Mətbuat
Şurası bu gün keçirilən prezident seçkilərində media təmsilçilərinin üzləşdiyi
vəziyyətlər və digər məsələlərlə bağlı rəyini açıqlayıb.
Mia.az şuranın açıqlamasını olduğu kimi təqdim
edir:
«Mətbuat Şurasının «qaynar xətti»nə prosesi
işıqlandıran iki jurnalist - «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Cəsur Məmmədov
və BBC Azərbaycan xidmətinin əməkdaşı Naibə Abdıyevə müraciət edib. MŞ Mərkəzi
Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra hər iki anlaşılmazlıq aradan
qaldırılıb.
Ölkəmizin müxtəlif bölgələrində 9 oktyabr
prezident seçkisini izləyən Mətbuat Şurasının monitorinq qrupunun üzvləri gün
ərzində media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə hər
hansı maneçilik faktı qeydə almayıblar. Onların müşahidələrinə əsasən, yerli və
xarici KİV-lərin əməkdaşlarının prosesi işıqlandırmalarına hər cür şərait
yaradılıb.
Bundan başqa gün ərzində MŞ sədri Əflatun
Amaşov Nəsimi, qurumun sədr müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun
rəhbəri Umud Rəhimoğlu Binəqədi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvlərindən - «İki sahil»
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Milli Məclisin deputatı,
«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, Demokratik
Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, «Paralel» qəzetinin baş
redaktoru Tapdıq Abbas Beyləqan, Füzuli və Xocavənd, "Bakı xəbər”
qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Milli Məclisinin deputatı
Cavanşir Feyziyev Nəsimi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Şirvan, Hacıqabul və Salyan, MŞ-nin
icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki
məntəqlərində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi
işıqlandırmalarının vəziyyətilə tanış olublar.
Mətbuat Şurasının kütləvi informasiya
vasitələri təmsilçilərinin 9 oktyabr prezident seçkisində iştirakına dair rəyi
bundan ibarətdir ki, jurnalistlərin prosesi işıqlandırmaları ilə bağlı vəziyyət
qənaətbəxş olub. Seçki qanunvericiliyinin tələbləri gözlənilib. Peşə
fəaliyyətlərini yerinə yetirən jurnalistlərə məhdudiyyətlər yaradılmayıb. Şura
hesab edir ki, medianın fəallığı ölkədə azad və demokratik seçkinin təşkili
üçün zəruri olan informasiya mühitinin formalaşması baxımından müstəsna rol
oynayıb».