Türkiyə XİN başçısı: “Azərbaycana həm döyüş meydanında, həm də diplomatiya masasında tam dəstək verdik”

img

24-11-2020 [13:34]


“Təəssüflər olsun ki, bölgəmizdəki ixtilaflar durulmur. Bunun son nümunəsi bir qayda olaraq “dondurulmuş” olaraq qiymətləndirilən Dağlıq Qarabağ münaqişəsinin alovlanması oldu”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

“Hər şeydən əvvəl Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin dediyi kimi biz Azərbaycanla bir millət, iki dövlətik. Atatürkün vurğuladığı kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Cənab Prezidentimiz də Bəxtiyar Vahabzadənin o gözəl sözləri ilə “bir ananın iki oğlu, bir amalın iki qolu, o da ulu, bu da ulu, Azərbaycan-Türkiyə” deyib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də “Türkiyə ilə bizim qardaşlığımız əbədidir. Türkiyə ilə Azerbaycan arasında əlaqələr dünya ölkələri üçün nümunə olmalıdır. Biz müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq” deyib. Can Azərbaycana verdiyimiz dəstəyin arxasında, sadəcə bu münasibətimiz deyil, Azərbaycanın beynəlxalq hüquqa görə haqlı və 30 ildir torpaqları işğal altında olduğu üçün haqsızlığa məruz qalan tərəf olması dayanır. Münaqişənin əvvəlindən etibarən gərgin bir diplomatik səfərbərlik elan etdik. Təmaslarımızda bütün dünyaya Ermənistanın PKK/PYD/YPG terrorçularını Dağlıq Qarabağda yerləşdirdiyini, ermənilərin mülki əhalini qəsdən hədəf aldıqlarını göstərdik. Bu ölkənin Türkiyə əleyhinə apardığı qara propagandanı da göz önünə sərdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, ATƏT-in Minsk Qrupunun 30 ildir davam edən ətaləti qarşısında Türkiyə Azərbaycanın haqlı mübarizəsini beynəlxalq planda ləyaqətlə müdafiə etmək üçün proseslərə qoşulub: “Başda cənab Prezidentimiz olmaqla, mənim və Türkiyə XİN-in həyata keçirdiyi təmaslarda həmsöhbətlərimizə həqiqətləri söylədik. Ermənistan onsuz da münaqişənin diplomatik həll yoxdur dedi. Nəticədə Azərbaycan liderliyi və qəhrəman Ordusu ilə döyüş meydanında qazandığı qələbə ilə 30 illik status-kvonu dəyişdirməyi bacardı. Ermənistan də meydanda təslim olmaq məcburiyyətində qaldı. Son vaxtlar Azərbaycan tərəfi ilə hər səviyyədə yaxın məsləhətləşmələr apardıq. Cənab prezidentlərimizin təmaslarına əlavə olaraq mən və milli müdafiə nazirimiz dəfələrlə Bakıya getdik. Azərbaycana həm döyüş meydanında, həm də diplomatiya masasında tam dəstək verdik. Azərbaycanın qəbul edəcəyi hər nəticənin bizim qəbulumuz olduğunu söylədik”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR