Nazirliyin adından eletron poçt istifadəçilərinə saxta məktublar göndərilir - Xəbərdarlıq

img

29-10-2020 [13:03]


Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatlarını davam etdirir. Düşmən bu dəfə də elektron poçt üzərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) adından “fişinq” xarakterli məktublar göndərir.

Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, öndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir:

"Əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir. Yalançı məktuba etibarlığı artırmaq üçün mətndə Azərbaycan Respublikasının bayrağı və gerbi, nazirliyin loqosu, ünvanı, rəsmi şəxsin adı göstərilir. Məqsəd istifadəçilərin diqqətini yayındıraraq, zərərli keçidlərə daxil olmağa vadar etməklə müvafiq məlumatları ələ keçirmək və bu yolla həmin şəxslərin istifadə etdikləri avadanlığa və şəbəkəyə yol tapmaqdır.

NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Qeyd edək ki, bir çox istifadəçilərin öz elektron poçtlarına VPN internet bağlantısından istifadə yolu ilə daxil olması həmin şəxslər və onların təmsil etdikləri qurumların şəbəkələri üçün çox ciddi təhlükə riski yaradır.

İstifadəçilərdən xahiş olunur ki, hazırkı dövrdə maksimum diqqətli olsunlar, bu kimi məlumatlara etimad edib ani hərəkət etməsinlər. Eyni zamanda keçidlərə daxil olub fərdi məlumatlarını təqdim etmədən öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Bir daha qeyd edirik ki, bu formatlı məlumatlar xüsusən “fişinq” (tilova salmaq) cəhdləridir.

Həmçinin vətəndaşlar bu kimi hallarla üzləşdiklərində, 1654 və 1655 qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR