Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokurorun müavini vəzifəsinə təyin olunub.

Mia.az Oxu.az-a istinadla Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Vidadi oğlu Məmmədov haqqında bəzi məlumatları oxuculara təqdim edir: 

Məmmədov Heydər Vidadi oğlu 1986-cı ildə Bakı şəhərində anadan olub, 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib.

2008-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı Şəhər Prokurorluğunda, Bakı Şəhəri Nəsimi, daha sonra Nizami Rayon Prokurorluqlarında müstəntiq vəzifəsində işləyib.

2012-2014-cü illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror, böyük prokuror vəzifələrində çalışıb.

2017-ci ildən H.Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsini rəisi, 2019-cu il tarixdən isə həmin Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində işləyib.

17.02.2020-ci ildən H.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, həmçinin, prokurorluqda qüsursuz xidmətə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılıb.

Ailəlidir. İki övladı var.