Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 165 tələbə ilə görüşüb.

Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulamış, gənclərin seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini bildirib. Təhsil naziri azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət etdiyini nəzərə çatdırıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barəsində müsbət qərar qəbul olunub.