Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının müdiri Yusif Süleymanov öz vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq pandemiya dövründə tələbələrə imtahanla bağlı yanlış məlumat vediyinə görə vəzifəsindən azad olunub. 

Universitetdən Mia.az-a verilən məlumata görə, öz vəzifə öhdəliklərini aşaraq tələbələrə imtahanların keçirilməsi ilə bağlı yalan məlumat verdiyinə və tələbələr arasında çaşqınlıq yaratdığına görə kafedranın professor-müəllim heyətinə xəbərdarlıq edilib. 

Məlumatda bildirilib ki, Xarici dillər kafedrasının müdiri vəzifəsi müvəqqəti olaraq rektorun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanovaya həvalə edilib:

"Eyni zamanda, Xarici dillər kafedrasında tədrisin təşkili vəziyyətini öyrənmək və günün tələblərinə uyğun səviyyədə qurmaq məqsədilə kafedrada ciddi metodoloji və təşkilati dəyişikliklərə ehtiyac yarandığı nəzərə alınaraq, professor-müəllim heyətinin attestasiyasının keçirilməsi qərara alınıb. Professor-müəllim heyətinin attestasiyaya hazırlığına yardım məqsədilə kənardan müvafiq dillər üzrə uyğun sertifikata malik mütəxəssislər cəlb edilməklə treninqlərin keçirilməsinə göstəriş verilib".