Həqiqətən də Azərbaycanda hakimiyyətin qayğısını, diqqətini sıravi vətəndaşlar öz üzərlərində lazımi səviyyədə hiss etmirlər. Nə yazıq ki, yaşadığımız ölkədə Allahın bizə bəxş elədiyi sərvətlər əhali arasında ədalətli bölüşdürülmür. Əgər bu bölgünü hökumət aparırsa, deməli, payı oğurlanan, yaxud haqqı olaola payını ala bilməyənlər onun ətəyindən yapışmalıdır. Məsələ ondadır ki, onun ətəyindən yapışıb haq-qını istəyənlər çox azdır.
Bir neçə gün öncə diqqətimi bir xəbər çəkdi. Deməli, son 10 ildə Azərbaycan Respublikası qarşısında xü-susi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü institutu formalaşıb. Bu 10 ildə şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.
Dövlət və millət qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə kimlərinsə qiymətləndirilməsi müsbət ənənədir. Şəhid ailələrinə, sağlamlığını vətən uğrunda itirmiş qazilərimizə, ölkəmizin adını mədəni millətlər sırasına çaxaran sənət adamlarına, elm xadimlərinə, hətta idmançılara qayğı göstərmək, pul ayırmaq təqdirəlayiqdir. Hökumətin bu siyasətinə "əla" düşür. Amma...
Çox təəssüf ki, Azərbaycanda hər bir yaxşı işin arxasında bir "amma" gizlənir. Ölkədə inkişaf var, amma 30-40 il işləyib qocalan vətəndaşa yalnız pendir-çörəyə çatacaq qədər pensiya verilir. Paytaxtımız 21-ci əsrin dəbdəbəli quruculuq dövrünü yaşayır, amma kəndlərimizdə başıpapaqlı adam tapmaq olmur, hamısı çörəkpulu üçün başqa ölkəyə üz tutur. Milyonlarla neft pulları ölkəyə axır, amma müəllim, alim, həkim və digər intellekt sahibləri ələbaxımlığa öyrəşməyə məhkum olub.
Nə yazıq ki, dövlət qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması si-yasətində də böyük bir "amma" var. Nazirliyin açıqladığı artım tempindəki ayrı-seçkiliyə nəzər yetirmək kifayətdir. Deməli, son 10 ildə şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60 faiz, mü-haribə əlillərinə verilən təqaüd 10 faiz, amma Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği 5 dəfə artıb.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Prezidentin fərdi təqaüdləri yüz yerdən qazanc əldə edən incəsənət və digər sahələrdə çalışanlara verilir. Son 10 ildə onların təqaüdləri beş dəfə artırılıb, amma şəhid ailələrinə, qazilərə düşən pay yarım dəfə də artırılmayıb. Azərbaycanda ən yüksək fərqlənmə dərəcəsi "Azərbaycanın Milli Qəhrəmanı" hesab edilir. Amma hansısa bir müğənniyə min manat, Milli Qəhrəman ailəsinə onun yarısı qədər təqaüd verilir. Bəyəm, canını, sağlamlığını bu torpaq uğrunda fəda etmiş insanların dövlət qarşısındakı xidmətləri hansısa yazıçıdan, müğənnidən, tarzəndən, kaman ustasından, neftçidən azdırmı? Əsla!
Haqq elə bir şeydir ki, onu vermirlər, sökə-sökə də olsa, özün almalısan. Odur ki, haqqımıza sahib çıxaq!