Bir Facebook statusna yazdığım şərhdən doğan fikirləri daha geniş auditoriyanın oxumasının son illər həqiqət axtarışına çıxan, ancaq onu heç cür tapa bilməyən cəmiyyətimiz üçün faydalı ola biləcəyini düşündüm. FB dostum olan xanımın paylaşdığı status AXCP sədri Əli Kərimlinin partiya toplantısındakı çıxışından idi: "AXCP sədri Əli Kərimli: Əsas odur ki, bütün dünya bizimlə birgə Azərbaycanda seçkinin saxtalaşdırıldığını, Ilham Əliyevin qeyri-legitim olduğunu, xalqdan mandat almadığını, sadəcə, hakimiyyəti zəbt etdiyini bəyan etdi. Ilk dəfədir, nəhayət, ona nail olduq ki, hakimiyyətin puluna, əlaqələrinə baxmayaraq, demokratik dünya seçkinin saxtalaşdırıldığını bəyan etdi. Bundan sonrası Azərbaycan xalqına aid məsələdir. Bu rejimdən nə qədər tez xilas olmağımız xalqımızdan asılı məsələdir". Statusdakı fikrin ruhu nəsə məni qıcıqlandırdı və şərh yazmaqdan özümü saxlaya bilmədim. İstədim yazam ki, bunlar sizin üçün əsas ola bilər, Əli bəy, amma xalq üçün əsas deyil; xalq nisyə söhbətlərdən, belə bəyənatlardan yorulub, o sizdən ölkədəki vəziyyəti dəyişməyi gözləyir, amma siz deyirsiniz ki, sonrası Azərbaycan xalqından asılı məsələdir… Ancaq nəsə başqa cür yazdım: "Əli Kərimli qərbyönümlü və hətta bəlkə də Qərbdən asılı bir siyasətçi olaraq, əlbəttə, belə danışmalıdır. Amma mən bu nikbinliyi bölüşmürəm. Dünya Birliyi rejimi əsil demokratik seçkilər keçrməyə məcbur etməlidir və istəsə bunu edə bilər. İndiki şəraitdə dünyanın heç bir yerində xalq kənar dəstək olmadan diktatorlara qalib gələ bilməz. Azərbaycan xalqının toplu-tüfəngli, polisli-ordulu rejimə təkbaşina gücü çatmaz. Qərb bizimlə oyun oynayır: dovşana qaç, tazıya tut deyir. Saxta seçki ilə bağlı deklorativ bəyanatların heç bir əhəmiyyəti yoxdur. Böyük dövlətlər yavaş-yavaş Əliyevi təbrik etməkdədirlər. Bir ABŞ qalıb, o da bu günlərdə edəcək...” Statusu yazan xanım fikrimə etiraz etdi: "Bəli, Əli Kərimli qərb yönümlüdür, lakin nəinki qərbdən, heç kimdən, heç bir kənar qüvvədən asılı siyasətçi deyil, onun arxalandığı qüvvə Azərbaycan xalqıdır.” Ona cavab verməli oldum: "Eşq olsun! Amma bu cür bəyanatlarla İlham Əliyev əbədi olaraq hakimiyyətdə saxlayacaqsınız. Xalqın başını aldatmaq lazım deyil. Qərbin oynadığı çirkin oyunun mahiyyətini xalqa izah etmək lazımdır. Xalq onsuz da hər şeyi bilir və deyilənlərə inanmır. Bu tipli bəyənatlar müxalifətin sıralarını daha seyrəldəcək. Özünüz bilərsiz, məndən deməkdir...” Söhbətə qoşulan başqa bir xanım statusun müəllifinə qahmar çıxıb onun haqlı oıduğunu yazdığından müəllif bir qədər ürəklənib fikrini davam etdirdi: "Biz təkcə bəyanatlar vermirik, real işlə məşğuluq, ən çox repressiyaya uğrayan da bizim partiyadır, beynəlxalq təşkilatlarda korrupsiyaya uğramış qüvvələrin ifşasına çağıran, tələb edən də bizik, mətbuatı və Əli Kərimlinin çıxışlarını diqqətlə izləsəz görərsiz. Hər halda vətəndaş mövqeyinizə, laqeyd olmadığınıza və məsləhətlərinizə görə təşəkkür edirəm, Nadir bəy...” Ona təklif etdim ki, "Mənim dediklərimin doğru olmadığını isbatlamağa çalışmaqdansa, dediklərimə arqumentlərlə cavab verin, lütfən. Mən qətiyyən qərəzli deyiləm. Cəmil Həsənlinin qələbəsi üçün var gücüylə çalışan adamam. Amma Əli bəyin dediklərini doğru yanaşma hesab etmirəm. Necə yəni xalqımızdan asılı məsələdir? Xeyr, xalq gəldi səsini verdi. Bundan artıq nə edə bilər ki? Əgər Qərb həqiqətən demokratiya tərəfdarıdırsa, hakimiyyətin qarşısına xalqa zor tətbiq etməməklə bağlı sərt tələb qoya bilər. Bunun örnəkləri var. Niyə oktyabrın 20-nə elan olunan mitinq keçirilmədi? Məktub çatmamışdı? Əgər müxalifət seçkidən dərhal sonra xalqı mitinqə səsləsəydi, Qərb də hakimiyyətə ciddi xəbərdarlıq etsəydi, indi vəziyyət tamamilə başqa cür olardı. Amma artıq qatar gedib və bu cür bəyanatlar xalqı aldatmaqdan başqa bir şey deyil. Bağışlayın, ancaq mən belə düşünürəm.” Xanım dostum daha sonra partiyasını tərifləyərək oynadığı mühüm roldan danışdı, mənsə onun üzvü olduğu partiyaya qarşı heç bir qərəzimin olmadığını bildirlim. Bundan sonra AXCP üzvü olduğu güman edilən xanım bu yazıns yazmağa səbəb verən əsas məqamı dilə gətirdi: "...təkcə bizim, müxalifətin səyi yetərli deyil, xalq tamaşaçı, seyrçi yox, proseslərin iştirakçısı olmalıdır, seçkidə iştirak etmək kifayət deyil, verdikləri səslərin arxasında durmaq lazımdır. Seçkidən sonrakı etiraz mitinqində 50-70 min adam iştirak etsəydi, əlbəttə, vəziyyət başqa cür olardı. Amma biz yenə ruhdan düşmürük, deməli, daha çox işləməliyik və bunu edəcəyik də.” Bu çeynənmiş (ifadəmə görə üzr istəyirəm) fikrə cavab vermədim, amma münasibətimi az sonra açıqlayacağam. Hələliksə oxucuların diqqətini söhbətə qoşulan bir bəyin fikirlərinə yönəltmək istərdim: "Nadir mùellim, mûeyyen meqamlarda sizinle razilashmaq olar, beli, Qerbin elinde Azerbaycandaki rejime daha gûclù tezyiq etmek ûcùn kifayet qeder ricaqlar var, amma onlar ôz iqtisadi maraqlarini fil qulaginda yatmish bir xalqa gôre qurban vermek istemirler, onlar altruizmden uzaqdilar. Buna gôre onlari shiddetli qinaq hedefine cevirmek olmaz. Millet òzü òz taleyine bu derecede bigane olmaq merezinden qurtulmalidir. Seckiye gedib ses vermeyen, bununla da rejime saxtakarliq ûcùn münbit sherait yaradan yûz minlerle laqeyd insana nece haqq qazandira bilerik ? Seckide feal ishtirak etmemeyimizin gûnahkari da Qerbdirmi? Inanin, bu xalqdan asili olan cox meseleler var.” Hə, artıq eyni qəbildən olan və hazırda müxalif düşərgədə son dərəcə populyar olan bu fikrirlərə münasibət bildirmək məqamı gəldi; onların ikisinə bir cavab yazdım: "Gəlin bir məsələni bir qədər obyektiv təhlil edək. Axı xalqı fəal olmamaqda, sizin dediyiniz kimi, "fil qulağında yatmaqda" ittihama söykənən bir siyasət nə dərəcədə doğrudur? Sizə elə gəlmirmi ki, kimlərsə bundan sui-istifadə etməklə məsuliyyətdən boyun qaçırmaq, yaxasını kənara çəkmək istəyir, müəyyən qaranlıq məsələlərin işığa çıxmasını istəmirlər? Baxın, həmin qınaq hədəfinə çevirdiyimiz xalq zaman-zaman meydanlara çıxaraq etirazını bildirməyibmi? Bu ölkənin meydanları 100 minlik mitinqlərə şahidlik etməyibmi? Əvvəlcə, gəlin bunun səbəbini araşdıraq: niyə əvvəl çıxırdı, indi çıxmır? Əgər qorxursa, niyə əvvəl qorxmurdu, indi qorxur? Laqeyddirsə, yəni sizin təbirinizcə desək, fil qulağında yatıbsa, niyə əvvəllər yatmırdı, indi yatıb? Bəlkə, indi daha yaxşı yaşayır? Yaxşı yaşayırsa, niyə çıxsın? Yaxud indiki rejim daha qəddardır? Əgər səbəb rejimin qəddarlığındadırsa, ona bu dərəcədə qəddarlaşmağa kim imkan verib? Bu şəraiti ona kim yaradıb? Bunu elə həmin Qərb və onun buradakı siyasətini malalamaqla məşğul olan müxalifət etməyibmi? Və indi də günahı xalqın üstünə atır...” Suallarım cavabsız qaldı, ancaq mən mövzunu davam etdirirəm. Bir müddət əvvəl bir yazıdan oxumuşdum ki, guya o vaxt Gürcüstanda Qızılgül inqilabı baş verəndə Şevardnadzenin arvadı ona deyib ki, "xalqa atəş açsan, səndən boşanacam". O da arvadının sözündən çıxmayıb və hakimiyyəti təhvil verib inqilabçılara. Bir yazıda məsələyə bu cür yanaşmanın sosial-siyasi və hətta məişətlə bağlı biliklərin zəifliyindən doğduğunu qeyd etmişəm. İndisə həmin məsələnin siyasi yozumunu daha açıq mətnlə bildirməyi özümə borc bilirəm. Əslində siyasətlə az-çox maraqlanan hər kəs çox gözəl bilir: Şevarnadze ona görə xalqa atəş açmadı ki, Amerikadakı oğanlar ona zəng vurub, belə bir şeyin arzuolunan olmadığını söylədilər. Vəssalam... Məsələ də bununla həll olundu. Çünki Gürcüstanda neft yoxdur, Amerikaya lazım olan başqa şeylər də yoxdur. Odur ki, onlara orada demokratiya lazımdır və onu da qururlar. İstəsələr, burada da edə bilərlər və lazım olsa edəcəklər. Bunu bütün müxalifət liderləri yaxşı bilirlər, yaxın adamlarına da söyləyirlər... Arvad məsələsi isə "Bəs niyə o oğlanlar 2003-də Əliyevə zəng etmədilər?" sualını vermək istəyənlərin ağızlarının yumulmasına hesablanmış bədii materialdır, necə deyərlər, belletristikadır... Əgər müxalifətin oktyabrın 20-dəki mitiinqə çıxmağa cəsarəti çatmadısa, bu o deməkdir ki, hakimiyyət həm Qərbə, həm də müxalifətə öz diqtəsini qəbul etdirdi... Mən müxalifəti xalqı əli silahlı adamların qarşısına çıxarmamaqda qınamıram. Bu doğrudur və mən həmişə buna tərəfdar olmuşam. Mən Qərbi ikibaşlı oyun oynamaqda, müxalifəti isə onun mövqeyini malalamaqda qınayıram, çünki hakimiiyyəti zordan yalnız Qərb çəkindirə bilər. Təbii ki, istəsə...