"Araz Media" ictimai-siyasi qəzetinin və "Arazmedia.Az" internet qəzetinin baş redaktoru Fariz Quliyev prezident İlham Əliyevə müraciət edib.
Gənc yaşlarından Yeni Azərbaycan Partiyasının fəal üzvü olduğunu xatırladan Fariz Quliyev müraciətində dövlətə və prezidentə sadiq olduğunu da vurğulayaraq, 12 ildir çalışdığı media sahəsində üzləşdiyi problemlərdən söz açıb.
Bununla bağlı mia.az-a açıqlama verən baş redaktor deyib ki, himayəsində yaşlı anası və 2-ci qrup Qarabağ əlili olan qardaşı var: «Onlar da mənim himayəmdə kirayələrdə yaşayır. Lakin bu qədər çətinliklərə baxmayaraq, təəssüf ki, dövlətin mətbuata göstərdiyi bütün qayğılardan, imtiyaz və güzəştlərdən kənarda saxlanılıram. Bunun əsas səbəbkarı isə Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. Bilmirəm, o, mənimlə nəyin və ya kimin ədavətini aparır. Halbuki, fəaliyyətim dövründə həmişə dövləti, dövlətçiliyi, möhtərəm cənab prezidentimizin apardığı siyasəti yüksək səviyyədə dəstəkləmişəm. Eyni zamanda, bir YAP-çı olaraq, bu uğurlu siyasəti ən yüksək səviyyədə təbliğ etmişəm və etməkdəyəm. Bir sözlə, mən, əqidəsini dəyişənlərdən deyiləm. Amma fakt odur ki, mənimlə açıq, amma səbəbi mənə bəlli olmayan ədavət aparılır. Bunu jurnalistlərin rifahını yaxşılaşdırmaq məqsədi ilə tikilib, istifadəyə verilən binadakı mənzillərin bölüşdürülməsi prosesində daha qabarıq formada yaşadım, gördüm, açıq hiss etdim. Belə ki, Prezident Administrasiyasına təqdim olunan siyahıda Amaşov adımın qabağına "qırmızı xətt» qoyaraq ki, evlə təmin edilməyimi məqbul hesab etmədiyini bildirib. Onun bu addımını isə hər gün, hər saat həyatımda hiss etməkdəyəm. Sual edirəm, niyə mənə bu ayrıcalıq tanınır? Axı, mənim ailə vəziyyətim, mənzil şəraitim əvvəlcədən açıqlanan bütün şərtlərə uyğun gəlirdi. Niyə sonradan Mətbuat Şurası özünün açıqladığı şərtlərin mütləq əksəriyyətini çox kobud şəkildə pozmaqla yetmədi, üstəlik, mənə və ya mənim kimilərin qarşısında «çəpər» oldu?