlərə əl atacaqlar. Dənizçilərə aid xüsusi rabitə kanalında xəbərdarlıq – SOS yayılacaq, bu yolla nəinki İttifaq və xarici ölkə dənizçilərinə, həmçinin dünya ictimaiyyətinə Bakıdakı faciə barədə məlumat ötürüləcək.

Yanvarın 20-i axşam saat 10-da ilk SOS verilir. İki dildə: rusca və ingiliscə.

“SOS. SOS. SOS. Hamıya! Hamıya! Hamıya! 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycana sovet qoşunları soxulub. Bakının küçə və meydanlarında minlərlə dinc silahsız insan öldürülüb, yaralanıb, tanklarla əzilib. İnsan haqları tapdanıb. Azadlığı üstün tutan bütün sivil dövlətlərdən kömək haqda çağırışlara hay vemələrini xahiş edirik. Qanı axmaqda davam edən Azərbaycan xalqı kömək gözləyir!”

Bu da növbəti SOS: “Yer planetinin sülhsevər ictimaiyyəti! Bakı və bütün Azərbaycanın dinc əhalisi qanına qəltan edilib. Qəhrəman ordu Kremlin göstərişi ilə Azərbaycanın azadlıqsevər vətəndaşlarını qətlə yetirir. Yer planetinin əhalisindən kömək gözləyirik!”

Səhərəcən dünya sularında üzən dənizçilər Bakıdan daha 4 həyəcanlı xəbər alırlar.

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Bu, informasiya blokadasının yarılması, 20 yanvar faciəsi barədə həqiqətin dünyaya yayılması demək idi...”

Faiq Səfərov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin mexaniki: “...Artıq ilk SOS-dan bir saat sonra birinci dəstək radioqramını qəbul etdik...”

Gördükləri işin düz olduğuna şübhə etməyən etirazçı kapitanlar Xəzər Hərbi Dəniz Donamasının rəhbər heyəti ilə radio-danışıqlar aparırlar. “Xəzər Dəniz Neft Donanması”nın hərbi gəmilərin buxtada hərəkətinə imkan verməməsi hərbçiləri üzüyola edib. Onlar “Vosxod” şərti adı ilə fəaliyyət göstərən radiostansiyadan “Sabit Orucov” gəmisi ilə rabitə əlaqəsinə girirlər. Əvvəlcə hədə-qorxu gəlirlər, hərbi donanmanın komandanı vitse-admiral Lyaşenko onlara mane olan bütün mülki gəmiləri batıracaqları ilə hədələyir. Görəndə ki, təhdiddən kar aşmır, dil tökməyə başlayırlar, amma yenə də Azərbaycan dənizçilərini fikirlərindən döndərmək mümkün olmur.

Üç onillik sonra o anlar Azərbaycanın vətənpərvər gəmiçiləri ilə sovet hərbi dənizçiləri arasında Bakı Buxtasında gedən əsəb və iradə savaşını duymaq üçün həmin o radio-danışıqların stenoqramı ilə tanış olmaq kifayətdir:
“Sabit Orucov”: Bizə qətlə yetirilmiş 1500 nəfərin cəsədinin stadionda olduğu haqda məlumat daxil olub...

“Vosxod”: Rəsmi məlumatda başqa rəqəmlər səsləndirilir. Onu siz də eşitmisiz.

“Sabit Orucov”: Biz rəsmi məlumatlara inanmırıq. SSRİ-də bütün rəsmi məlumatlar yalandır... Siz bizim gəmilərə şəhərdə nə baş verdiyini deyə bilərsiz? Sizin komandanlıq nə fikirləşir?? Bu nə atışma səsləridir belə?..

“Vosxod”: Bu mənim işim deyil.

“Sabit Orucov”: Onda kimin işidirsə, qoy o gəlib danışsın. Gəmilər gözləyir...”

Mülki dənizçilər hərbçilərlə danışığı kəsir və bir daha öz aralarında müzakirə aparırlar.
Bir qədər sonra, axşamçağı “Sabit Orucov” yenidən “Vosxod”la əlaqəyə girir və Azərbaycan dənizçilərinin son qərarını açıqlayır:

“Tələblərimiz olduğu kimi qalır. SOViKP-yə çatdırın ki, əgər bizim şanlı sovet qoşunlarımız Bakıdan çıxarılmasa, biz yerimizdən tərpənməyəcəyik. Hərbçilər azacıq təzyiq göstərsələr, biz bütün gəmiləri yandıracağıq. Bu bir... Bütün Qara şəhər, bütün tankerlər od tutacaq – bu da iki. Bu bizim qəti tələbimizdir. Bütün gəmi heyətləri hazırdır. Bizim Qara dənizdə də gəmilərimiz var. Xətdə gözləyirik!”

“Vosxod”: Anladım...

“Sabit Orucov” gəmisindəki qərargah Azərbaycan gəmilərinin hərəkətlərini ustaqlıqla tənzimləyir. Buxtadakı kanallar hərbi gəmilər üçün bağlı olaraq qalır.

Müəyyən təzyiqlərə baxmayaraq, “Xəzər Dəniz Neft Donanması”nın rəhbərliyi işçilərin vətəndaşlıq aksiyasını pisləmir, əksinə, altdan-altdan onlara dəstək verir, eyni zamanda, şəhər komendantı Dubinyakla görüşərək hərbçilərin hərəkətlərinə şəxsən etiraz edir, həmçinin dənizçilərin tələb və xəbərdarlıqlarını onun diqqətinə çatdırır.

Xəzər Hərbi Dəniz Donanmasının komandanı admiral Lyaşenko etirazçılarla danışıqda onları əmin edir ki, hərbi gəmilər yerlərini tərk etməyəcək. Lakin hərbçilər sözlərini tutmurlar: axşam saat 8 radələrində hərbi katerlərdən biri buxtaya girib “Çiləkən-1” gəmisini pulemyotdan gülləyə tutur.

Azərbaycan gəmilərindən biri əlüstü “Vosxod”u çağırır:

“İki dəqiqə qabaq sizin gəminiz bizim kran gəmimizə atəş açıb. Xəbərdarlıq edirəm: əgər mülki gəmilər arasında bircə hərbi gəmi peyda olsa, onu ilk olaraq mən batıracam. Komandanlığa məlumat verin”.
Daha bir səksəkəli gecə geridə qalır.

Səhəri reyddə dayanan gəmilərin heyətləri adından tələbnamənin qısa məzmunu növbəti dəfə efirdə səsləndirilir:

“Gəmi heyətləri qan tökülməsini dayandırmaq məqsədilə tələb edir:

1. 21.01.1990-cı il saat 24-dək qoşunlar Bakıdan çıxarılsın.
2. Bu gün Bakı Buxtasındakı gəmilərdən biri etiraz əlaməti olaraq yandırılacaq.
3. Əgər sahildən və ya dənizdən güc tətbiq olunsa, estakadaya yan almış bütün gəmilərə, tankerlərə, sahildəki neft anbarlarına dərhal od vurulacaq.
4. Əgər hərbi gəmilər hərəkətə keçsə, biz onları öz cəsədlərimizlə dayandıracağıq”.

Tələbnamənin əsli elə dünən – yanvarın 20-də axşam respublikanın Ali Sovet sədrinə çatdırılıb, başdakı ad ölkə başçısı Qorbaçovundur, onun qalan nüsxəsi də Bakının hərbi komendantına göndəriləcək.

Bu vacib sənədin preambulasında “Xəzər hövzəsinin mülki donanmasının tam heyəti” adından İttifaq hərbi-siyasi rəhbərliyi və respublika hakimiyyəti Azərbaycanın suverenliyini pozmaqda, insan haqlarını tapdalamaqda, minlərlə dinc insanın, qoca, qadın, uşaq və gəncin qanını tökməkdə ittiham edilir.

Yanvarın 21-i günortadan sonra da buxtadakı mülki və hərbi dənizçilər arasında əsəb müharibəsi davam edir. Şəhərdəki rusdilli əhali, xüsusilə zabit ailələri arasında şayiələr dolaşır ki, əgər qoşunlar Bakıdan çıxarılmasalar, ekstremistlər onlara silahla hücum edəcəklər. Azərbaycanlılar arasında isə belə söz-söhbət gəzir ki, guya öldürülənlərin sayı minlərlədir, sadəcə gizlədilir; şəhid cəsədləri şəhərdən çıxarılıb başqa yerlərə aparılır, hətta daşınıb dənizə tökülür. Bir sözlə, təxribat maşını tam gücüylə işləyir.

Zabit ailələrinin Xəzər Hərbi Dəniz Donanmasının bazasından hərbi gəmilərə mindirilərək Bakıdan köçürülməsinə ən böyük maneə azərbaycanlı gəmiçilərin hərəkət xətlərini tutması və buxtanı qapamasıdır. “Sabit Orucov”un “Vosxod”a növbəti radio-ismarışı bu haqdadır:

“Hərbçi ailələri Bakıdan çıxarılır. Bəs bizim ailələri kim qoruyacaq? Gəmilərinizi limana qaytarın!”

Azərbaycanlı dənizçilərin qorxusunu başa düşmək olar: onlar ehtiyat edirlər ki, ailə-uşaqlarının Bakıdan getməsi hərbçilərin əl-qolunu daha da açacaq və onlar azərbaycanlıları eləmədikləri cinayətlərə görə daha arxayın şəkildə cəzalandıracaqlar. Bundan başqa, hirsli baş və aldadıcı təəssüratlarla Sovet İttifaqının digər yerlərinə üz tutan rusdilli əhali orada anti-Azərbaycan təbliğatı aparacaq.

Daha bir nüans ondan ibarətdir ki, “Sabit Orucov”dakı qərargaha şəhid cəsədlərinin hərbi dəniz bazasındakı anbarlara yığılması, oradan da gəmilərlə sahildən uzağa aparılıb suya atılması barədə məlumat daxil olub. Mülki dənizçilər hərbi gəmiləri buxtadan çıxmağa qoysalar belə, onları yoxlamadan bunu edə bilməzlər.

Odur ki, azərbaycanlı gəmiçilərin “Vosxod”a radio-xəbərdarlıqları belə qısa və sərtdir:

“Sabit Orucov”: “Əgər bircə gəmi də çıxmağa səy göstərsə, həyatımız bahasına olsa belə, tarana gedib onu batıracağıq!”

“Vosxod”: “Vəziyyəti gərginləşdirmək lazım deyil. Gəmilər bir-bir keçəcək”.

“Sabit Orucov”: “Hərbi gəmilər yerindən tərpənməsin. Bu bizim son sözümüzdür. Nə öz əsəblərinizi sınağa çəkin, nə bizim əsəblərimizi”.

“Komsomolun 40 illiyi” gəmisindən “Vosxod”a deyilən sözlər isə kimdəsə artıq səbrin qalmadığını göstərir:

“Biz xəbərdarlıq etmədən gəlirik. Atəş aça bilərsiz. Daha kəlmə deyən deyilik!”

Kərəm Məmmədov, 20 yanvar 1990-cı ildə XDND “Komsomolun 40 illiyi” gəmisinin kapitanı: “...Bəli, mən hərbi gəmilər buxtadan çıxmağa cəhd göstərərlərsə, tarana gedəcəyimi bildirdim...”

Rövşən Dəmirov, 20 yanvar 1990-cı ildə XDND “Neftqaz-64” gəmisinin kapitanı: “...Niyyətimizin ciddi olduğunu göstərmək üçün tarana getməkdən başqa çarə yox idi...”

Azərbaycanlı kapitanlar yanvarın 21-i axşamı köçkün zabit ailələrindən ibarət iki hidroqrafik hərbi gəminin buxtadan çıxmasına icazə verirlər, lakin elə-belə yox: əvvəldən əldə olunmuş razılaşmaya görə, onlara baxış keçirmək üçün “Babazadə” gəmisi göndərilir. Lakin hərbi dənizçilər bu dəfə də vədlərini pozurlar. Mülki gəmi hərbi dəniz bazasına daxil olan kimi iriçaplı silahlardan atəşə tutulur.

Hərbi gəmilərin Bakı buxtasını tərk etməsinə mane olmağa çalışan daha bir neçə Azərbaycan gəmisi – “Neftqaz-10”,

“Neftqaz-18”, “Aktau”, “Atlet-21”, “Komsomolun 40 illiyi” gəmiləri gülləbaran olunur.

Rövşən Dəmirov, 20 yanvar 1990-cı ildə XDND “Neftqaz-64” gəmisinin kapitanı: “...Hidroqrafik gəmilərə yaxınlaşan kimi bizi avtomat atəşinə tutdular...”

Sonradan hərbçilər özləri etiraf edəcəklər ki, həmin gecə hidroqrafik gəmiləri iki artilleriya kateri müşayiət edib və onlardan “Neftqaz-64” gəmisinə avtomat toplardan atəş açılıb.

Azərbaycan gəmiçilərin növbəti radio-harayı bu haqda olur: ”...Bakının hərbi komendantı hərbi gəmilərə mülki gəmilərə qarşı silah işlətmək əmri verib... Bizi gəmi toplarından vururlar...”

Yanvarın 22-si sahildə də, dənizdə də əvvəlki günlərə nisbətən sakit keçir. Gecə Azərbaycan SSR Ali Soveti natamam heyətdə fövqəladə sessiyayatoplaşıb, xalq deputatları SSRİ-nin siyasi rəhbərliyi və hərbi komandanlığını Bakıda törətdikləri qırğına görə ittiham ediblər, cəza əməliyyatının dayandırılması və Azərbaycan paytaxtına gətirilmiş qoşunlarınrespublikadan dərhal çıxarılması tələb olunub.

Gündüz şəhidlər böyük bir mədəniyyət və mütəşəkkilliklə torpağa tapşırılır.

Kərəm Məmmədov, 20 yanvar 1990-cı ildə XDND “Komsomolun 40 illiyi” gəmisinin kapitanı: “...Liman-bazanın dispetçerinə deyilmişdi ki, oradakı dənizçilərimiz Dağüstü parka getsinlər...”

Faiq Səfərov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin mexaniki: “...Bizim gəmiçilər şəhidlər üçün qəbir qazılması və onların dəfn olunmalarında da iştirak ediblər...”

Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri: “...Bu işə bütün xalq qoşulmuşdu...”

...Azərbaycan dənizçilərinin etiraz aksiyası əvvəlki qaydada davam edir. Get-gedə çox adam, xüsusilə də hərbçilər başa düşürlər ki, “Xəzər Dəniz Neft Donanması”nın heyəti fikrində qətidir. Odla zarafat etməzlər, burada isə od yox, az qala yarımada boyda bütöv bir “yanacaq çəlləyi”dir. Görünür, etirazçıları dinləmək lazımdır.

Şəhidlərin dəfnindən sonra onlarla bir neçə görüş keçirilir.

Vacib görüş respublikanın Ali Sovetində baş tutur. Dənizçilər sədr Elmira Qafarovadan başqa vətənpərvər deputatlar, ziyalılarla da müzakirə aparırlar.

Kərəm Məmmədov, 20 yanvar 1990-cı ildə XDND “Komsomolun 40 illiyi” gəmisinin kapitanı: “...Orada bizi qəhrəman kimi qarşıladılar...”

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Aksiyamızın öz hədəfinə çatdığı, artıq onu dayandırmaq lazım olduğu deyilirdi bizə...”

Bu görüşün nəticəsi kimi etirazçılar tələbnamələrinə dəyişiklik edirlər: əvvəla, gəmi və anbarların yandırılacağı ilə bağlı 2-ci və 3-cü bəndin həyata keçirilməsi dayandırılır; sonrası, hakimiyyət, hərbi komandanlıq, mətbuat nümayəndələri ilə dialoqa girməyə icazə verilir; nəhayət, dənizçilərin tələbləri nəzərə alınmadığı təqdirdə öncəki tələbnamə qüvvəsində qalır.
Daha əlamətdar görüş Sovet İttifaqının rəhbərlərindən biri, Müdafiə naziri marşal Yazovla olur. “Xəzər Dəniz Neft Donanması”nı danışıqda “Babazadə” gəmisinin kapitanı Müzəffər Əliyev təmsil edir. Orada da respublikamızın hörmətli adamları iştirak edirlər.

Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri: “...Yazovun hədə-qorxuları kapitanın qilağına da deyildi...”
Yazovun acıqlı bir istehzayla: “Nu çto, bastuyem, kapitan?” - “Nədir, tətil edirsiz, kapitan?” – deyə verdiyi sualın cavabında azərbaycanlı kapitan ötkəm şəkildə: “Mı ne bastuyem – mı protestuyem!” – deyir, – “Biz tətil etmirik, biz etiraz edirik!”
Axşam Xəzər Dəniz Hərbi Donanmasının qərargahında admiral Sidorov üsyankar dənizçilərin başqa bir qrupunu qəbul edir. O, hərbi iyerarxiyada balaca yer tutmur: Sovet İttifaqı Hərbi Dəniz Donanmasının arxa cəbhə üzrə komandan müavinidir.
Kərəm Məmmədov, 20 yanvar 1990-cı ildə XDND “Komsomolun 40 illiyi” gəmisinin kapitanı: “...Sidorov hirsindən zəncir çeynəyirdi, hətta oradaca bizə hökm oxudu...”

...Göründüyü kimi, “Xəzər Dəniz Neft Donanması” gəmiçilərinin etirazları böyük əks-səda doğurub.

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Elə rəhbər şəxslərin, yüksək rəislərin bizimlə danışıqlara getməsi göstərir ki, dənizçilərin aksiyası necə ciddi qəbul olunub...”

Sahildə vəziyyətə tam nəzarət edən hərbçilər Azərbaycan dənizçilərinin Bakı buxtasında göstərdikləri hünər barədə düzgün informasiyanın yayılmasında maraqlı deyillər. Yerli kütləvi informasiya vasitələri iflis edilib və susdurub; mərkəzi teleradio və mətbuat hadisələri hərbi canilər istəyən tərzdə şərh edir; “çekistlər” xarici jurnalistlərin fəaliyyətinə hər vəchlə mane olurlar.

Mais Məmmədov, telejurnalist: “...Mərkəzdə bizim mövqeyimizi eşitmək istəmirdilər...”

Sovet İttifaqının baş hərbi qəzeti olan “Krasnaya Zvezda” 23 yanvar nömrəsində azərbaycanlı gəmiçilərin hərəkətlərini “dəniz quldurlarının düşməncəsinə çıxışı” adlandırır. Ölkənin “Pravda” və “İzvestiya” kimi əsas ideoloji ruporları onları iqtisadi sabotajda, siyasi ekstremizmdə ittiham edir; mülki dənizçiləri öz gəmilərində mifik silahlılara sığınacaq verməkdə günahlandırır; “Sabit Orucov” gəmisini Xalq Cəbhəsinin qərargahı elan edir.

Hiss olunur ki, bununla sovet hərbi-siyasi dairələri “Xəzər Dəniz Neft Donanması”nın etirazçı heyətinə qarşı hazırladıqları əməliyyatın informasiya əsaslandırmasını həyata keçirir. Onların qəzəb və qətiyyəti başadüşüləndir: Azərbaycanın mülki gəmiçiləri Bakı buxtasını qapamaqla hərbi dənizçiləri pis vəziyyətdə saxlayıblar. Onların buxtada maneəsiz hərəkəti mümkün olmayıb, açıq dənizə sərbəst çıxa bilməyiblər, buxtadan qıraqdakı nöqtələrə hərbi dəniz desantı çıxarmaq cəhdləri alınmayıb. Gəmilərdən ucalan etiraz fitləri, dor ağaclarından asılan qara bayraqlar, buradan dünya gəmilərinin efirlərinə yayılan SOS siqnalları, azərbaycanlı gəmiçilərin ölümün üstünə dirigözlü üzmələri, top-topxanalı gəmilərlə tarana getməkdən belə çəkinməmələri... daha nələr... nələr... hərbi cəlladların şəstinə bərk toxunub.
Dənizçilərimizin qəhrəmanlıq epopeyasının dördüncü gecəsi səksəkəli keçir...

Kərəm Məmmədov, 20 yanvar 1990-cı ildə XDND “Komsomolun 40 illiyi” gəmisinin kapitanı: “...Görüşlərdən sonra tərəddüdlərimiz artdı...”

Bakı hərbi komendantının əmri ilə yanvarın23-ü saat 24-də Bakı buxtasında fövqəladə vəziyyət elan olunur və mülki dənizçilərə buxtanı boşaltmaq üçün yanvarın 24-ü saat 16-yacan vaxt verilir. Səhəri gün gündüz saatlarında azərbaycanlı kapitanlar son müşavirələrinə yığılırlar. Qərara alınır ki, buxtanın mühasirəsi dayandırılsın; gəmilər dislokasiya yerlərinə dönsün; etiraz aksiyası başqa şəkildə davam etdirilsin.

Bu zaman maraqlı bir hadisə baş verir: hərbçilər yenə “Vosxod” radiostansiyasından efirə çıxır və bildirirlər ki, sahilə yaxın bir neçə gəminin, o cümlədən “Vodoley-4”, “Suxona”, “Neftqaz-30” gəmilərinin yerdəyişməsinə imkan verməyəcəklər. Onların məqsədi bir neçə saat sonra bəlli olacaq...

Kərəm Məmmədov, 20 yanvar 1990-cı ildə XDND “Komsomolun 40 illiyi” gəmisinin kapitanı: “Müşavirə bitər-bitməz hərbçilər gəmilərə hücum etdilər...”

Buxtanın boşaldılması üçün razılaşdırılmış vaxta hələ 2 saat qalmış sahildən Bakı dəniz vağzalına və o ətrafdakı gəmilərə hücum başlanır. Əməliyyatı hava desant alayının bölmələri həyata keçirir. Onlar atəş aça-aça vağzal binasını, daha sonra “Sabit Orucov” gəmisini ələ keçirirlər. Gəmidəki kapitanlar və digər etirazçılar həbs olunur.

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Bizi vağzalın binasına gətirdilər...”

Pis ad qazanmış general Lebed öz xatirələrində tabeliyində olan desantçıların Bakı vağzalı və “Sabit Orucov” gəmisini tutmasından danışanda yazacaq ki, bununla alay əsas tapşırığı icra elədi və müqavimətin komanda məntəqəsini, koordinasiya mərkəzini, beynini dağıtdı. Görünür, sadəcə ağıl və cəsarətindən başqa silahı olmayan mülki dəniz kapitanları ilə üz-üzə durduğunu etiraf etmək generala ar gəlib...

Azğınlaşmış desantçılar liman akvatoriyasında olan digər gəmiləriisə sahildəki döyüş maşınlarından güllə yağışına tuturlar. Sonralar onlar “Vodoley-4”, “Suxona” və “Neftqaz-30”gəmilərindən onlara atəş açıldığını, hətta nəticədə bir neçə əsgərin yaralandığını, onlardan birinin sonradan hospitalda vəfat etdiyini uyduracaqlar...

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Onlara bir tamaşa səhnələşdirmək lazım idi – hücuma bəraət qazandırmaqdan ötrü ...”

Kərəm Məmmədov, 20 yanvar 1990-cı ildə XDND “Komsomolun 40 illiyi” gəmisinin kapitanı: “...”Vodoley-4” od tutdu, bunlar onu söndürməyə tələsən “Vixr-12”-ni də gülləbaran elədilər...”

Rasim Sadıxov, fotojurnalist: “...Əsgərlər imkan vermirdilər əraziyə yaxınlaşmağa... Fotokameranı gizlədə-gizlədə çəkdim yaralı gəmini...”

Faiq Səfərov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin mexaniki: “...Sahildə bir qadın dəlik-deşik olmuş gəmini sanki bir igidi ağlayırmış kimi ağlayırdı...”

Artıq buna heç bir ehtiyac olmadan guya Bakı buxtasının blokadasına son qoymaq üçün desantçıların, dəniz piyadaçılarının, tank, vertolyot və hərbi gəmilərin cəlb olunduğu əməliyyat əslində göz qorxutma və qisas əməliyyatıdır. Bu əməliyyat daha bir neçə gün davam edir. Mülki gəmilərdə nə silah, nə silahlı kimsə, nə başqa qanunsuz nəsə tapılmır. Buna baxmayaraq, “Xəzər Dəniz Neft Donanması”nın 43 (77) qəhrəman dənizçisi, o cümlədən Kapitanlar Şurasının 3 üzvü – Murad Əliyev, Mövlud Əliyev və Ağalar İbrahimov həbs olunurlar. Həbs edilərkən, Bayıl və Şüvəlan türmələrində, yatabda, Rusiyadanın Orenburq və Ulyanovskzindanlarında vətənpərvər Azərbaycan dənizçilərinə işgəncə veilir. Amma onların üzündə elədiklərindən peşmançılıq ifadəsi görmək hərbi cəlladlara nəsib olmur...

Bir ay sonra dənizçiləri azad edirlər. Bu öz fədakar övladlarının arxasında durmağı bacaran Azərbaycan xalqının Qırmızı imperiya üzərində növbəti qələbəsi olur.

İl yarımdan sonra Azərbaycan öz dövlət müstəqilliyini elan edir.

Daha iki ay 12 gün keçir və Qırmızı imperiya tarixə qovuşur...

Ağalar İbrahimov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin kapitan köməkçisi: “...Biz o zaman düzgün qərar qəbul eləmişdik...”

Kərəm Məmmədov, 20 yanvar 1990-cı ildə XDND “Komsomolun 40 illiyi” gəmisinin kapitanı: “...Heç bir siyasi gücün olmadığı bir ölkədə dənizçilərimiz yüksək vətəndaşlıq nümunəsi göstərdilər...”

Rövşən Dəmirov, 20 yanvar 1990-cı ildə XDND “Neftqaz-64” gəmisinin kapitanı: “...Vətənə lazım olan istənilən anda o vaxt elədiklərimizdən də artığını etməyə hazıram...”

Faiq Səfərov, 20 yanvar 1990-cı ildə XDND “Şirvan-2” gəmisinin mexaniki: “...Bu qəhrəmanlığı unutmaq olmaz...”

1990-cı ilin Qanlı Yanvar günlərində “Xəzər Dəniz Neft Donanması” 4 gecə-gündüz Bakı buxtasını öz nəzarətində saxladı. O, əslində Azərbaycana işğalçı kimi gələnlərə Xəzərin Azərbaycana aid sularının həqiqi sahibinin kim olduğunu göstərdi. Lakin mülki dənizçilərimizin qəhrəmanlığı yalnız azadlıq və müstəqillik uğrunda mübarizələri ilə bitmədi. Donanmanın onlarla dənizçisi Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etdi, onlardan 25 nəfəri Qarabağ savaşında şəhid oldu. O ölümsüz igidlərin içərisində bu filmdə haqqında danışılan tarixi hadisənin iştirakçıları da vardı.

Seymur Şahbaz-zadə,

MİA.AZ

BİR DƏNİZ HÜNƏR
BİR DƏNİZ HÜNƏR
BİR DƏNİZ HÜNƏR


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR