Rusiyanı keçmiş sovet respublikalarına təzyiq göstərməkdə sərt şəkildə tənqid edən Avropa Parlamen-tinin məlum qətnaməsi postsovet məkanı uğrunda diplomatik savaşı açıq müstəviyə keçirdi. Hətta bu savaşın şiddətləndiyini də ortaya qoydu.
"Şərq tərəfdaşlığı ölkələrinə Vilnüs sammiti ərəfəsində Rusiyanın təzyiqi haqqında" adlı qətnamədə təəssüflə qeyd edilir ki, Vilnüs sammiti yaxınlaşdıqca, Avropa Birliyi ilə Assosiasiya Razılaşmacı imzalamağa hazırlaşan ölkələrə Rusiyanın təzyiqi daha da artıb. Belə halları qəbuledilməz sayan Avropa Parlamenti Rusiyanı bu cür addımlardan çəkinməyə, Şərq tərəfdaşlarının azad və müstəqil seçiminə hörmətlə yanaşmağa çağırıb.
Avropa Parlamenti bu qətnaməni qəbul etməzdən bir gün öncə, sentyabrın 11-də bu qurumun iclasında çıxış edən Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Stefan Füle Moskvanı Brüssellə sıx əlaqələrə can atan ölkələri cəzalandırmaqda ittiham edib. Komissar, hətta Avropa Birliyini Assosiasiya Razılaşmasını imzalayan ölkələri müdafiə etməyə də çağırıb.
Bu çıxışdan bir gün sonra Avropa Parlamentinin Rusiyanı Avropa Birliyi ilə yaxınlaşmağa can atan ölkələrə təzyiq göstərməkdə qınayan qətnamə qəbul etməsi Brüsselin Moskva ilə sona qədər rəqabət aparacağını nümayiş etdirir. Bu isə o deməkdir ki, qarşıdakı iki ay ərzində postsovet məkanının Avropa hissə-sinə nəzarət uğrunda Moskva ilə Brüssel arasında ciddi mübarizə gedəcək. Bu mübarizədə tərəflərin bütün vasitələrə əl atacağına da şübhə ola bilməz. Moskva və Brüsselin bu günə kimi atdığı addımlar da bunu təsdiqləyir.
Cənubi Qafqazın bölünmək təhlükəsi
Ermənistanın dövlət başçısı Serj Sarkisyan Moskvanın fəal dəstəyi ilə ikinci dəfə prezident olsa da, Qərbdəki güclü erməni diasporunun təzyiqləri nəticəsində Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamağa meyilli idi. Hətta bununla bağlı tərəflər arasında aparılan danışıqların yekunlaşma üzrə ol-ması haqqında məlumatlar da səslənirdi. Qərbdə bəziləri sadəlöhvcəsinə Ermənistanın bu razılaşmanı imzalayacağına inanırdı. Lakin Rusiyanın Ermənistan üzərində hansı təsir imkanlarına malik olduğunu dərk edənlər İrəvanın Moskvanın yanında yer alacağına şübhə etmirdi.
Bir çox ekspertlər Rusiyanın Azərbaycana irihəcmli silah satmasını və Putinin Bakıya qəfil səfərini Moskvanın İrəvanı tamamilə ram etmək siyasətindən irəli gələn addım sayırlar. Doğrudan da, Rusiyanın Azər-baycana irihəcmli silah satması haqqında məlumat və Putinin Bakıya qəfil səfəri gözlənilən effekti verdi. Rusiyanın bu addımları Ermənistanda siyasi panika yaratdı və Serj Sarkisyan təcili olaraq Moskvaya səfər edib, ölkəsinin Avrasiya Birliyinə və Gömrük İttifaqına daxil olmağa razılaşdığını bəyan etdi. S.Sarkisyanın bu addımı Brüsselin dərhal İrəvanla Assosiasiya Razılaşması ətrafında danışıqları dayandırmasına səbəb oldu. Doğrudur, İrəvanda belə bəyanatlar səslənir ki, Ermənistan Avrasiya Birliyinə daxil olmaq niyyətində olsa da, Assosiasiya Razılaşmasını da imzalamağa hazırdır. Amma Brüssel belə halın mümkün ol-madığını bildirir və İrəvanın artıq öz seçimini etdiyinə işarə vurur.
Ermənistan Rusiyanın yanında yer almağa qərar verdikdən sonra diqqətlər Gürcüstanın yeni hökuməti-nin hansı addımı atacağına yönəlmişdi. Bir çox ekspertlər Gürcüstanın yeni hökumətini formalaşdıran "Gürcü arzusu" blokunu Moskvanın layihəsi hesab etdiyindən rəsmi Tbilisinin də İrəvanın yolu ilə gedə-cəyini düşünürdü. Lakin Mixail Saakaşvilinin doqquz illik hakimiyyəti ərzində Gürcüstanla Qərb arasında münasibətlər dərinləşdiyindən, bunun nəticələri ilə hər bir iqtidar hesablaşmağa məcburdur. Digər tə-rəfdən, faktiki olaraq Rusiya, işğal etdiyi Cənubi Osetiya və Abxaziyanı geri verə biləcəyinə dair kiçik bir işarə vurmayıb, əksinə, Gürcüstanın bu separatçı bölgələrinə dəstəyini artırması Bidzina İvanaşvilini də Saakaşvilinin yolu ilə getməyə məcbur etdi. Belə görünür ki, Gürcüstan noyabrda Litvanın paytaxtı Vil-nüsdə keçiriləcək Avropa Birliyinin sammitində Assosiasiya Razılaşmasını imzalayacaq. Rəsmi Tbilisini bu addımı atmaqdan ancaq Rusiyanın Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın nəzarətinə verməsi saxlaya bilər ki, Moskanın da belə bir addımı atması inandırıcı deyil. Əksinə, indi Rusiyanın Cənubi Qafqazı parçalamağa meyil etdiyi aydın görünür. Belə qənaət hasil olur ki, Rusiya Cənubi Qafqazı tam nəzarətə götürə bilməyəcəyini dərk edir və onu bütöv şəkildə Qərbə vermək istəmir. Buna görə də, Moskvanın Cənubi Qafqazı iki yerə bölmək niyyəti aydın görünür və proseslərin belə sonqluqla yekunlaşma ehtimalı yüksəkdir.
Qərblə Rusiya arasında Cənubi Qafqaza nəzarət uğrunda savaşın qızışdığı və həlledici mərhələyə qədəm qoyduğu bir zamanda Ermənistanla Gürcüstan öz mövqeyini müəyyənləşdirsə də, Azərbaycanın mövqeyi məlum deyil. Ən azından Azərbaycanın adı Vilnüs sammitində Assosiasiya Razılaşmasını imza-lamağa namizəd ölkələr sırasında çəkilmir. Digər tərəfdən, rəsmi Bakının Avrasiya Birliyinə və Gömrük İttifaqına qoşulmaq niyyətində olmasını da iddia etmək mümkünsüzdür. Əksinə, Azərbaycan hakimiy-yəti birbaşa olmasa da, dolaysı yolla Avrasiya Birliyini keçmiş SSRİ-ni bərpa etmək cəhdi kimi qiymətlən-dirir və bu birliyə qoşulmaq niyyətində olmadığına işarə edir. Lakin iqtisadi tellərlə bağlı olmasına baxmayaraq, rəsmi Bakı Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını da imzalamağa meyil göstərmir. Ekspertlər isə bunu siyasi və hüququ islahatlar başlanacağı təqdirdə, rəsmi Bakının hakimiyyəti itirmək qorxusu ilə izah edirlər. İddialara görə, rəsmi Bakı məhz bu səbəbdən Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaq istəmir. Ancaq Cənubi Qafqaz Rusiya ilə Avropa Birliyi arasında iki yerə bölünərsə, rəsmi Bakı hökmən seçim etmək məcburiyyətində qalacaq. Əgər, Avropa Birliyinin Vilnüs sammitində Gürcüstan, Moldova və Ukrayna Assosiasiya Razılaşmasını imzalasa, Qərb Ermənistan, Azərbaycan və Belarusa təzyiqləri artıracaq. Ermənistan və Belarusun Moskvanın himayəsinə sığındığını və Putinin Avrasiya Birliyini 2015-ci ilin əvvəlinə kimi yaratmaqda israrlı olmasını nəzərə alsaq, Azərbaycan Qərblə Rusiya arasında nüfuz savaşının ortasında qala bilər. Bu zaman isə Azərbaycana hər iki tərəfdən zərbə almaq təhlükəsi yaranır. Buna görə də, rəsmi Bakının manevr üçün çox az vaxtı qalıb.
Qərb israrlı görünür
Ukraynanı Rusiyanın caynağından çıxarmaq şansı yüksək olan Qərb, artıq bu məsələdə rəsmi Moskva-nın nazı ilə oynamaq istəmir. Ukrayna uğrunda Rusiya ilə diplomatik yolla mübarizə aparan Qərb öz istə-yinə çatmaq üçün rəsmi Kiyevə qarşı ənənənvi "kökə və zopa" siyasətindən də yararlanır. Belə ki, Avro-pa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalayacağı təqdirdə Ukraynaya 30 milyard dollar vəd edilib. Bu iddia ilə Rusiya prezidentinin Avrasiya Birliyi və Gömrük İttifaqı məsələləri üzrə müşaviri Sergey Qlazyev çıxış edib. Bu iddianın həqiqətə nə dərəcədə uyğun olduğunu söyləmək mümkün olmasa da, Assosiasi-ya Razılaşmasını imzalayan ölkələrin Qərbin maliyyə resurslarına çıxış əldə edəcəyinə də şübhə yeri yoxdur.
İqtisadiyyatını inkişaf etdirmək, modernləşmə həyata keçirmək üçün hər bir ölkənin sərmayayə və mü-asir texnologiyaya ehtiyacı var. Sərmayəni başqa yerlərdən tapmaq imkanı olsa da, yeni texnologiyaları Qərbdən başqa heç yerdən əldə etmək mümkün deyil. Bu texnologiyalar olmadan isə rəqabətə da-vamlı məhsul istehsal etmək və effektli iqtisadiyyat qurmaq mümkünsüzdür. Bunu "Sovet şineli"ni birdəfəlik çıxarmağa və Qərb standartlarına çatmağı hədəfləyən bütün ölkələr gözəl anlayırlar. Qərb də bu istiqamətdə addım atan ölkələrə dəstək vəd edir.
Postsovet respublikalarının dikbaş hakimiyyətlərini ram etmək üçün Qərb yalnız "kökə" siyasətindən deyil, həm də "zopa" siyasətindən istifadə edir. Yəni, "kökə" vədi işə yaramadıqda, "zopa" siyasəti işə düşə bilər. Qərb çirkli pulların yuyulması ilə bağlı addımlar atacağına işarə edir və bununla postsovet məkanının dikbaş liderlərini təhdid altında saxlamağa çalışır.
Məlum olduğu kimi, həmin liderlərin hakimiyyətdə olduqları müddətdə mənimsədikləri külli miqdarda vəsait əsasən Qərbdə yerləşdirilib və indi həmin vəsaitlər təhlükə altındadır. Əgər postsovet məkanının dikbaş liderləri Qərbin "kökə" təklifinə müvafiq reaksiyanı verməsələr, o zaman çirkli pulların yuyulması ilə bağlı tədbirlər işə düşəcək. Artıq Qərb bunun siqnalını da verib.
Belə ki, Ќyu-Yorkun Manhettin dairəsinin prokuroru Sayrus Vens məhkəməyə tələbnamə göndərərək "Hermitage Capital" Şirkətinin auditoru mərhum Sergey Maqnitskinin vergidən yayınmalarını ifşa etdiyi şirkətlərin daşınmaz əmlakları üzərinə həbs qoymağı və müsadirəni xahiş edib. Prokuror Sayrus Vensin bu addımının postsovet məkanının dikbaş liderlərinə siqnal olduğuna isə kimsə şübhə ilə yanaşmır. Hət-ta tezliklə bu prosesə İnterpol da qoşula bilər. Belə görünür ki, Qərb possovet məkanı uğrunda ikinci sa-vaşın da qalibi olmaqda israrlıdır və buna nail olmaq üçün geniş imkanları var.
Avropa Birliyinin Vilnüs sammitində Şərq tərəfdaşlığı proqramına daxil etdiyi altı postsovet respublika-sından üçü - Ukrayna, Moldova və Gürcüstan Assosiasiya Razılaşmasını imzalasa, digər üç respublika - Belarus, Ermənistan və Azərbaycan Qərbin "zopa" siyasətinin hədəfinə çevriləcək. Rusiyanın himayəsinə sığınan Ermənistan və Belarus Qərbin "zopa" siyasətindən müəyyən qədər xilas ola bilsələr də, Azərbaycan bu siyasətin güclü təsirini öz üzərində hiss edəcək.