Azərbaycanda qorxaqlığı, mütiliyi təbliğ edən xeyli atalar sözü var. Mən hələ də başa düşə bilmi-rəm ki, atalarımız hansı ağılla bizə palaza bürünüb elənən sürünməyi məsləhət görüblər. Görəsən, "El üçün ağlayan göz kor olar", "Ağrımayan başına yaş dəsmal bağlama" kimi atalar sözləri hansı "müdrikin" ağlının məhsuludur? Yaxud "Elnən gələn qara gün toy-bayramdır" deyiminin ifadə et-diyi məna ilə necə razılaşmaq olar? Maraqlısı odur ki, bu cür atalar sözləri xalq arasında daha çox populyardır. Çünki insanlar öz qorxaqlıqlarına haqq qazandırmaq üçün tez-tez bu cür sitatlar gətir-məyi xoşlayırlar.
Yaltaqlıq qorxaqlıqdan yaranır. İnsan qarşısındakı adamdan qorxduğu üçün ona yaltaqlanır. Qorxu insan üçün xarakterik olan hissdir. Amma cəsur insan içindəki qorxu hissini boğmağı bacarır. Bunu bacarmayanlar isə ona-buna yaltaqlanıb, kölə ömrü sürürlər. Əgər fikir vermisinizsə, bəzi adamlar hətta ən aşağı rütbəli polis əməkdaşına da "rəis" deyə müraciət edirlər. Bu, bariz yaltaqlıq nümunəsidir. Adam var ki, yolu azanda hansısa polis əməkdaşına yaxınlaşıb söz soruşmağa qor-xur. Bu cür adamları görəndə, öz-özümə deyirəm: "Yəqin uşaq olanda dərsi bilmədiyi üçün atası onu küncdə saxlayıb".
Ötən həftə dostlarla birlikdə Qəbələyə gedirdik. İsmayıllı rayonunun ərazisində sürücü sürəti təx-minən iki dəfə azaltdı. Çünki qarşıdakı maşınlar da çox aşağı sürətlə hərəkət edirdilər. Yolun kə-narında yüksək sürət həddini göstərən tablonun üzərində 90 yazılmışdı. Təəccüblə sağa-sola boylandığımızı görəndə, sürücümüz belə dedi: "Yəqin qarşıda yol polisləri olduğu üçün heç kim onları ötüb keçmək istəmir".
Bizim önümüzdəki maşının ən azı 70-80 min dollar qiyməti vardı. Qarışqa sürəti ilə hərəkət edən digər avtomobillər də bahalı idi. Heç şübhəsiz ki, istirahət günü rayonlara üz tutan bu adamların arasında imkanlı şəxslər, bəlkə də tanınmış elm xadimləri də vardı. Amma üst-üstə iki səhifə kitab oxumayan bir çavuş hamını öz iradəsinə tabe etmişdi. Yaxşı oxumadıqları, yaxud nadinc olduqla-rı üçün uşaq vaxtı ataları tərəfindən küncdə saxlanılan bu adamlar bir əhlikef polis çavuşunu keç-məyə cəsarət etmirdilər...
Bu mənzərə qarşısında dəhşətli dərəcədə sarsıldığım üçün arxaya çevrilib, dostlarıma belə dedim: "Lütfən, nəyisə bəhanə edib, övladlarınızı küncdə saxlamayın. Bu ölkəyə kölə yox, şəxsiyyət la-zımdır!"
Elə bilirəm ki, bu sözlər ərkim çatan bütün valideynlərə aiddir...