XİN Ceyhun Bayramovun Həsən Ruhani ilə görüşünə dair məlumat yaydı

img

09-12-2020 [17:36]


Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşünə dair məlumat yayıb.

XİN Mətbuat xidməti idarəsindən Mia.az-a bildirilib ki, 9 dekabr 2020-ci il tarixində İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.

Prezident Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə isti salamlarını və xoş arzularını çatdırıb. Prezident Həsən Ruhani Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını məmnunluqla qeyd edib. İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Qonşu və dost ölkələrimizin həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyi vurğulanıb.

C.Bayramov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səmimi salamlarını İran İslam Respublikasının Prezidentinin diqqətinə çatdırıb. Nazir dost və qonşu İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan və İran arasındakı sərhəd dostluq və iqtisadi inkişaf sərhədi adlandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR