Vahid Əhmədov: "Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik"

img

26-11-2020 [17:53]


“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə bağlıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

V. Əhmədov Prezident İlham Əliyevin noyabrın 24-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncam imzaladığını xatırladıb. Fərmana əsasən, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahda Prezidentin köməkçiləri, nazirlər, dövlət qurumlarının rəhbərləri təmsil olunur. Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılacaq: “Artıq Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bu sahələrdə işləyir, müəyyən qiymətləndirmələr aparırlar. Dövlət büdcəsində də əsas 4 sahəyə biz nəzər yetirəcəyik.

Bunlardan birincisi, şəhid ailələri və qazilərin yaşayış səviyyəsinin yüksəldilməsi, onların evlə təmin olunması və müavinət məsələlərində problemlərinin olmaması ilə bağlı olacaq.

İkincisi, büdcədə işğaldan azad edilmiş ərazilərin ilk olaraq minalardan təmizlənməsi ilə bağlı məsələ əksini tapacaq.

Üçüncüsü, həmin ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi, icra orqanlarının bərpa edilməsi ilə bağlı məsələ də büdcədə nəzərə alınacaq.

Eyni zamanda, həmin ərazilərdə kənd təsərrüfatı və digər sahələrin inkişafı məsələsini biz nəzərə almalıyıq. Çünki bu ərazilər vaxtilə Azərbaycanın ümumdaxili məhsulunun 45 -47 %-ni təmin edirdi. Vaxtilə süd istehsalının 35 %-i Qarabağdan gəlirdi. Həmin torpaqlar çox münbitdir. Bu gün də orada 1 milyon hektara yaxın yararlı torpaq sahələri var. Yəni, bu ərazilər üçün kifayət qədər böyük vəsait lazımdır”.

Deputat həmçinin nəzərə çatdırıb ki, gələn ilin büdcə layihəsində hərbçilərlə bağlı məsələyə də xüsusi diqqət yetiriləcək: “Azad olunmuş ərazilərdə bizim hərbçilərimiz fəaliyyət göstərir. Onların sosial vəziyyətlərinə, yaşam şəraitlərinə də diqqət yetirmək lazımdır. Çox istərdim ki, bizim hərbçilərimiz nəqliyyatdan pulsuz istifadə etsinlər. Çünki Azərbaycanın qələbəsini hərbçilər təmin edib. Məsələlər çoxdur. Dövlət büdcəsi müzakirə ediləndə də bu məsələlərə toxunulacaq. Dövlət başçısı İlham Əliyev də hər zaman dövlət büdcəsinin müzakirəsi zamanı sosial layihələrin ön planda olmasını tövsiyə edir”.

Deputat qeyd edib ki, pandemiyaya ilə əlaqədar ziyan çəkən bir çox sahələr çox ciddi vəsait tələb edir: “İşləməyən insanlar var. Onlara bir neçə ay 190 manat vəsait verdik. Bununla əlaqədar hələ də bizə müraciətlər kifayət qədərdir. Dövlət büdcəsində bununla bağlı məsələlər də öz həllini tapacaq”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR