Şou-biznesin əcaib-qəraib məxluqları təkcə cır səsləri ilə deyil, həm də cılız hərəkətləri ilə zəhləmizi tökməklə məşğuldurlar. Buna baxmayaraq, həmin adamların çoxu öz yaşam tərzi ilə yavaş-yavaş yeniyetmə və gənclərin idealına çevrilirlər. Azərbaycanda özünü nadir qabiliyyət sahibi olan atasından çox Nadir Qafarzadəyə oxşatmaq istəyən övladlar böyüyür...
Qatıldığım televiziya proqramlarında ara-sıra müğənni Nadir Qafarzadənin ünvanına tənqidi fikirlər səsləndirirəm. Hər dəfə veriliş efirə gedəndən sonra qohum-əqrəbanın sərt təpkisi ilə üzləşirəm. Ərki çatan adamlar üzümə bozarırlar: "Nadirlə nə işin var? O, xeyirxah insandır. Həmişə kasıb-kusuba kömək edir”.
Müxtəlif telekanallarda tez-tez Nadir Qafarzadənin xeyirxah adam olması barədə süjetlər nümayiş olunur. Biz həmin süjetləri izləyəndə görürük ki, Nadir hansısa kasıb ailəyə televizor bağışlayıb. Yaxud qızını köçürməyə hazırlaşan hansısa imkansız ailə müğənniyə kömək üçün müraciət edəndən sonra o, təzə gəlinə soyuducu hədiyyə edib. Nadir Qafarzadənin köhnə paltarlarını kasıb gənclərə bağışlaması barədə də məlumatlar var. Ziya Məmmədov, Rövnəq Abdullayev, Aydın Bəşirov kimi imkanlı məmuların ağlasığmaz xəsisliyi fonunda bizim Nadir yavaş-yavaş xeyriyyəçiyə çevrilir. Əgər nə vaxtsa eşitsəm ki, valideynlər yeni doğulan övladlarına Nadirin adını veriblər, buna zərrə qədər də təəccüblənməyəcəyəm.
Deyirlər ki, Manaf Ağayev də xeyriyyəçiliklə məşğuldur. Mən, bu yaxınlarda hansısa özəl telekanalda Manafın müsahibəsini izlədim. Müğənni jurnalistlərdən xahiş edirdi ki, onun gördüyü işləri təbliğ etməsinlər. Səbəbini isə belə izah edirdi: "Hər dəfə bu cür süjetlər efirə gedəndən sonra telefonuma saysız-hesabsız zənglər gəlir. Hamı məndən kömək istəyir. Axı, mənim hamıya əl tutmaq, kömək etmək imkanım yoxdur”.
Manaf Ağayev düz deyir. İndiyə kimi ən azı yüz nəfər məndən Manaf Ağayevin telefon nömrəsini istəyib. Hamı da etiraf edir ki, müğənniləri onlara dəstək olmaq üçün axtarır. Amma hamı arzusuna çatmır. Çünki Azərbaycanda maddi köməyə ehtiyacı olan adamlar minlərlədir. Nadir Qafarzadə, Manaf Ağayev kimi ara-sıra xeyirxahlıq edib, getdiyi toyların qiymətini qaldıran müğənnilərin sayı isə iki əlin barmaqlarını ötmür.
Bir müddət əvvəl toxunduğum bu mövzuya yenidən qayıtmağım səbəbsiz deyil. Bildiyiniz kimi, prezident seçkiləri ərəfəsində müxalifət Bakıda dəyişiklik şüarı ilə bir neçə mitinq keçirtdi. Kömək üçün Nadir Qafarzadəyə, Manaf Ağayevə əl açan adamların hamısını həmin mitinqə dəvət etdim. Amma heç kim özünə əziyyət verib, ayağını evindən kənara qoymadı. Nə etmək oalr? Təəssüf ki, bəzi adamlar manısa möhtac olmağı ləyaqətli yaşamaqdan daha üstün tuturlar. Bu adamları öz taleləri ilə baş-başa buraxmaq daha doğru olmazmı?