Sahibə Qafarova İtaliya parlamentinin deputatları ilə görüşüb

img

07-12-2020 [16:59]


Dekabrın 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker bildirib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin dərinləşməsinə xidmət edir.

Sədr qeyd edib ki, siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Siyasi dialoqun davamlılığı iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə öz müsbət təsirini göstərir: “Bu gün müstəqil Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasına öz töhfəsini verməkdədir. Təkcə neft deyil, TANAP və TAP kimi qaz layihələri də buna parlaq misaldır”.

Görüşdə sədr mədəni, humanitar, elm, təhsil sahələrində də əməkdaşlığımızın yüksək səviyyəsindən danışıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur.

Sədr deyib ki, son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb.

S. Qafarova qonaqların ölkəmizə səfərləri çərçivəsində Azərbaycanın Gəncə və Ağdam şəhərlərində olmalarını, Ermənistan tərəfindən törədilən hərbi cinayətlərlə yaxından tanış olmalarını yüksək qiymətləndirib.

İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib: “Bizim Azərbaycana səfərimiz məhz Azərbaycana olan dostluq münasibətinin göstəricisidir. Siyasi müstəvidə ən yüksək səviyyələrdə davamlı olan dialoq parlamentlərarası münasibətlərimizdə də özünü göstərir. İtaliya Senatının və Deputatlar Palatasının müxtəlif siyasi partiyaları təmsil edən bir qrup üzvünün Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfərlərini də məhz bu baxımdan dəyərləndirmək lazımdır”.

Qonaq qeyd edib ki, Azərbaycanın dostu kimi  onlar bölgə həqiqətlərini, burada gördüklərini İtaliya və dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəklər. Ettore Rosato vurğulayıb ki, onlar Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəklər.

Görüşdə çıxış edən İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Rossana Boldi, İtaliyalı senatorlar Maria Rizzotti, Adolfo Urso, Deputatlar Palatasının üzvü Pino Kabras, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrimizin bugünü və gələcək inkişaf perspektivləri, həyatın digər sahələrində münasibətlərimizin daha da dərinləşməsi barədə öz fikirlərini bölüşüblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR