ADA Universitetinin yeni nəşri Kamal Abdullanın kitabı olub

img

12-01-2021 [10:31]


“ADA” Universitetinin 2020-ci il üçün son nəşri Dünya Azərbaycanlılarının Həmrəylik Gününə ithaf edilib.

Universitetdən Mia.az-a verilən məlumata görə, tanınmış filoloq alim, professor Kamal Abdullanın müəllifliyi ilə “Azərbaycançılıq və Kitabi-Dədə Qorqud Dastanı” onun tərəfindən Universitetin “Azərbaycanşünaslıq” kursunda oxunan mühazirələr əsasında yazılıb.

Kitabda Azərbaycan, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışları, azərbaycançılığın bir məfkurə, siyasi hərəkat, mənəvi məkan kimi əhəmiyyəti barədə söhbət açılır, Azərbaycanın İntibah və Maarifçilik kimi tarixi dönəmlərdə bəşəriyyətə verdiyi töhfələr, XIX və XX əsrlərdəki “ilk dəfələri”, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin banisi kimi rolu işıqlandırılır. Ədəbi fikrimizin zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı mütəxəssisi, professor Kamal Abdulla bu nəşrdə Azərbaycanın multikulturallıq modelinin Dastandakı izlərini araşdırır, milli-mənəvi dəyərlərimizi qlobal dəyərlər fonunda qiymətləndirərək gənc nəsli Dastanı öyrənməklə dünya ilə adekvat münasibətlər qurmağa çağırır. Kitab digər təhsil müəssisələrində də “azərbaycançılıq” məfkurəsinin tədrisində dəyərli vəsait kimi istifadə edilə bilər.

“ADA” Universitetinin rektoru Hafiz Paşayev kitabın giriş sözündə bildirir ki, azərbaycanlıların “milli kimliyi” deyəndə, onlara məxsus dəyərlər, ənənələr, mədəniyyət, dil və dinlə çərçivələnən vahid özünüdərk başa düşülürsə, tətbiqdə bu, bir xalqın inkişafda olan hekayəsi kimi də qəbul oluna bilər və beləliklə, elmi baxımdan daim diqqətdə saxlanılmalıdır. Qloballaşma prosesi bəşəriyyətin gələcək inkişafında millətlərarası münasibətləri artırmaqla yanaşı, daha təkmil mədəniyyətlərarası ünsiyyətin vacibliyini də qarşımıza qoyub. Bu ünsiyyət üçün istifadə etdiyimiz “dil” bizi linqvistikadan daha geniş sahələrə yönəldir - qərarlarımızı milli kimliyimizi anlayıb, tarix və mədəniyyətimizin bizə açdığı imkanlardan istifadə edib formalaşdırmalı və dünya ilə ünsiyyət qurmalıyıq.

“Azərbaycançılıq və Kitabi-Dədə Qorqud Dastanı” kitabı “ADA” Universitetinin daha bir elmi-intellektual məhsulu kimi “Şərq-Qərb” nəşriyyatı tərəfindən çap edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR