700 bal toplayan Tovuz rayon Bozalqanlı kənd orta məktəbinin məzunu Nərminə Murğuzovanın deputat Qənirə Paşayevaya təşəkkür etməsi birmənalı qarşılanmadı. Bu jestinə görə gənc qızı qınayanlar oldu. Adını unutduğum bir internet istifadəçisi sosial şəbəkələrdə belə yazmışdı: "Ќərminə, sənin əvəzinə Qənirə Paşayeva imtahan verib?"
Qənirə Paşayevaya qahmar çıxmaq istəyən başqa bir internet istifadəçisi isə iddia edirdi ki, Bozalqanlı kənd orta məktəbi xanım millət vəkilinin təşəbbüsü ilə inşa olunub. Amma müzakirələr zamanı o da məlum oldu ki, Tovuzun Bozalqanlı kəndində üçmərtəbəli məktəb təxminən 40 il əvvəl tikilib. Qənirə Paşayevanın təşəbbüsü ilə Tovuz rayonunun Cəlilli və digər kəndlərində müasir tələblərə cavab verən yeni məktəb binalarının inşa edilməsindən heç kimin xəbəri olmadığı üçün bu faktı yada salan tapılmadı...
Nərminə Murğuzova millət vəkili Qənirə Paşayevaya niyə təşəkkür etdi? Yaxud sualı belə də qoya bilərik: Nərminənin uğur qazanmasında Qənirə Paşayevanın hansı rolu var? Qənirə Paşayevanın bədxahlarından fərqli olaraq, bu sualın cavabı mənə tam aydındır. Nərminə birinci sinfə gedəndə Qənirə xanım Azərbaycanın ən populyar telejurnalistlərindən biri idi. Heç şübhəsiz ki, o, hər dəfə efirə çıxanda valideynləri Qənirə Paşayevanı Nərminəyə nümunə göstəriblər. Mən əminəm ki, Nərminəni təhsilə həvəs-ləndirmək istəyən valideynləri ona ən azı yüz dəfə bu sözləri deyiblər: "Yaxşı oxusan, böyüyəndə səni də televiziyada göstərəcklər".
Bu, jurnalist təxəyyülünün məhsulu deyil. Nərminə Murğuzova bir neçə gün öncə "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə belə deyib: "Uşaqlığımdan bəri televizora baxdığım zaman millət vəkili Qənirə Paşayevaya bənzəmək istəyirdim. Düşünürdüm ki, o, öz zəhməti, savadı hesabına bu qədər məşhurlaşıbsa və qabağa çıxa bilibsə, mən də bunu bacara bilərəm".
Nərminə 4-cü sinifdə oxuyanda Qənirə Paşayeva deputat seçilib. Azərbaycanın ən fəal millət vəkillərindən biri olan Qənirə xanım deputat seçildiyi rayonun bütün kəndlərində, o cümlədən Nərminənin yaşadığı Bozalqanlı kəndində tez-tez olduğu üçün gənc qızımız onu yaxından görmək imkanı qazanıb. Nərminə Qənirə Paşayevanın imkansızlara necə dəstək olduğunu, insanların hüzründə kədərlənib, xeyir işlərdə hamı ilə bərabər sevindiyini öz gözlərilə görüb. İllər keçdikcə Qənirə Paşayeva digər gənc qızlar kimi Nərminənin də idealına çevrilib. Nərminə başa düşüb ki, insanlara kömək etmək, hamının sevimlisinə çevrilmək üçün Qənirə Paşayeva kimi öndə olmaq lazımdır. Cəmiyyətdə üstün mövqe qazanmaq üçün isə yaxşı oxumaq lazımdır. Bax, budur Nərminənin uğur qazanmasında Qənirə Paşayevanın rolu!
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gənc qızların əksəriyyəti özlərini tanınmış türk aktrisası Türkan Şoraya bənzədirdilər. Sonra dünya gözəli Məltəm Haqqarar onların idealına çevrildi. Amma neçə illərdi ki, qızlarımız Qənirə Paşayevaya oxşamağa çalışırlar. İndi elə bir gənc qız tapmaq olmaz ki, onun qəlbinin dərinliyində deputat olmaq arzusu baş qaldırmasın. Əlbəttə, hamının deputat olması mümkün deyil. Amma hamı xeyirxah insan ola bilər. Qənirə Paşayeva kimi...