İranda hərbi xidmət keçən keçmiş təhsil naziri, xalq yazısı və.... - MİRZƏ İBRAHİMOVUN HƏYATI

img

29-10-2020 [15:28]


Nurlanə ƏLİYEVA,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

***

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri MİRZƏ İBRAHİMOVUN doğum günüdür.

Yazıçı, dramaturq və ictimai xadim olan Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının və elminin zənginləşməsində müstəsna xidmətlər göstərmişdir. 

Mirzə Cəlildən sonra Arazı keçən, “o taya ana dili aparan” (Yaşar Qarayev), Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu!

Məhz Güney mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı. Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr  olunan “Vətən  yolunda” adlı qəzetinin də bünövrəsini qoydu

Mirzə İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyası müdafiə etmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur.

Müxtəlif illərdə "Sürət" və "Vətən yolunda" qəzetinin məsul redaktoru olmuş, V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq", "Cənub hekayələri" silsiləsi - "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün, "Böyük dayaq" , "Pərvanə") yanaşı, səhnə əsərləri qələmə almışdır: "Həyat", "Madrid", "Məhəbbət", "Kəndçi qızı", "Yaxşı adam" komediyaları, "Közərən ocaqlar" pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir.

Ədibin Azərbaycan  ədəbiyyatşünaslığının, ədəbiyyatının, ədəbi tənqidinin inkişafında və elmi-pedaqoji kadrların hazırlanmasında əvəzsiz rolu olmuşdur.

Qısa arayış:

Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə anası və bacısı aclıqdan öləndən sonra atası və böyük qardaşı ilə Bakıya gələn Mirzə onları da itirib, dayısının himayəsində böyüyüb. Yaşamaq üçün özgə qapılarında çalışıb, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod şagirdliyi məktəbində, Neft sənaye texnikumunda oxuyub, ali təhsil alıb. O, bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. Onun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Leninqradda aspiranturanı bitirdikdən sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Yaradıcılığı:

İlk tənqidi, publisistik məqalələrini, hekayə və oçerklərini ötən əsrin 30-cu illərində yazıb. 1932-ci ildə sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynanın Donbas şaxtalarında, Dnepropetrovsk sənaye müəssisələrində olub, "Giqantlar ölkəsi" oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra Naxçıvan MTS siyasi şöbəsində "Sürət" qəzetinin redaktoru (1933) vəzifəsinə göndərilib.

Mirzə İbrahimov söz sənəti tariximizdə özünəməxsus yeri olan yaradıcı şəxsiyyətlərdəndir. 

O, Azərbaycan ədəbiyyatını "Həyat", "Madrid", "Məhəbbət", "Kəndçi qızı", "Yaxşı adam", "Közərən ocaqlar" pyesləri, "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" romanları, "Güləbətin", "Fırtına quşu", "Xosrov Ruzbeh" povestləri, "Cənub hekayələri" silsiləsi və s. əsərləri ilə zənginləşdirib. "Böyük demokrat", "Həyat və ədəbiyyat", "Azərbaycan dili", "Xəlqilik və realizm cəbhəsindən", "Aşıq ədəbiyyatında realizm" kimi tədqiqat əsərlərinin müəllifidir. Vilyam Şekspirin "Kral Lir", "On ikinci gecə", Molyerin "Don Juan", Anton Çexovun "Üç bacı" pyeslərini, Nikolay Qavriloviç Çernışevskinin "Nə etməli" romanını və digər əsərləri Azərbaycan dilinə tərcumə edib.

Böyük Vətən müharibəsi illərində sovet ordusu sıralarında İranda olub, müşahidələr aparıb, "Vətən yolunda" qəzetinin redaktoru kimi fəaliyyət göstərib. Topladığı fakt və apardığı müşahidələr əsasında bir sıra dəyərli əsərlərini qələmə alıb. Onun tarixi mövzuda yazdığı "Pərvanə" romanı ədəbiyyatşünaslıqda xüsusilə yüksək dəyərləndirilir.

1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, dəyərli tədqiqat əsərləri ilə yanaşı, həm də Xaqani Şirvani, Səməd Vurğun, İsmayıl Şıxlı və başqa sənətkarlar barədə sanballı məqalələrin müəllifidir.

Təhsil naziri - Mirzə İbrahimov.

O, 1942-1946-cı illərdə xalq maarifi komissarı vəzifəsində çalışıb.

 "Balalarımızı başdan-başa savadlı etmədən, əsl elm və mədəniyyət yoluna çıxarmadan xalqımızın və Vətənimizin gələcəyini təmin edə bilmərik, əsrlə ayaqlaşa bilmərik: həyat və mübarizə isə tərəqqi ilə, inkişafla ayaqlaşa bilməyənləri kənara atır", - deyən xalq maarifi komissarı müşahidələrini belə ümumiləşdirib: "İşi elə qurmaq, elə bir ilham və ürəklə uşağa yaxınlaşmaq lazımdır ki, o, dərsə getmədikdə, məktəbdən ayrıldıqda darıxsın, ürəyi sıxılsın. Bunun üçün də xadimədən tutmuş mühasibə qədər bütün məktəb işçilərində və birinci növbədə, müəllimdə məhəbbətlə dolu bir ürək və heç zaman, hətta gündəlik işlərin adiliyi altında belə sönməyən bir ilham lazımdır" - Azərbaycan müəllimlərinin VI Qurultayında (26-28 avqust 1946-cı il) respublika məktəblərində təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq haqqında məruzə ilə çıxış edərkən o, belə demişdi.

Akademik Mirzə İbrahimov məruzəsində respublika məktəblərində təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq haqqında fikirlərini söyləyərək, müharibənin od və alovları içərisində xalq müəlliminin fədakar əməyinin özünü göstərdiyini vurğulamış, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi sahəsində vəziyyəti faktlarla nəzərə çatdırmışdı.

Məruzədə imtahanların yekunları, təhsilin keyfiyyəti məsələləri də təhlil olunub, müəllimlərin ixtisası, pedaqoji elmlərin tədqiqi problemləri, məktəbə rəhbərlik və məktəb müfəttişlərinin vəzifə səlahiyyətləri kimi motivlər belə nəzərdən qaçırılmayıb.

Ümumiyyıtlə, Mirzə İbrahimovun təhsil naziri olduğu dövrdə humanitar və ictimai fənlərin məzmunu səfərbərlik ruhunda, vətənpərvərlik kontekstində dəyişdirilmişdi. 

Pedaqoq alimlər etiraf edirlər ki, Mirzə İbrahimovun maarif işçiləri qarşısındakı məruzə və çıxışları, mətbuatda dərc olunmuş məqalələri öz elmi dəyərini, aydın ideya istiqamətini hər vaxt saxlayan qiymətli nümunələrdir. Maarif işindən ayrıldıqdan sonra da müntəzəm olaraq müəllim və onun əməyi, məktəb və onun müqəddəs vəzifəsi, ana dilinin tədrisi və öyrənilməsi, şəxsiyyətin mərifəti barəsində mülahizələr söyləyib, pedaqoji mətbuat səhifələrində vaxtaşırı çıxışlar edib.

Akademik Mirzə İbrahimov Azərbaycan tarixini, Azərbaycan pedaqoji dəyərlərini yaxşı bilən alim kimi klassik pedaqoji fikrin ənənələrini davam və inkişaf etdirərək, "təlim-tərbiyə insanı xeyirxah etməlidir" - hikmətli kəlamını vurğulayaraq hər kəs üçün bu işin hələ uşaqlıqdan başlanmasını zəruri sayıb. Onun qənaətinə görə, "insanın vətənpərvərlik duyğusu, ürəyində kamil vətəndaş olmaq üçün qüdrətli və ehtiraslı bir arzu və meylin oyanması" təlim və tərbiyə işi ilə, onun səviyyəsi ilə bağlıdır.

Mirzə İbrahimov Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi, ilk "Pedaqogika" dərsliyinin müəllifi Məhəmməd Tağı Sidqinin məktəbin vəzifələri haqqında dediyi fikirləri daha da inkişaf etdirərək yazır: "Şagirdin yalnız məktəb divarları arasında deyil, məktəbdən xaricdə, evdə, ailədə, küçədə, qonşuda və həyətdə də məktəbli olduğu, məktəb təlim və tərbiyəsi gördüyü bilinməlidir. Nəcib hərəkətləri, oturuşu, duruşu, sual və cavabları, aydın və təmiz danışığı, parlaq və düzgün anlayışından onun məktəbli olduğunu, yaxud məktəb təlim və tərbiyəsi gördüyünü hər kəs sezməlidir" 

O, dünya pedaqoji fikrinin görkəmli nümayəndələrinin irsini diqqətlə öyrənib, mütərəqqi nə varsa, onu müasirlik ruhu ilə Azərbaycan pedaqogikasına gətirməyə çağırıb. Mətbu çıxışlarında tez-tez antik pedaqogikaya, Henrix Pestalotsi, Konstantin Dmitriyeviç Uşinski, Həsən bəy Zərdabi, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq və Məhəmməd Hadinin əsərlərinə müraciət etməsi onun ən yaxşı pedaqoji ənənələri, fikirləri yaşatmaq və inkişaf etdirmək meyli ilə bağlıdır.

Mirzə İbrahimov həm də gözəl ailə başçısı, həyat yoldaşı, atadır.

Azərbaycan Xalq yazıçısl Mirzə İbrahimovun sevimli qızı, Əməkdar İncəsənət xadimi, professor Sevda İbrahimovaya məktubu:

"Əziz qızım Sevda!

 Səni təbrik edirik! Sən təbiətdə ən müqəddəs zümrə olan analar cərgəsinə daxil olsan da, bizim sevimli balamız Sevdasan. 

İnsan üçün ən böyük səadət sevdiyi işlə məşğul olmaqdır. Sən isə Oqtayı sevirsən (onu sevməmək olmaz), yazmağı da sevirsən, çalmağı da, müəllimliyi də. 

Müəllimlik! Yazıçılıqdan sonra mənim ən yüksək tutduğum bir sənətdir. Çalış qızım, uşaqlarla o qədər həssas ol ki, onların ürəyindəki qığılçımları alovlandıra biləsən, ondan sonra özləri irəliləyəcək. Gələcəkdə onların parladığını, xoşbəxt olduğunu gördükdə isə sən yüz qat artıq sevinəcəksən" 10.02.1966".

Mirzə ibrahimovun həyat yoldaşı Sara xanlma məktubundan:

Mənim əzizim, mənim mələyim Sara!

Mənim Saram, pak və təmiz Saram!

“Ürək bir xəzinədir, o elə bir xəzinədir ki, nə satılar, nə də satın alınar. O, ancaq havayı verilir, bağışlanır”. (Flober) 

Mənim məktublarım sənə ruhumun ehtiyacı olaraq yazılacaqdır. Ona görə də, ara-sıra sənə verdiyim sözü pozmuş olursam, incimə, vəfasızlıq zənn etmə...

Həmişə sənin Mirzən".

Mirzə İbrahimovun qızı - bəstəkar, professor, Xalq artisti Sevda İbrahimova:

   - Ana və ata... Mənim üçün bu iki söz ayrılmazdır. Çünki onlar bir-birinə ağlasığmaz dərəcədə bağlı idilər, onların məhəbbəti göylər qədər uca, təmiz və əbədi idi. Mən dünyaya göz açandan bu məhəbbətin ab-havasıyla boy atmışam, bu sözlü-musiqili məhəbbətin gözəlliyi indi də mənim daxilimdə yaşayır. Allah tərəfindən gözəl nemət kimi bəxş edilən bu məhəbbət insanın son dəqiqəsinə qədər onunla olur - həm gözəl, işıqlı günlərində, həm də qüssəli, kədərli anlarında...

Mənim ilk xatirələrim söz və musiqi sədaları ilə bağlıdır. Babam Qurban Pirimovun ilhamlı, bənzərsiz çalğısı, onun özünəməxsus zarafatları unudulmazdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş ilk azərbaycanlı pianoçu qadınlarından biri, fədakar və qayğıkeş ana, vəfalı həyat yoldaşı, ziyalı xanım - bütün bu gözəl keyfiyyətlər əziz anam Sara xanım Pirimovaya məxsus idi. Azərbaycan xalq mahnıları, Üzeyir bəyin, Baxın, Bethovenin, Şopenin musiqisinin sədaları bizim evdə həmişə səslənərdi. Və əlbəttə, bizim evdə Azərbaycan, dünya ədəbiyyatının, poeziyasının inciləri ilə tanışlıq, gözəl incəsənət əsərləri, teatr tamaşaları və konsertlər haqda şirin söhbətlər olardı...

  Bu xatirələr mənim üçün çox əziz bir insan - atam Mirzə İbrahimovla bağlıdır. Bəlkə də “xatırlayıram” sözü burada lazım deyil, çünki o, həmişə mənimlədir, onun sönməz və işıqlı məhəbbəti mənim ürəyimdədir, beynimdədir. O, gözəl insan, gözəl ata, gözəl baba idi, öz xalqını, torpağını ülvi məhəbbətlə sevərdi. Ürəyi açıq idi - bütün səmimi, təmiz qəlbli insanlara. Möhkəm iradə və incəlik, cəsarətli və mərd, çox geniş bilikli və intellektual, böyük mənəviyyat dünyası, həssaslıq - ümumiyyətlə,  insana xas olan bütün yüksək keyfiyyətləri özündə cəmləşdirirdi.

 Kiçik yaşlarından ana, ata, bacı, qardaş məhəbbətindən məhrum olmuş, həyatın ən qayğısız illərində olduqca ağır, əzab-əziyyətli, çətin yollar keçmiş atam insanları böyük məhəbbətlə sevmiş, məhrumiyyətli uşaqlıq illəri onu sərtləşdirməmiş, əksinə, ürəyi daha da yumşalmış, həssaslaşmış, incələşmişdi... Onun uşaqlarla danışmağı, onları əzizləməyi bir nağıl idi!..

Ondakı ensiklopedik bilik ağlasığmaz idi. Mirzə müəllimlə söhbət edəndə həm ədəbi, həm tarixi bilgiləri və ümumiyyətlə böyük dünyagörüşü adamı heyran edirdi. O, ömrünün lap axır günlərində də Füzulinin qəzəllərini əzbər elə ifadəli deyərdi ki!..

   Atamın Ali Sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi - Azərbaycan dilini dövlət dili elan etməsi onun həyatının ən vacib, ən yüksək nöqtəsi idi. Bu məsələ ilə əlaqədar ona nə qədər ittihamlar edildi, onu sındırmaq, əzmək istəyənlər oldu... Lakin atamın möhkəm iradəsi, dəyanəti, mərdliyi, cəsarəti və xalqına olan böyük məhəbbəti onu öz əqidəsində, prinsiplərində daha da möhkəmlətdi. Həmin ağır zamanda ona sadə, tanımadığı insanlar zəng edib öz məhəbbətlərini, dərin hörmətlərini bildirirdilər. Deyirdilər ki, “Mirzə müəllim, biz sizinləyik, biz sizin pərəstişkarlarınızıq. Yazın, yaradın. Siz xalqın oğlusunuz”.

  Burada mən onun “Böyük dayaq” romanındakı çox məşhur sitatı təkrar etmək istəyirəm: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan.

 Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayağım sən olmusan. O zaman ki qaranlıq içərimə kölgə salmağa başlayıb, tənhalıq duyğusu ürəyimi qurd kimi yeməyə başlayıb, onda sənin munis, mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs məni həyata bağlamış, yaşamağa, mübarizə etməyə, çirkabları aradan qaldırmağa ruhlandırmışdır. 

Qoluma qüvvət verən, iradəmi möhkəmlədən bu səs sənin səsindir, ey mənim hər şeydən əziz, hər şeydən gözəl, hər şeydən yüksək, hər şeydən nəcib və mərhəmətli xalqım!”.

Bu sözlər Mirzə İbrahimov şəxsiyyətini, onun mənəviyyatını çox parlaq şəkildə əks etdirir.

Həmişə deyərdi: “Qızım, otur işlə, əsl səadət - yaradıcılıqdır. Əsərin hansı səbəbdənsə indi ifa olunmasa da, nə vaxtsa çalınacaq. Ancaq o şərtlə ki, böyük həvəslə, böyük ürəklə, məsuliyyət və ciddiliklə işləyəsən”...

 Mükafatları:

Mirzə İbrahimov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975), Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri olub. Azərbaycanın xalq yazıçısı (1961), SSRİ (1950) və Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Əməkdar İncəsənət xadimi (1941), Beynəlxalq Nehru mükafatı laureatı (1979) Mirzə İbrahimov Lenin (iki dəfə), "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilib. Dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

1993-cü ildə vəfat edən görkəmli yazıçı, dramaturq, alim, ictimai və dövlət xadimi Mirzə İbrahimov Fəxri xiyabanda dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

Son söz yerinə:

Mirzə İbrahimov Azərbaycanın işıqlı gələcəyinə inanırdı. O təkcə böyük ədib deyil, həm də gözəl alim, ictimai-siyasi xadim, əsl şəxsiyyət idi. O hansı vəzifədə çalışmasından asılı olmayaraq öz intellektual səviyyəsi, yüksək mədəniyyəti, əsərlərinə hopmuş səmimiyyəti, təəssübkeşliyi, sadəliyi ilə insanların ürəyinə yol tapdı, xalq tərəfindən sevildi. 

Və ən əsası odur ki, ona olan bu sevgi, məhəbbət bu gün də yaşayır.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR