Avropa İttifaqı: "Bu, həm Dağlıq Qarabağ, həm də Gürcüstan və Moldova üçün keçərlidir"

img

03-12-2020 [16:01]


"Çox şadam ki, uzun müddətli müzakirələrdən sonra biz sabah ATƏT-in yeni baş katibini seçəcəyik."

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ATƏT Nazirlər Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

Borrell bildirib ki, ATƏT yenilənmiş dinamika və qətiyyətlə irəliyə doğru getməlidir: “Aİ növbəti il İsveçin sədrliyi müddətində ATƏT-in əsas diqqət ayıracağı prinsipi - Avropanın Təhlükəsizliyi prinsipini dəstəkləyir. Bu gün çox təəssüf ki, bu məsələ günümüzə çox uyğundur. Çünki bu il biz bir sıra böhranla üzləşdik və onların çoxu 2020-ci ildə alovlandı.

Bildiyiniz kimi, Aİ çoxtərəflilik prinsipinə sadiq olaraq qalır. Yalqız getmək doğru seçim deyil. Əgər biz birlikdə hərəkət etsək, o zaman qərarlar da, həll yolları da daha yaxşı olacaq. Çoxtərəfli əməkdaşlıq şəraitində və insan hüquqlarına, qanunun gücünə hörmət edərək, iqlim dəyişikliyi və pandemiya da daxil olmaqla, üzləşdiyimiz problemlərə daha effektiv cavab verə, onların öhdəsindən gələ bilərik.

Lakin bu gün biz böhranların meydana çıxdığını, prinsiplərdən uzaqlaşmanı görürük. Aİ inanır ki, ATƏT regionda təhlükəsizliklə bağlı problemlərin öhdəsindən gəlmək üçün əsas platformalardan birdir. Avropanın təhlükəsizlik arxitekturası yalnız beynəlxalq hüquqa və ATƏT prinsip və öhdəliklərinə hörmət edilərsə, qoruna bilər. Bunlar da Helsinki Yekun Aktı və Paris Xartiyasıdır".

Aİ-nin Ali Nümayəndəsi Ukrayna münaqişəsi və Belarusdakı vəziyyətə, eyni zamanda Dağlıq Qarabağ məsələsinə toxunub: "Biz hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. İnanırıq ki, noyabrın 9-da Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs razılaşması hərtərəfli həll yolu istiqamətində ilk addımdır. Lakin atəşkəs sülh deyil. Biz avropalılar bunu çox yaxşı bilirik. Dayanıqlı sülh, o cümlədən Dağlıq Qarabağın statusu hələ də müzakirə olunmalıdır. Aİ yalnız təsdiqlənmiş format olan ATƏT-in Minsk Qrupuna tam dəstəyini bir daha ifadə edir. Gəlin icazə verək ATƏT-in Minsk Qrupu həmsədrləri bu məsələni izləsinlər. Aİ bu səylərə və dayanıqlı sülhün əldə olunmasına gətirib çıxaran razılaşmaya və bütün Cənubi Qafqazın rifahına, çiçəklənməsinə öz töhfəsini verməyə hazırdır. Biz bəyan etmişik ki, regionumuzdakı uzunmüddətli münaqişələr iştirakçı ölkələr bu münaqişələri ATƏT prinsiplərinə uyğun olaraq həll etməyə razılaşdığı təqdirdə həll oluna bilər. Bu, həm Dağlıq Qarabağ, həm də Gürcüstan və Moldova üçün keçərlidir.

ATƏT regionunda stabillik və təhlükəsizlik Aİ üçün strateji prioritetdir. Aİ olaraq biz bütün imkan və alətlərimizi bu məqsədə çatmaq üçün səfərbər edəcəyik"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR