***
RATİ-dən AzadlıqRadiosuna verilən məlumata görə, səhər saatlarında bir neçə mülki geyimli şəxs ofisə gəlib. Onlar Mehman Hüseynovla görüşmək istədiklərini bildiriblər. Mehman ofisin qarşısındakı həyətə çıxanda özlərini təqdim etmədən onu "Prado” markalı maşına mindirib aparıblar. Gələnlər RATİ əməkdaşlarına kim olduqlarını deməyiblər. Bir onu deyiblər ki, Mehman Hüseynovu Baş Polis İdarəsinə aparırlar.
RATİ əməkdaşlarının dediyinə görə, onlar Bakı Şəhər Baş Polis idarəsində olublar. Ancaq onlara Mehman Hüseynovun idarəyə gətirilmədiyini bildiriblər.
Bakı şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, onlar hər hansı məlumat verə bilməzlər: "DİN-in mətbuat xidmətinə zəng etmək lazımdır".
DİN-in mətbuat xidməti isə telefon zənglərinə cavab verməyib.