Hüsnü Mübarəkin 23 illik diktaturasına son qoyan Misir inqilabı İslam dünyasında demokratik proseslərin başlayacağına kövrək ümidlər yaratmışdı. Tunis, Liviya və Misirdə ilk dəfə olaraq azad, demokratik parlament və prezident seçkilərinin keçirilməsi İslam dünyasında demokratik proseslərin başlayacağı ilə bağlı kövrək ümidləri daha da gücləndirmişdi. Ancaq həmin dövrdə belə fikirlər də səslənirdi ki, bu pro-ses İsrailin maraqlarına zidd olduğundan, rəsmi Təl-əviv İslam dünyasında başlanmış demokratikləşmə prosesinin qarşısını almağa çalışacaq.
Şimali Afrika və Yaxın Şərqdə böyük xalq hərəkatlarının baş verdiyi günlərdə ABŞ-da bir çox nüfuzlu siyasətçilər və ekspertlər bu prosesin əleyhinə çıxış edirdilər. Bu prosesə dəstək verdiyinə görə, prezident Barak Obamanı ittiham edənlər, onu ABŞ-ın və İsrailin maraqlarını qurban verməkdə də günahlan-dırırdılar. Təbii ki, bu kampaniya tədricən öz təsirini göstərməyə başladı və bunun nəticəsi olaraq, Misir tarixində ilk dəfə xalq tərəfindən seçilmiş prezident Məhəmməd Mursi ordunun fəal müdaxiləsi ilə ha-kimiyyətdən devrildi. Bu hadisənin arxasında ABŞ və İsrailin dayanması ilə bağlı ciddi ittihamlar səslən-məyə başladı. Bu fikirlərin əsassız olmadığını söyləməyə imkan verən nüanslar isə az deyil. Məsələn, ABŞ-ın Misirə ayırdığı 1,5 milyard dollarlıq yardımın 90 faizi bu ölkənin ordusuna verilir. Ordunun xalq tərəfindən seçilmiş qanuni prezidenti güc tətbiq etməklə devirməsinə baxmayaraq, Vaşinqton Misir or-dusuna yardımını dayandırmadı. Halbuki ABŞ qanunvericiliyi hakimiyyət dəyişikliyində iştirak edən ordulara yardım edilməsini qadağan edir. Vaşinqtonun bu yardımı devrilmiş prezident Məhəmməd Mur-sinin tərəfdarlarına Misir ordusu tərəfindən divan tutulanda da kəsilmədi. ABŞ-ın Misir ordusunu qanlı qətliamlardan çəkindirmək üçün heç bir addım atmaması, tərəfləri təmkinə çağıran "növbətçi" bəya-natlar verməklə işini bitmiş hesab etməsi, bu prosesin Vaşinqtonun razılığı və hətta ola bilsin ki, sifarişi ilə reallaşdığını iddia etməyə əsas verir.
Azərbaycanda bir çoxları belə düşünür ki, Misir tarixində ilk dəfə xalq tərəfindən seçilmiş prezident Məhəmməd Mursi islamçı qüvvələrin təmsilçisi olduğu üçün, ABŞ onun hakimiyyətdən devrilməsində maraqlı olub. Doğrudur, Məhəmməd Mursi islamçı "Müsəlman qardaşları" təşkilatının siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasını təmsil edirdi. Bu partiya Misirdə həm parlament, həm də prezident seçkilərində qalib gəlsə də, hökuməti təkbaşına formalaşdırmamışdı. Mursinin hökumətində bir neçə siyasi qüvvənin təmsilçiləri var idi. Məhəmməd Mursinin əleyhinə etirazlar başlayanda isə prezident əleyhdarlarına koalision hökumət qurmağı təklif etmişdi.
Bundan başqa, M.Mursi əleyhdarlarının digər təkliflərini də müzakirə etməyə və dövlət başçısı postun-da qalıb-qalmaması ilə bağlı referendum keçirməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, ordu qanuni prezidenti qorumadı və güc tətbiq edərək onu devirdi. Xalq tərəfindən seçilmiş prezidenti güc tətbiq etməklə devirən ordu bu addımını Misirdə qan tökülməsinin qarşısını almaq istəyi ilə ört-basdır etməyə çalışsa da, hadisədən dərhal sonra baş verənlər bunun əksini göstərdi. Misir ordusu bir neçə gün ərzində əsl qanlı qətliamlara əl ataraq, devrilmiş prezidentin tərəfdarlarına divan tutmaqdan çəkin-mədi. Bu isə Məhəmməd Mursini Misirdə qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətdən uşaq-laşdırmağa məcbur qalmaları haqqında Müdafiə nazirinin bəyanatının saxtalığını sübut etdi.
ABŞ-ın bu prosesdəki mənfi rolunu təsdiqləyən başqa bir amil isə ondan ibarətdir ki, Misir ordusunun mötədil islamçı qüvvə olan "Müsəlman qardaşları"nı hakimiyyətdən devirməsinə baxmayaraq, radikal islamçı təriqət kimi tanınan Sələfilərin hakimiyyətdə təmsilçiliyinə çox dözümlü yanaşdı.
Digər maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Misirdə hakimiyyət dəyişikliyindən sonra ABŞ-ın Yaxın Şərqdəki vassalları hesab olunan Səudiyyə Ərəbistanı və Qətər yeni hökumətə 15 milyard dollarlıq yardım etmək qərarı verdilər. Bu qərarın Vaşinqtonun sifarişi ilə həyata keçirildiyi haqqında da iddia-lar var. Bununla ABŞ-ın yeni hakimiyyətin mövqelərini gücləndirməyə çalışdığı açıq hiss olunur.
Oxşar proseslər Suriyada da baş verir. ABŞ-ın və onun Yaxın Şərqdəki vassallarının yardımları da Suriya-dakı mötədil qüvvələrə deyil, radikal güclərə yönəldilir. Bunun nəticəsidir ki, artıq Suriya müxalifəti ilə bağlı beynəlxalq aləmdəki həmrəylik tamamilə azalıb. Belə görünür ki, ABŞ İslam dünyasında iki qüvvənin - diktatorların və radikal islamçıların mövcudluğunda maraqlıdır. ABŞ-da rəsmi Vaşinqtonun bu siya-sətinə etirazlar olsa da, onların səsi hələlik eşidilmir. Vaşinqtonun bu siyasətinə etiraz bildirənlər isə be-lə hesab edirlər ki, bu proses İsrailin taktiki maraqlarına uyğun olsa da, ABŞ-ın strateji maraqlarına zid-dir. Bu fikirdə olanlar belə hesab edirlər ki, proses İsrailin təhlükəsizliyi ilə bağlı hazırkı narahatlıqları aradan qaldırsa da, yaxın gələcəkdə İslam dünyasında anti-Qərb əhval-ruhiyyəsi daha da güclənəcək. Misir və Suriyada baş verənlər İsrailin mövqelərini gücləndirməklə yanaşı, Türkiyənin mövqelərini zəiflədə-cək.
Məlum olduğu kimi, Türkiyə Məhəmməd Mursi hökumətini açıq şəkildə dəstəkləyirdi və bu ölkəyə iri həcmli sərmayələr qoymağa başlamışdı. Ankaraya rəğbətini açıq nümayiş etdirən "Müsəlman qardaşları"na bağlı qüvvələrin Mərakeş, Tunis və Misirdə hakimiyyətə gəlməsi, bir neçə ölkədə də oxşar proses-lərin başvermə ehtimalının yüksək olması Türkiyənin regiondakı rolunun həddindən artıq güclənməsinə gətirib çıxaracaqdı.
Türkiyənin rəqibsiz lideri olan Baş nazir Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərq ölkələrində Sonuncu Osmanlı Sultanı adlandırılması, bu ölkələrin Ankaranın liderliyi ilə bir ittifaqda birləşmə ehtimalı İsraili və onun müdafiəçilərini bərk narahat edirdi. Buna görə də İsrail və onun bir saylı müttəfiqi olan ABŞ prose-si durdurmaq qərarı verdilər.
Suriyada Ankaraya bağlı olan Azad Suriya Ordusunun mövqelərinin zəiflədilməsi, bunun əksinə olaraq, radikal islamçı qrupların gücləndirilməsi və ən nəhayət, Misirdə Məhəmməd Mursinin hakimiyyətdən devrilməsi, Tunisdə siyasi gərginliyin artırılması Ankaranın regiondakı mövqelərini əsaslı şəkildə zəiflətdi. Bu prosesin Türkiyənin əleyhinə yönəldildiyini bilən Ankara Misirdəki hakimiyyət çevrilişini kəskin pislədi və sərt diplomatik addıma əl ataraq, bu ölkədəki səfirini məsləhətləşmələr üçün geri çağırdı. Lakin Ankaranın bütün cəhdlərinə baxmayaraq, Türkiyənin bu prosesin qarşısını almağa gücü çatmayacaq. Xüsusilə də, ABŞ və İsrailin Türkiyənin özündə də proseslərə təsir etmək gücü olduğundan, Ankaranın tezliklə geri çəkilmək məcburiyyətində qalacağını söyləmək olar. Bu prosesin sonunda isə Türkiyənin Yaxın Şərqdəki mövqeyi zəifləyəcək və İsrail bu bölgənin əsas söz sahibi olaraq qalacaq. Proseslərin so-nunda Türkiyədə hakimiyyət dəyişikliyinin baş verəcəyi istisna edilə bilməz.
Proseslərin belə inkişafı isə bütövlükdə İslam dünyasına mənsub ölkələrdə demokratik prosesləri zəiflədəcək, əvəzində isə diktatura rejimlərini gücləndirəcək. ABŞ-dakı bəzi təhlilçilər də belə hesab edirlər ki, Misirdə və Suriyada baş verənlərdən sonra müsəlmanların seçkiyə inamı qalmayacaq. Bu fikirdə böyük həqiqət var. Demokratik prosesə, seçkiyə inamın itdiyi yerdə isə İslam ölkələrini ya diktatura, ya da radikal siyasi islamçıların quracağı totalitar rejimlər gözləyir. Hələlik rəsmi Vaşinqtonun hadisələrin bu cür inkişaf edəcəyinin əleyhinə olmadığı, əksinə, bunda maraqlı olduğu görünür. ABŞ bununla həmin ölkələrin maddi sərvətlərini istismar etmək üçün daha da sərfəli imkan qazanır.
Şimali Afrikada və Yaxın Şərqdə demokratikləşmə prosesinə dəstək verdiyinə görə son zamanlara kimi prezident Barak Obamanı sərt tənqid edən Henri Kissincer və onun həmfikirləri özlərini artıq qalib hesab edə bilərlər.
Qərbin İslam ölkələrindəki demokratikləşməyə münasibətin dəyişməsinin Azərbaycanda siyasi proses-lərin inkişafına ciddi təsir edəcəyini söyləmək olmaz. Çünki Azərbaycan həmin coğrafiyaya aid edilmir. Azərbaycanda siyasi proseslər postsovet məkanında baş verəcək proseslərin tərkib hissəsi olacaq. An-caq Qərbin bu bölgədə də demokratik proseslərdə çox ciddi marağının olmadığı aydın görünür. Bunu ABŞ rəsmiləri də gizlətmir, təhlükəsizlik və iqtisadi maraqların daha önəmli olması haqqında açıqlamaları da açıq göstərir.
Bir müddət əvvəl prezident Barak Obamanı dünyanın demokratikləşməsinə xəyalpərvərcəsinə inanmaqda və bununla ABŞ-ın maraqlarını təhlükə altında qoymaqda təqsirləndirən Henri Kissincer Vaşinq-tonun xarici siyasətinin əsas vəzifəsinin ölkənin maraqlarını təmin etmək olduğunu yazırdı. ABŞ-ın ən nüfuzlu siyasi xadimlərindən biri olan Kissincer həmin yazısında üstörtülü şəkildə diktatura rejimlərinin ABŞ-ın maraqlarına daha uyğun olduğuna da işarə edirdi. Misirdə xalqın seçdiyi qanuni prezidentin hər-biçilər tərəfindən devrilməsindən sonra belə qənaətə gəlmək olar ki, Vaşinqtonun xarici siyasəti artıq bu istiqaməti əsas götürüb və bundan sonra İslam ölkələrində diktatura rejimlərinə ABŞ-ın dəstəyi arta-caq.